Məhkəmə qərarları › İş №2-2(103)-1099/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1099/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1099/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ("xxxx" QSC BOKT və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması və lizinq obyektinin alınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-77/2022 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən “X11” QSC (hazırkı İddiaçı ASC) ilə lizinq alan “İnter Textile" ASC arasında 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 saylı X9 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli, spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələri sap yönləndirən rolikləri və iynələri 36 ay müddətinə lizinq alana lizinqə vermişdir.

2. Lizinq müqaviləsinin təminatı kimi “X11” QSC ilə Cavabdeh1 arasında 17 iyul 2014-cü il tarixli 627 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 lizinq alan “İnter Textile" ASC-nin lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

3. Lizinq verən “X11” QSC ilə lizinq alan “İnter Textile" ASC arasında 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X9” müqaviləsinə 02 mart 2015-ci il tarixli 2 nömrəli əlavə bağlanmış və əlavəyə əsasən lizinq müqaviləsinin müddəti 25 fevral 2018ci il tarixinədək uzadılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X10” müqaviləsi üzrə yaranmış 410000 ABŞ dolları əsas borc, 177821,58 ABŞ dolları faiz borcu, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4646 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 592467,58 ABŞ dolları pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 ASC-dən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi və 2 ədəd HP2/52C modelli, spesifikasiya 5gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədəd HP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən müqavilə üzrə ödəliklərini tam icra etsə də, cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, pretenziya məktubu göndərilsə də nəticəsi olmamışdır. Cavabdeh2 ASC-nin pretenziya göndərilmiş tarixədək 6xx/xx/2014 saylı “X9” Müqaviləsi üzrə əsas borc 410000 ABŞ dolları, faiz borcu 177821,58 ABŞ dolları, sığorta haqqı üzrə borcu 4646 ABŞ dolları təşkil edir.

6. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X9” Müqaviləsinin 1.4-cü bəndinə görə lizinq müqaviləsinin müddəti 36 ay təşkil edir və müddəti 2017-ci il tarixdə başa çatır. Daxili lizinq müqaviləsinə 2 №-li əlavəyə əsasən lizinq verən “X11” QSC və lizinq alan Cavabdeh2 ASC arasında razılaşmaya görə lizinq müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixə qədər uzadılmışdır. Halbuki, Cavabdeh1 zamin qismində həmin əlavəyə razılığı olmamış və zamin qismində lizinq verənlə zamin arasında və ya həmin əlavənin özündə onun razılığının ifadəsinə yer ayrılmamışdır. Bu səbəbdən, zaminlik müqaviləsi üzrə tələb etmə hüququ zaminə münasibətdə lizinq verən üçün ötürülmüş hesab olunmalıdır.

7. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi də iddiaya etiraz edir və bildirir ki, "xxxx" ASC-yə məxsus bütün əmlaklar, o cümlədən iş üzrə mübahisə predmeti olan toxuculuq maşınları "xxxx" QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyasına təhvil verilib və hal-hazırda sonuncunun balansındadır.

8. “Aqrarkredit" QSC BOKT və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

9. Üçüncü şəxs "xxxx" BOKT QSC-nin nümayəndəsi bildirir ki, Cavabdeh2 ASC-dən borcun ödənilməsini tələb etmək hüququ 41 saylı akt üzrə "xxxx" QSC BOKT-a ötürülmüşdür. Bundan sonra borcun ödənilməsi ilə bağlı Cavabdeh2 ASC-yə qarşı iddia qaldırılmış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)- 1607/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 86252284,49 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 ASC-yə məxsus torpaq sahəsinə, müəssisəyə və müəssisəyə aid cavabdehə məxsus daşınar əmlaklara yönəldilməsi qət edilmişdir. Qətnamənin icra mərhələsində sorğular göndərilmiş, Cavabdeh2 ASC-yə məxsus əmlakların siyahısı müəyyən edilmişdir. Daha sonra əmlaklar "xxxx" ASC-yə ötürülmüşdür. Qurğuların adı dəqiq göstərilməsə də bütün əmlaklar Cavabdeh2 ASC-yə məxsus olmuşdur. Qurğular "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Əmlakların siyahısında avadanlıqların adı qeyd edilməyib və bu siyahı ümumi siyahıdır.

10. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi bildirir ki, "xxxx" ASC-nin balansına yalnız Cavabdeh2 ASC-nin mülkiyyətində olan əmlaklar keçirilmiş, İddiaçı QSCyə məxsus avadanlıqlar aşkar edilməmişdir. İddia ərizəsi üzrə tələb olunan əmlaklar "xxxx" ASC-nin balansında aşkar olunmamışdır. İnvertarizasiya aktında da İddiaçı QSC-yə məxsus avadanlıqlar qeyd olunmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-77/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 nömrəli “X9” Müqaviləsi üzrə yaranmış əsas borc 410000 ABŞ dolları, lizinq mükafatı üzrə 110034 ABŞ dolları olmaqla ümumilikdə 520034 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaitinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 132 manat məbləğində hissəsinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən, 18 manat məbləğində hissəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində ləğv edərək, cavabdehlərdən lizinq mükafatı (faiz) borcunun tam tutulması, sığorta haqqı olan 4.646 ABŞ dollarının tutulması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış 2 ədəd HP2/52C modelli, spesifikasiya 5 gg, 6 ədəd HP2/52C modelli, spesifikasiya 7 gg, 8 ədəd HP2/52C modelli spesifikasiya 12 gg, 4 ədədHP2/52C modelli, spesifikasiya 14 gg olan düz örgü maşınları və toxuculuq maşınları üçün yardımçı ehtiyat hissələrinin (sap yönləndirən rolikləri və iynələri) tam işlək vəziyyətdə cavabdehlərdən geri alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehdən 177.821,58 ABŞ dolları lizinq mükafatı (faiz) tutmaq əvəzinə lizinq mükafatı üzrə 110.034 ABŞ dolları müəyyən etmiş, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4.646 ABŞ dolları vəsait tutulmalı olduğu halda isə həmin hissədə iddianı təmin etməmişdir. Halbuki əsas borcun tutulması barədə qətnamə qəbul edildikdə, lizinq mükafatı (faiz) borcu və sığorta haqqı üzrə yaranmış borc da cavabdehdən tutulmalıdır. Ekspert rəyindəki hesablamalar cədvəl üzrə ödəniləcək tarixə uyğun hesablansa da, gecikmə tarixi və ümumiyyətlə ödəniş edilməməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin bir tərəfdən qanunvericiliyin tələbinə istinad edən məhkəmə müqavilə əsasında məsuliyyəti lizinq alanın daşıdığını, lizinq obyektinə olan məsuliyyətin lizinq alanda olduğunu vurğulayır, digər tərəfdən isə lizinq avadanlıqlarının tamam kənar şəxslər tərəfindən lizinq alanın iştirakı ilə alınıb istifadə edilməsinə heç bir hüquqi qiymət vermir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etmədiyini bildirdi.

16. Cavabdehlər və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

18. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.5-cı maddəsinə əsasən lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır.

24. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

25. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh2 ASC tərəfindən müqavilə üzrə heç bir ödəniş olunmayıb və bu işin mübahisələndirilməyən halıdır.

26. Bununla yanaşı kollegiya hesab edir ki, hazırki apellyasiya baxışının həddində həmin iddia təmin edilə bilməz.

27. Belə ki, borcun məbləğinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 iyul 2021-ci il tarixli, 9/2149 №-li ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 17 iyul 2014-cü il tarixli 6xx/xx/2014 nömrəli daxili lizinq müqaviləsi və ona əlavə edilmiş 02 mart 2015-ci il tarixli 02 nömrəli əlavə üzrə Cavabdeh2 ASC-nin lizinq müqaviləsinin müddətinin bitdiyi 25 fevral 2018-ci il tarixə iddiaçıya əsas borc üzrə 410000 ABŞ dolları, lizinq şirkətinin gəliri üzrə (faiz borcu) 110034 ABŞ dolları müəyyən olunur.

28. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq lizinq mükafatı üzrə borcun məbləğini ekspert rəyinə uyğun olaraq 110034 ABŞ dolları məbləğində müəyyən etmişdir.

29. Həmin məbləğin düzgün hesablanmaması barədə iddiaçının dəlilləri isə əsassızdır.

30. Belə ki, əvvəla həmin dəlillər əsaslandırılmamışdır. Bundan əlavə ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. Bundan başqa, kollegiya qeyd edir ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıb-aparılmamasından asılı deyil. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla). Hazırki işdə də müqavilə üzrə cəmi ödənilməli olan lizinq mükafatı 110034 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

32. Həmçinin kollegiya hesab edir ki, sığorta haqqı əvəzi olaraq ödənilmiş 4646 ABŞ dolları pulun tutulması hissəsində də iddia əsassızdır.

33. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 748-11.1 və 748-11.1.5cı maddələri təşkil edir.

34. Həmin maddələrin tələblərinə görə lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

35. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində də qeyd olunmuşdur ki, lizinqalan lizinq obyektinin icbari sığortasını öz vəsaiti hesabına həyata keçirməlidir. Lizinqalan bu maddənin şərtlərinə uyğun olaraq lizinq obyektini sığortalamadıqda və ya sığortalamaqdan imtina etdikdə və ya sığorta ödənişlərini gecikdirdikdə və ya bu maddədə göstərilən sığorta şərtlərini pozmaqla lizinq obyektini sığortaladıqda lizinq verən öz hesabına lizinq obyektini itirilmə (məhv olma) və ya zədələnmə risklərindən sığortalamaq hüququna malikdir. Belə olan halda lizinqverən bu müqavilənin müddəti üçün benefisiar və sığorta olunmuş qismində (özününü seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) lizinq obyektini sığorta edir. Bu zaman lizinqverən həyata keçirdiyi bütün sığorta ödənişlərinin əvəzini lizinqalandan heç bir məhudiyyətsiz tələb etmək hüququna malikdir.

36. Göründüyü kimi müqavilə şərtinə əsasən lizinqverən yalnız həyata keçirdiyi sığorta ödənişlərinin əvəzini tələb edə bilər.

37. Lakin iddiaçı lizinq obyektinin onun tərəfindən sığortalanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

38. Həmçinin kollegiya hesab edir ki, lizinq obyektlərinin geri qaytarılması hissəsində də iddia təmin edilə bilməz.

39. Belə ki, lizinq verənin həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin geri qaytarılmasını tələb etməsi əsassızdır.

40. Çünki, Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrindən də göründüyü kimi lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yalnız lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində mümkündür və lizinq verənə həm də lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranır.

41. Lakin hazırkı işdə lizinq verən həmin hüququndan istifadə etməmiş, hazırda isə lizinq verən həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin geri qaytarılmasını tələb edir..

42. Halbuki, tərəflər arasından bağlanmış lizinq müqaviləsinin 1.6-cı bəndinə görə lizinqalan yalnız bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququ lizinqalana keçir.

43. Həmin müqavilənin 3.4-cü bəndində isə göstərilmişdir ki, lizinqalan tərəfindən lizinq haqları borcları lizinq obyektinin qalıq dəyəri, yaranmış gecikmə faizi, sığorta borcları tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinqalana keçir.

44. Hazırki qətnamə ilə də müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinqalandan tutulması qət edilmişdir.

45. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblər rədd edilməlidir. Əks yanaşma lizinq verənin əsassız varlanmasına səbəb ola bilər. Çünki belə olan halda lizinq verən həm bütün lizinq ödənişlərini əldə edir, həm də lizinq obyekti onun mülkiyyətində qalmış olur.

46. Eyni zamanda, kollegiya hesab edir ki, zaminə aid hissədə də iddia təmin edilə bilməz.

47. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

48. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

49. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur.

50. Belə ki, lizinq verən “X11” QSC ilə lizinq alan “İnter Textile" ASC arasında 17 iyul 2014-cü il tarixli, 6xx/xx/2014 saylı “X9” müqaviləsinə 02 mart 2015-ci il tarixli 2 nömrəli əlavə bağlanılan vaxt zamin Cavabdeh1 razılığı alınmamışdır.

51. Eyni zamanda 02 mart 2015-ci il tarixli 2 nömrəli əlavənin bağlanması ilə lizinq müqaviləsinin müddəti 25 fevral 2018-ci il tarixinədək uzadılmışdır.

52. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən Cavabdeh1 qarşı irəli sürülmüş tələblər rədd olunmalıdır.

53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-77/2022 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar