Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1533/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 169-k-2019 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə Cavabdeh MMC-yə ödənilmiş 1646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də hazırki iş üzrə ödənilmiş 30 manat məbləğində pulun “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1533/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 169-K-2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı Cavabdeh MMC bu müqavilə, eləcə də müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş, 18% əlavə dəyər vergisi də daxil olmaqla ümumi qiyməti 1646,10 euro məbləğində müəyyənləşdirilən proqram məhsullarını alıcı - “xxxx” MMC-nin mülkiyyətinə verməyi, alıcı - “xxxx” MMC də öz növbəsində həmin proqram məhsullarının dəyərinin ödənilməsini hesab təqdim edilən gündən 5 bank günü ərzində hesabda göstərilmiş məbləği satıcı - Cavabdeh MMC-nin bank hesabına ödəmək və müqavilənin 2.9-cu bəndinə əsasən satıcı bu müqavilənin imzalandığı, yəni xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində sifariş olunmuş proqram məhsullarını alıcı - “xxxx” MMC-yə çatdırma öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin ümumi dəyəri kimi müəyyənləşdirilən 1646,10 EURO, 18% əlavə dəyər vergisi də daxil olmaqla xx xxxxxxx 2019-cu il tarixində iddiaçı tərəfindən cavabdeh təşkilatın bank hesabına ödənilmişdir. İddiaçı bildirir ki, müqavilənin 2-9-cu bəndinə əsasən satıcı bu müqavilənin imzalandığı, yəni xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində sifariş olunmuş proqram məhsullarını “xxxx” MMC-yə çatdırmağı öhdəsinə götürsə də, bu öhdəliyini vaxtında icra etməmiş, sözügedən bəndin tələbinə uyğun olaraq öhdəliyini icra etməsini təsdiq edən proqram məhsullarının təhvil-təslimini müvafiq sənədlərlə (elektron qaimə-faktura) rəsmiləşdirməsini də təmin etməmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli HF-120/19 saylı məktubla aralarında bağlanmış müqaviləyə, həmin müqavilənin 2.9-cu bəndinin pozulması əsası ilə xitam verdiklərini bildirməklə, qeyd olunan müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh ödənilmiş pul vəsaitinin geri qaytarılmasını təmin etmədiyindən təkrarən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-yə müraciət olunaraq ödənilmiş vəsaitin geri qaytarılması bir daha xahiş olunmuşdur. Lakin bu xahişlərinin də icrası təmin olunmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, proqram təminatının aktivləşdirilməsi üçün nəzərdə tutulan lisenziyanın GFİ Software şirkətindən sifariş etmişlər və buna görə pul ödənilmiş, lakin onlardan asılı olmayan səbəblərdən sözügedən lisenziyanın təxminən 10 gün gecikməklə, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının proqram təminatında aktivləşdirilmiş, bu haqda sonuncu məlumatlandırılmış və müqavilə şərtlərinə görə gecikdirilən günlərlə bağlı cərimənin tətbiqi ilə məsələnin müzakirəsi təklif edilmiş, lakin iddiaçı qəti olaraq pulun qaytarılmasını tələb etmişdir. Halbuki müqavilədə sifarişin vaxtında yerinə yetirilməməsi müqavilənin xitamı deyil, gecikmə günləri üçün maliyyə sanksiyaları nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan maddənin məzmunundan görünür ki, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Lakin hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, həqiqətən də Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş proqram məhsullarını xx xxxxxxx 2019-cu il tarixdə, yəni xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində təhvil verilməli olduğu halda, həmin öhdəliyini pozmuş və proqram məhsullarını gecikmə ilə təhvil vermişdir. Lakin kollegiya hesab edir ki, bu gecikmə müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozuntusu sayıla bilməz. Çünki iddiaçı bu gecikmə nəticəsində ona zərər dəydiyini və onun, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. İddiaçının dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı apelyasiya şikayətində və hazırki məhkəmə iclasında onun nümayəndəsi cavabdeh tərəfindən öhdəliyin ümumiyyətlə icra olunmadığını və proqram məsullarının verilmədiyini bildirsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, Cavabdeh MMC tərəfindən proqram təminatı sonradan “xxxx” MMC-yə təqdim olunmuş, lakin “xxxx” MMC gec təqdim olunduğuna görə həmin proqram təminatından istifadə etməkdən imtina etmişdir (məhkəmə iclasının audio-video yazısı, 6cı dəqiqə). Göründüyü kimi iddiaçının nümayəndəsi proqram məsullarını gec də olsa, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə verildiyini etiraf etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, proqram məsullarının təhvil verilməsi ilə bağlı sübutetmə vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. Çünki iddiaçının nümayəndəsi bu faktı etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində də təsbit olunmuşdur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda apellyasiya baxışı zamanı iddiaçı tərəfin yeni faktlara istinad olunması və faktiki olaraq iddianın əsasının dəyişdirməsi qəbul edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1533/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-110/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-110/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver