Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3457/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC (indiki İddiaçı QSC) ilə alıcı "xxxx" ASC arasında 04 iyun 2021-ci il tarixli AA 154/0621 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan bu müqaviləyə əlavələrdə göstərilən tərkibdə, həcmdə malları alıcıya satmağı, alıcı isə aldığı materialların dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı QSC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əsas borc üzrə 342763,47 manat, ƏDV üzrə 56297,45 manat olmaqla ümumilikdə 399060,92 manat məbləğdə borcun, 4500 manat məbləğində hüquqi yardımla bağlı xərclərinin, 400 manat məbləğində mediasiya xərclərinin və 293 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, mallar verilməsinə baxmayaraq, cavabdeh əsas borc üzrə 342763,47 manat, ƏDV üzrə 56297,45 manat olmaqla ümumilikdə 399060,92 manat məbləği satıcıya hələ də ödəməmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3457/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən ƏDV daxil 399060,92 manat məbləğində borc, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 295 manat və 2250 manat hüquqi yardımla bağlı xərc cəmi 402005,92 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan bu müqaviləyə əlavələrdə göstərilən tərkibdə, həcmdə malları İddiaçı QSC-dən alır və malın müqabilində İddiaçı QSC-yə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. Lakin iş materiallarında qeyd edilən əlavələr aşkar edilməmişdir. Həmçinin, həmin əlavələrdə satılan malların qiymətləri də razılaşdırılmalı idi. Məhkəmə isə yalnız elektron qaimələrə əsaslanaraq iddianı təmin etmişdir. Lakin elektron qaimədən əvvəl onun alt sənədləri müqaviləyə əlavələr və malların təhvil-təslim-aktları olmalıdır. Bunlar olmadan məhkəmə iddianı təmin etməklə cavabdeh hüquqlarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində bir-birinə zidd olan hüquqi faktlara istinad etmişdir. Belə ki, cavabdeh şikayətdə ilk olaraq alqı-satqı müqaviləsinə istinad edərək tərəflər arasında alqı-satqı münasibətlərinin olduğunu təsdiqləmişdir. Daha sonra, cavabdeh şikayətində tərəflər arasında icarə münasibətinin olmasına əsaslanaraq avadanlıqların icarədara geri qaytarılması ilə bağlı aktın mövcud olmadığını bildirmiş, hətta iddiaçının nümayəndəsinin məhkəmədə avadanlıqların geri qaytarılması ilə bağlı izahat verdiyini qeyd etmişdir. Tərəflər aralasında bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq tərəflər məhz malların alqı-satqısı ilə bağlı razılığa gəlmişdirlər və onlar arasında hazırkı mübahisə ilə bağlı icarə münasibəti olmamış və iddiaçı məhkəmədə icarə münasibəti ilə bağlı hər hansı izahat verməmişdir. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən satılmış malları təhvil alaraq ona qismən ödəniş etmiş, o cümlədən elektron qaimələri təsdiqləmişdir. Cavabdeh isə 22 iyul 2021-ci il tarixindən 16 dekabr 2021-ci il tarixinə kimi elektron qaimələri qəbul etmiş, hətta təsdiqləmişdir. Cavabdehin elektron qaimələrdə qeyd olunan malların dəyərinin ödənilməsi ilə bağlı etirazı olsaydı, hər bir halda elektron qaimələrin ləğv edilməsi üçün iddiaçıya müraciət edə bilərdi. Eyni zamanda, tərəflər arasında bağlanılmış müqavilə əsasında satılan mallara dair bütün elektron qaimələr və hər bir qaimənin alt sənədi olaraq cavabdeh tərəfindən imzalanan qiymət təklifləri, çatdırılma bildirişləri və satış qaimələri iş materiallarında vardır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
18. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
19. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi təqdim olunan elektron qaimələrdən görünür ki, İddiaçı QSC müqavilə ilə müəyyən edilmiş ümumilikdə 982.660,92 manat məbləğində malları "xxxx" ASC-yə satmışdır.
20. İnternet vergi idarəsinin e-qaimələrə aid şəxsi kabinetdən isə görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 70 ədəd elektron qaimədən 48 ədədi cavabdeh tərəfindən təsdiqlənmiş, digərləri isə sistem tərəfindən təsdiqlənmişdir.
21. Bundan əlavə işdəki ödəniş tapşırıqlarına və mədaxil orderlərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya həmin elektron qaimələr üzrə xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 50000 manat, xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 36000 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə 18000 manat, xx.xx.2021-ci il tarixdə 18000 manat olmaqla ümumilikdə 583.600 manat məbləğində ödənişlər həyata keçirmişdir.
22. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və bir çox hissəsini özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.
23. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Əksinə cavabdeh cəmi 583.600 manat məbləğində ödəniş etmişdir.
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
25. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində mal təhvil verilərkən təhvil-təslim aktının imzalanması müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
26. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
27. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 399060,92 manat (982660,92–5 83600=399060,92) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsaən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3457/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn