Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1096/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin qanuni təmsilçisi Murat Doğanın iştirakı ilə, iddiaçı Soytop Ademin Cavabdeh1 MMC-yə qarşı mənfəətin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 21.05.2021ci il tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Soytop Adem Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq Soytop Ademin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə Cavabdeh2 əsl Cavabdeh1 MMC ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı ilə iddiaçı Soytop Ademin Cavabdeh1 MMC-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat tələbinə dair iş üzrə iddiaçı Soytop Ademin Cavabdeh1 MMC-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulmasına dair tələbi ayrıca icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Cumhuriyyətinin vətəndaşı iddiaçı Soytop Adem, Cavabdeh2 və qeyriləri ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 11 iyun 2020-ci il tarixdə qeydiyyata alınan "Nuşət” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. "xxxx" MMC təsis olunmamışdan əvvəl iddiaçı bir neçə dəfə Azərbaycan Respublikasına turist kimi və işləmək məqsədi ilə gəlmişdir. Sonuncu dəfə Cavabdeh2 və X1 tərəfindən Bakı şəhərinə dəvət olunmuşdur. İddiaçı az bir müddət "X3" şəbəkəsinə daxil olan "xxxx" Firmasında fəaliyyət göstərmişdir. Qarşılıqlı razılaşmaya əsasən iddiaçı, cavabdeh və digər iki Türkiyə Respublikasının vətəndaşı ilə birlikdə Cavabdeh1 MMC-ni təsis etmişlər. Cəmiyyət, 11 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 ünvanında "xxxx" restoranını işlətmişlər. Birgə təsis olunmuş "Nuşət” MMC-nin Nizamnaməsinin 2.2-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1. Cavabdeh2, -52 manat, 52 pay, 52 % pul şəklində, 2.Soytop Adem, -16 manat, 16 pay, 16 % pul şəklində, 3. Soytop Qanber, -16 manat, 16 pay, 16 % pul şəklində, 4. Doğan Murat, -16 manat, 16 pay, 16 % pul şəklində. Həmin Nizamnamənin 2.5-ci maddəsinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Razılaşma əsasında cavabdeh iddiaçı Soytop Ademə aylıq 3000 manat məbləğində əmək haqqı və təsisçi kimi nizamnamə kapitalına uyğun gəlirin 16%-i miqdarında pul verilməliydi. İddiaçı, Fərhad və Fariz Mustafayevlərin vədlərinə inanaraq Bakı şəhərinə gəlmiş, Bakı şəhərində yaşaması və işləməsi ilə bağlı ötən müddət ərzində 5.000 ABŞ dollarından artıq pul xərcləsə də, Cavabdeh2 tərəfindən restoran işlək vəziyyətə gətirildikdən sonra işindən uzaqlaşdırılmış və iddiaçıya verilməli olan əmək haqqı və gəlir verilməmişdir. Avqust və sentyabr aylarında orta hesabla restorandan 170.000 manat gəlir əldə edilmişdir. Digər aylarda isə 80.000 - 100.000 manat qazanc əldə edilirdi. İddiaçı Adem Soytop iş yerində direktor vəzifəsində olsa da, faktiki olaraq rəhbərliyi cavabdeh Fariz Mustafayev həyata keçirmişdir. 2020-ci ilin noyabr ayında cavabdeh iddiaçıya hər hansısa bir xəbərdarlıq etmədən onu işindən azad etdiyini və restorana buraxmamışdır. Qarşılıqlı razılaşmaya əsasən Adəm Soytop mütəxəssis kimi cavabdeh tərəfindən Azərbaycan Respublikasına dəvət olunub, restoranın yenidən qurulması, fəaliyyətinin təşkil edilməsi ona tapşırılmışdır, işçi heyəti iddiaçı tərəfindən seçilmişdir. Restoran gəlirlə işlədiyi bir vaxtda işə buraxılmamışdır. Müqavilənin 1-ci bəndinə əsasən iaşə obyektinin ("xxxx" restoranı) işlədilməsi müqabilində "İcraçı"ya (restoran müdirinə və baş aşbaza) təmiz mənfəətin 25 % xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ayın 10-u həyata keçirilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən xidmət müqaviləsi ilə əlaqədar Türkiyədən gələn qarsonların qalmaları, Türkiyəyə gediş-gəlişləri üçün təyyarə biletləri "Sifarişçi" tərəfindən ödəniləcəkdir. Gediş barədə bir ay əvvəlcədən xəbərdarlıq edilməlidir. Qeyd olunanlara baxmayaraq Fariz Mustafayev vəkil sorğusuna cavab olaraq göndərdiyi məktubda Adəm Soytopla əmək müqaviləsi bağlamadığını bildirmişdir Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında cavabdehin qanuni təmsilçisi qismində iştirak etmiş Murat Doğan iddia tələbini qəbul etmədiyini bildirsə də, iddia tələbinə dair heç bir əsaslı münasibət bildirə bilməmişdir. Bundan başqa, Murad Doğan izahatında təsisçilərin ümumi yığıncağının keçirilməsi qaydasını, keçirilmə vaxtını, Adəm Soytopun şirkətin direktor vəzifəsindən uşaqlaşdırılması ilə bağlı məlumat verə bilməyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz və mülahizələrda isə təsisçilərin ümumi yığıncağının 06 noyabr 2020-ci il tarixli qərarı əsasında Soytop Adəm direktor vəzifəsindən kənarlaşdırılmışdır. Əmək qanunvericiyinə uyğun olaraq ona çatan son haqq-hesab ödənilməklə yola salınmışdır. Direktor funksiyasını yerinə yetirən Soytop Adəmin fəaliyyətində böyük ümidlər olmuşdur. O vəzifəsini icra edən zaman işçilər və o cümlədən təsisçilərlə yola getməmiş və nəticədə ümumi yığıncağın qərarı ilə direktor vəzifəsindən kənarlaşdırılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1, 91.3, 91.3.3-cü maddələrini əsas gətirərək qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Xalis mənfəətin iştirakçıları arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda iddiaçının mənfəətin ödənilməsi tələbinə dair iddiasının məhkəmə tərəfindən təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı haqlıdır. Belə ki, iddiaçının iştirakı ilə "xxxx" MMC-nin təsis edilməsi, "xxxx"-in 2020-ci ilin iyun ayından fəaliyyətə başlaması, iddiaçının 2020-ci ilin noyabr ayında işindən azad edərək restorana buraxmaması, ümumi yığıncağın keçirilməməsi, iddiaçının qanunsuzluqlarla bağlı polis orqanlarına və X4 müraciətlər etməsi işin mübahisələdirilməyən hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətlicəmiyyət sayılır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsi haqqında sənədin hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin 221.1.1-ci sətrində əcnəbi işçilər üzrə qrafasında heç nə qeyd etməmişdir. Aydın şəkildə görünür ki, cavabdeh vergidən yayınmaq üçün əsl məlumatları gizlətmiş, formal bəyannamə tərtib etmişdir. Təqdim olunan hesabat dövrünün gəlirləri bəyannaməsində yalnız gəlir və gəlirdən çıxılmış xərclər göstərilmişdir ki, bu da özlüyündə həqiqəti əks etdirmir. Belə ki, restoranın yerləşdiyi yer, xidmətlər və müştəri dairəsi bizə əsas verir ki, deyək göstərilən gəlirin bir günlük gəlirə barabər olduğu qənaətinə gəlinsin. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2020-ci ilin vergi dövrü üzrə verilmiş həmin hesabatdan müəyyən etmək olur ki, ümumi gəlirlər 22.300 manat olaraq göstərilsə də, əmək haqqı və ona bərabər tutulan ödəmələr olaraq 18.099.56 manat göstərilmişdir. Digər xərclərin göstərilməməsi onu deməyə əsas verir ki, hesabat düzgün tərtib olunmayıb ya da ki, təqdim olunmuş hesabata sonradan düzəliş edilmişdir. Cavabdehin bir ilə yaxın fəaliyyət göstərilməsinə baxmayaraq 22.300 manat dövriyyə göstərməsi heç bir halda inandırıcı ola bilməz. Cavabdeh gəliri azaldıb, xərcləri gəlirə mütənasibləşdirərək dövlət büdcəsinə ödəmələrdən yayınmışdır İşə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, nümayəndənin iclasda iştirak etməməsinin üzürlü səbəbdən baş verdiyi barədə sübutlar olmadığından vəsatət təmin edilməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin qanuni təmsilçisi Murat Doğan məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X2 Reyestrindən 19.11.2020-ci il tarixli çıxarışdan və hüquqi şəxsin nizamnaməsindən görünür ki, iddiaçı Soytop Adem Cavabdeh1 MMC-nin təsisçilərindən biridir və 16 % paya malikdir. X1 (sifarişçi) ilə Adem Soytop (icraçı) arasında bağlanmış “Restoran xidmətlərinin göstərilməsi haqqında müqaviləyə dair ilkin anlaşma”nın surətindən görünür ki, sifarişçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 km. ünvanında yerləşən iaşə obyektində restoran xidmətlərinin göstərilməsini sifariş verir, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada restoran xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin anlaşmanın 1-ci bəndinə əsasən iaşə obyektinin (Cavabdeh1 restoranı) işlədilməsi müqabilində icraçıya təmiz mənfəətin 25% xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ayın 10-da həyata keçirilir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. Cavabdeh1 MMC-nin ümumi təsisçi yığıncağının 06 noyabr 2020-ci il tarixli, 2 saylı qərarından görünür ki, Soytop Adem 06 noyabr 2020-ci il tarixdən Cavabdeh1 MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Murat Doğan 06 noyabr 2020-ci il tarixdən Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” 24.11.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Soytop Ademle Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə 06.11.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdeh1 MMC-nin ümumi yığıncağın 27 aprel 2021-ci il tarixli iclas protokolundan görünür ki, Cavabdeh1 MMC-nin fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırılması, işçilərin əmək hüquqlarının qanunvericiliyə müvafiq təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Cavabdeh1 MMC-nin nizamnaməsinin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağının qərarı ilə bölüşdürülür. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edildiyindən məhkəmə yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi qərara alınmış mənfəətin iştirakçıya ödənilməsi barədə iddianı təmin edə bilər. Hazırkı halda xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığından iddiaçı A.Soytopun mənfəətdəki payın ödənilməsi tələbinə dair iddiası təmin edilə bilməz. İddiaçının maddi zərər tələbi ilə bağlı işdə sübutlar olmadığından, mənəvi zərərlə bağlı hissədə iddia əsaslandırılmadığından məhkəmə iddianı həmin hissələrdə də rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Soytop Ademin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli e-2-2(113)-1428/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1096/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1096/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver