Məhkəmə qərarları › İş №2-2(103)-1100/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1100/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1100/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 14.07.2021ci il tarixli, e-2-2(113)-2120/2021 saylı qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehdən ƏDV daxil olmaqla 10.660,63 manat məbləğində borcun, 400 manat məbləğində faizin, 100 manat məbləğində hüquqi yardım xərcinin, 18 manat məbləğində poçt xidməti pulunun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-2(113)-2120/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, e-2-2 (113)-2120/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlandıqdan 1 gün sonra, yəni, 18 iyun 2020-ci il tarixdə cavabdeh tərəfindən ƏDV-siz məbləği 4399.68 AZN, 06 iyul 2020-ci il tarixdən yenidən ƏDV-siz məbləği 4399.68 AZN olan mallar – qida məhsulu olan çipsi məhsulları dəyəri tam ödənilməklə iddiaçıdan alınmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliyi vaxtından tez icra edilmişdir – baxmayaraq ki, müqavilədə öhdəliyin icra müddəti müəyyən edilməmişdir (müqavilənin ödəniş öhdəliyi ilə bağlı olan 3.4-cü bəndi qeyri-müəyyən şərtdir – burada ödəniş edilməsi müddəti müəyyən edilməmişdir), cavabdeh malları aldıqdan qısa müddət sonra ödəniş öhdəliyini tam icra etmişdir. Baş tutmuş bu əməliyyatlardan sonra iddiaçı cavabdehə yalnız onun üçün nəzərdə tutulmuş endirimli qiymət şərtini tətbiq etdiyini, lakin bunun müqabilində cavabdeh tərəfindən daha böyük həcmlə - adı çəkilən məbləğlərdən iki dəfədən də çox məbləğdə malın alınmasının zəruri olduğunu bildirmişdir. Bu, iddiaçı tərəfindən verilmiş bir vəd idi və bu vədin ən vacib xüsusiyyəti isə endirimli qiymət şərtinin yalnız cavabdeh üçün tətbiq edilməsi idi – iddiaçının vədinə görə bu qiymət şərti digər hər hansı şəxsə tətbiq edilməyəcəkdir. Bu hissədə onu da qeyd etmək lazımdır ki, endirimli qiymət vədi müvafiq bazarda mövcud olan işgüzar adətlərdən biridir – böyük miqdarlarda mal alan alıcı və ya satıcı ilə uzunmüddətli əməkdaşlıq edən alıcılar üçün həmin satıcı müəyyən endirimlər, güzəştlər, digər sözlə “kompaniyalar” tətbiq edir. Bu, təbii bir həvəsləndirmə tədbiridir və alıcının cəlb edilməsi, satıcının isə gəlir əldə etməsinin realizəsidir, lakin vicdanlılıq tələbinin gözlənilməsi şərti ilə. Cavabdeh bu təklif ilə razılaşmış və 13, 14 iyul tarixlərində dəyərləri müvafiq olaraq 4634.79 AZN və 5103.57 AZN olan malları – çipsi məhsullarını anbarına qəbul etmişdir. Cari mübahisəli vəziyyət isə 23 iyul 2020-ci il tarixdə - cavabdehin malının dəyərini ödədiyi ərəfədə yaranmışdır. Belə ki, bu endirim şərtinin fərdi xarakter daşımadığı və bazarda mövcud olan bütün satıcılara iddiaçı tərəfindən tətbiq edildiyi bəlli olmuşdur və bu hal malların satışını qeyri-mümkün etmişdir, çünki alıcılar artıq həmin qiyməti bir çox yerlərdə əldə edə bilirdilər. Burada təkrarən o da nəzərə alınmalıdır ki, yuxarıda da göstərildiyi kimi, müqavilə ilə ödəniş müddəti müəyyən edilməmişdir, yəni, ödənişin edilməli olduğu mütləq öhdəlik müddəti mövcud deyildir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-2120/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, “satıcı” (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara və dövri şəkildə verilən sifarişlərə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı “alıcı”ya ("xxxx" MMC) təhvil verməyi, alıcı isə bu müqavilənin tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı qəbul etməyə və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndə əsasən malın adı, kəmiyyəti, çeşidi və qiyməti tərəflərin nümayəndələrinin malın təhvil-təslimi zamanı lazımi qaydada imzaladıqları fakturalarda (AKT-larda) və ya e-qaimələrdə göstərilir. 2.2-ci bəndə əsasən satıcı tərəfindən malın qiymətinin artırılması (azalması), alıcıya dəyişikliyin qüvvəyə minəcəyi tarixdən ən azı 7 (yeddi) təqvim günü əvvəldən bildiriləcəkdir. Tərəflər qarşılıqlı, yazılı olaraq razılaşdıqdan sonra yeni qiymət dəyişikli keçiriləcək. 4.2.9-cu bəndə əsasən istifadə müddətinin bitməsinə üç ay qalmış malların yazılı şəkildə satıcıya məlumat vermək alıcının öhdəliyidir. 5.1-ci bəndə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə vəya lazımi qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı MMC adına tərtib edilmiş poçt daşıma xidmətinə dair 456/2021 nömrəli hesab-fakturaya 2021-ci ilin mart ayı ərzində İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilən sənədlərə görə 18.03.2021-ci il tarixində 9 manat məbləğində və 31.03.2021-ci il tarixində 9 manat məbləğində poçt daşınma xidməti üçün ödəniş həyata keçirmişdir. İş materiallarında olan EBAZ seriyalı 588804 nömrəli 02.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 74,34 manat məbləğində ödəniş "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan EBAM seriyalı 284562 nömrəli 13.07.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 5.469,03 manat məbləğində ödəniş, EBAL seriyalı ******* nömrəli 06.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 5.191,60 manat məbləğində ödəniş İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan İddiaçı MMC müəssisəsinin ticarət nümayəndəsi və həmin müəssisənin auditi tərəfindən tərtib edilmiş aktın təsdiqlənmiş surətindən məlum olur ki, “FF” market T.S” adında qeyd olunan müştərinin 10.655,28 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC və "xxxx" MMC arasında olan müqaviləyə əsasən İddiaçı MMC 16 iyun 2020-ci il tarixindən başlayaraq Cavabdeh MMC-yə müxtəlif növ mallar satmışdır.16 iyun 2020-ci il tarixindən 02 iyun 2021-ci il tarixinə qədər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 21.874,46 manat məbləğində mal satılmış, ümumilikdə 11217,47 manat məbləğində pul ödənilmişdir. 02 iyun 2021-ci il tarixinə Cavabdeh MMC-nin satılmış mallara görə İddiaçı MMC-yə olan borcu ƏDV daxil olmaqla 10.656,99 manat təşkil edir. İş materiallarında olan 27.04.2021-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “9 saylı” Vəkil Bürosunun bank hesabına EBBA seriyalı 583964 nömrəli 22.04.2021-ci il tarixli elektron qaimə əsasında 100 (bir yüz manat) manat ödəniş edilmişdir. İş materillarında olan Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubunda İddiaçı MMC-yə olan 10.660,63 manat məbləğində borcun 31 Mart 2021-ci il tarixinə qədər ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunaraq əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərclərinin də tutulacağı barədə xəbərdarlıq edilmişdir. İddia edilən məbləğdə malın cavabdehə təhvil verildiyi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425.2-ci, 442-ci, 445-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində təhvil aldığı malın dəyərinin ödənilməməsini xüsusi kompaniya şərtləri ilə alması və eyni zamanda istehlak müddətinin bitməsinə üç ay qalmış geri qaytarma hüququnun olması ilə əsaslandırmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.9-cu bəndində malların istifadə müddətinin bitməsinə 3 ay qalmış satıcıya yazılı məlumat vermək alıcının öhdəliyi kimi, 4.1.8-ci bəndində alıcı tərəfindən yazılı şəkildə bildirilən istifadə müddətinin bitməsinə az qalmış malların satıcı tərəfindən geri götürülmsi və yenisi ilə əvəz edilməsi satıcının öhdəliyi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən məhkəməyə istifadə müddətinin bitməsinə 3 ay qalmış malların yenisi ilə əvəz edilməsi barədə satıcıya yazılı məlumat göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh MMC-də anbardar vəzifəsində işləmiş X1 işə birinci instansiya qaydasında baxılarkən 14.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş, ifadəsində göstərmişdir ki, hazırda özü müstəqil olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, tərəflər arasında məhkəmə mübahisəsinə yol açan dövrdə isə Cavabdeh MMC-nin əməkdaşı kimi işləmiş, qarşı tərəflə görüşlər keçirmişdir. Müqavilə üzrə malları endirimlə almış, daha sonra araşdırma aparan zaman məlum olmuşdur ki, həmin mallar onlara təklif olunan şərtlərlə bütün bazara paylanmışdir. Bununla bağlı olaraq şirkətin əməkdaşı Tural Əhmədova zəng edərək, malların satışını təşkil edə bilmədiklərini bildirmişdi. Tural Əhmədov isə cavabında bir qədər səbr etmələrini, kompaniyanın onlar üçün daimi digər şirkətlər üçün isə 10-15 gün olduğunu bildirmişdir. Qeyd olunan müddətdə gözlədikdən sonra avqust ayının sonu sentyabr ayının əvvəlində yenidən zəng edilən zaman bildirilmişdir ki, sata biləcəyiniz qədər məhsulu satın geri qalanını dekabr ayında geri qaytaracaqsınız. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə malları təqdim edənədək malın yalnız ona güzəştli şərlərlə satılması barəsində üzərinə öhdəlik götürdüyü məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 404.1-ci maddəsinin tələbini pozaraq tərəflər arasındakı yazışmaları nəzərə almadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaya etirazında istinad etdiyi hal (malların cavabdehə kompaniya çərçivəsində güzəştli şərtlərlə satılması) tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmadığından hazırkı halda müqavilənin hər hansı bəndinin təfsir olunmasından söhbət gedə bilməz. Cavabdeh tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş telefon vasitəsilə həyata keçirilmiş yazışmalarda isə iddia edilən kompaniya şərtləri ilə bağlı hər hansı yazışma yoxdur. Cavabdehin məhkəməyə flaş daşıyıcıda təqdim etdiyi Samir adlı şəxslə Tural adlı şəxs arasındakı səs yazısı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı iş üzrə yazışmanı həyata keçirilmiş şəxslərin səs yazısının açıqlanmasına dair yazılı razılığı mövcud olmadığından həmin səs yazısı məhkəmə iclasında tədqiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-2120/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-2120/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar