Məhkəmə qərarları › İş №2-2(103)-1098/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1098/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1098/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə2xan oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-4471/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən “satıcı” “alıcı”ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

3. Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5159,72 manat əsas borc, 1031,94 manat dəbbə pulunun və ödənilmiş 82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alqısatqısına dair xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, iddiaçı satıcı, cavabdeh alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra cavabdeh müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və malların təhvilqəbul aktlarından aydın olur ki, xx.xx.2025-ci il tarixində satıcı tərəfindən 5159,72 manat (ƏDV daxil) məbləğində mallar cavabdehə satılmışdır. Lakin sözügedən malların müqabilində ödənilməli olan məbləğ cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında cavabdeh iddiaçıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyəri 5159,72 manat, həmin məbləğin 20%-i 1031,94 manat təşkil edir və bu məbləğ dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 5159,72 + 1031,94 = 6191,66 manat tələb məbləği yaranmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində 002036 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki məktuba cavab alınmışdır. xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bu günədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 567-ci və s. maddələrinə istinad olunmuşdur.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və etirazının əsası olaraq göstərmişdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixdə 4545/23M nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh 5159,72 manat dəyərində iddiaçıdan yanğın boru xətləri almışdır. Cavabdehin hesablarında vergi orqanları tərəfindən qanunsuz qoyulmuş sərəncamlara görə sonuncu iddiaçıya ödənilməli olan müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi qismən yerinə yetirə bilməmişlər. Bu səbəbdən iddiaçı ilə aralarında şifahi danışıqlar olmuş, öhdəliyin yerinə yetrilməsi üçün müddətin uzadılmasını xahiş etmiş, bu barədə tərəflər arasında şifahi razılaşma əldə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsinin 1-ci hissəsində alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab-faktura təqdim olunduqdan sonra 100% öncədən Azərbaycan valyutası ilə nəzərdə tutulmuş, son ödəmə müddətinin hansı tarixdə sona çatması dəqiq tarixlə nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə heç bir yazılı və şifahi etirazını bildirməmiş və borcun ödənilməsi ilə bağlı son tarix göstərməmişdir.

8. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4, 450.3-cü və s. maddələrinə istinad olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 5159,72 manat əsas borc, 250 manat cərimə məbləği olmaqla ümumilikdə 5409,72 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 250 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. İddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 597.1, 600.1, 600.4 və s. maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materallarından göründüyü kimi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 18 avqust 2023-cü il tarixdə malların alqısatqısına dair №4545/23M nömrəli müqavilə bağlanmışdır. Alqı-satqı zamanı müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş Azərbaycan valyutası manat ilə əvvəlcədən ödənilməli idi. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən ödəniş əvvəlcədən ödənilməmiş və alıcının real vəziyyəti nəzərə alınaraq ona möhlət verilmişdir. Bakı Kommersiya Məhkəməsinə iddiaya etiraz ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı 5.159.72 AZN əsas borc, 1.031,94 AZN məbləğində dəbbə pulu, 82 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə verilməsi tələbinə dair iddia ərizəsi rədd edilməsini xahiş etmişdir. Lakin iddiaya etirazda qeyd edilən sübutlar araşdırılmamış və qərəzli olaraq təmin edilməmişdir. Eyni zamanda məhkəmə iclası tarixi barədə məlumatı olsa da məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsi və məhkəmə iclasının başqa tarixə keçrilməsini xahiş etmişdir. Hesab edir ki, qətnamə qismən ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar:

15. Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4471/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.

16. İddiaçı nümayəndəsi Nümayəndə2xan oğlu apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

19. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 4545/23M nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə qiymət razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə malları satmağı, cavabdeh isə həmin malları qəbul edərək razılaşdırılmış məbləğdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli təhvil-qəbul aktlarına əsasən mallar cavabdehə təhvil verilmiş, həmin malların təhvil-təslimi ilə bağlı 155,7836 manat və 5003,9434 manat dəyərində xx.xx.2025-ci il tarixli, MT2501 11264506 seriya və nömrəli və xx.xx.2025-ci il tarixli, MT2501 11264509 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

25. İddiaçı xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli alqı-satqı müqaviləsi üzrə 5159,72 manat məbləğində pulun tutulmasını tələb etmişdir.

26. Cavabdeh isə iddiaya etiraz etmiş və etirazının əsası olaraq göstərmişdir ki, 5159,72 manat dəyərində mal alınmış, hesablarında sərəncam olduğundan öhdəliklərini qismən icra edə bilməmiş, iddiaçı ilə razılaşmaya əsasən öhdəliyin icrası müddəti uzadılmış, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir yazılı və şifahi etiraz bildirilməmiş, müqavilədə son ödəmə müddətinin hansı tarixdə sona çatması nəzərdə tutulmamışdır.

27. Hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 600.4-cü maddələri təşkil edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdehnə müqavilə üzrə razılaşdırılmış malları təqdim etməsi faktı iş materiallarına əlavə edilmiş elektron qaimələr və təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq, tərəflər arasında mal mübadiləsi elektron qaimələr üzrə həyata keçirildiyindən, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edib, malları elektron qaimələrlə cavabdehə təhvil versə də, cavabdeh qəbul etdiyi malların dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini icra etməmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ödənişin əvvəlcədən ödənilməməsi və alıcının real vəziyyəti nəzərə alınaraq ona möhlət verilməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh öhdəliyin icrasına möhlət verilməsinə dair isə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etmiş, həmin məktub cavabdehin AVİS-də olan elektron kabinetinə yerləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində malın dəyərinin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, 5.4cü bənddə tərəflərin aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik üzləşmə aktı tərtib edəcəklərinin razılaşdırıldığı görünür. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçı pretenziya məktubunda cavabdehdən ödənişin 10 iş günü müddətində edilməsini tələb etmiş, cavabdeh isə həmin müddətdə öhdəliyini icra etməmişdir.

30. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə 5159,72 manat mal verilməsi faktının işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində heç bir ödəniş etməməsini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 5159,72 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmçinin iddia ərizəsində 1031,94 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, 4545/23M malların alqısatqısı müqaviləsinin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1% miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 250 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də məhkəmə düzgün qənaətə gəlmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın qiyməti (o cümlədən onun mübahisələndirilən hissəsi) on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4471/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar