Məhkəmə qərarları › İş №2-2(103)-1097/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1097/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1097/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3260/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3260/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh Ukrayna Məhsulları” MMC-dən 1134,72 manat məbləğində əsas borc, 65,28 manat cərimə cəmi 1200 manat, həmçinin 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3260/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-nin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində müəyyən olunmuş qaydada vermədiyinə, həmçinin apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3260/2023 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti elektron qaydada göndərilmişdir. Lakin Nərimanov rayon icra şöbəsindən məktub gəldikdən sonra müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixində cəmiyyət tərəfindən göndərilmiş elektron apellyasiya şikayəti natamam imzalanmış statusu kimi sistemə oturmuşdur, yəni sistemdə xəta baş vermişdir. Məcburiyyət qarşısında qalaraq yenidən apellyasiya şikayəti verməli olmuşlar. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3260/2023 nömrəli qərardadı ilə buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd olunmuşdur ki, sistemdə xəta baş vermişdir. Ona görə də, cəmiyyət tərəfindən göndərilmiş elektron apellyasiya şikayəti natamam imzalanmış statusu kimi sistemə oturmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin natamam imzalanmış statusu kimi sistemə oturmasının səbəbinin məhz sistemdə baş vermiş xəta ilə bağlı olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki Mülki Prosessual Məcəllənin 360-cı maddəsi apellyasiya şikayətinin heç bir nöqsan olmadan, prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə verilməsi müddətini nəzərdə tutur. Həmin Məcəllənin 363.4-cü maddəsi isə nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnu müəyyən etmişdir. Lakin həmin maddə birmənalı olaraq apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması əsası kimi qiymətləndirilə bilməz. Çünki həmin maddədə göstərilən “ümumi qayda” apellyasiya şikayətinə aid bütün tələblərə, o cümlədən şikayət vermə müddətinə də aiddir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3260/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar