Məhkəmə qərarları › İş №2-2(103)-1100/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1100/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1100/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3606/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC-nin Sabirabad Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 14/23-283 nörməli müqaviləyə görə Məmmədov X4 rayonu, Quruzma kəndi ərazisində yerləşən 10 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən məhsulun olmaması və ya az olması fermeri göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir.

3. Müqavilənin 4-cü bəndinə görə İddiaçı MMC-nin Sabirabad Filialı qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətlərə qəbul edir: l növ-800 azn/ton, ll növ-780 azn/ton, lll növ-740 azn/ton, lV növ- 700 azn/ton.

4. Müqavilənin 2.2.3-cü bəndinə əsasən İddiaçı MMC tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən mineral gübrənin, pestisidlərin və verilən toxumun dəyərini müəyyən olunmuş müddətdə tam şəkildə ödəmək fermerin vəzifəsidir.

5. Müqavilənin 1 saylı Əlavəsində İddiaçı MMC tərəfindən Cavabdeh göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.

6. Cavabdeh məxsus sahədə xx.xx.2023-cü il tarixli 10 nömrəli akta görə 15 ha sahədə çöp doğrama işi, xx.xx.2022-ci il tarixli 18 nömrəli akta görə 7,5 sahədə 1 şum işi, xx.xx.2022-ci il tarixli 04 nömrəli akta görə 7,5 ha sahədə 1 şum işi, xx.xx.2023-cü il tarixli 14 nömrəli akta görə 10,6 ha sahədə 2 şum işi, xx.xx.2023-cü il tarixli 13 nömrəli akta görə 4,4 ha sahədə 2 şüm işi, xx.xx.2023-cü il tarixli 22 nömrəli akta görə 16 ha sahədə Şirvan Mala işi, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 12 ha sahədə mala işi, xx.xx.2023-cü il tarixli 35 nömrəli akta görə 3 ha sahədə mala işi, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 5 ha sahədə Şirvan Mala işi, xx.xx.2023-cü il tarixli 37 nömrəli akta görə 1 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 03 nörməli akta görə 6 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 27 nömrəli akta görə 8 ha sahədə çiyid səpini, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 8 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 6 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 15 nömrəli akta görə 7 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 02 nömrəli akta görə 6 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 06 nömrəli akta görə 5 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 06 nömrəli akta görə 14 ha sahədə kultivasiya, xx.xx.2023-cü il tarixli 25 nömrəli akta görə 7 ha sahədə kultivasiya işi, xx.xx.2023-cü il tarixli 08 nömrəli akta görə 6 ha sahədə baraza işi, xx.xx.2023-cü il tarixli 03 nömrəli akta görə 8 ha sahədə baraza işi, xx.xx.2023cü il tarixli 05 nömrəli akta görə 13 ha sahədə dərman səpini, xx.xx.2023-cü il tarixli 16 nömrəli akta görə 6 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 08 nömrəli akta görə 8 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 01 nömrəli akta görə 10 ha sahədə zəhər səpini, xx.xx.2023-cü il tarixli 49 nömrəli akta görə 12 ha sahədə dərman vurma, xx.xx.2023-cü il tarixli 42 nömrəli akta görə 6 ha sahədə yığım, xx.xx.2023-cü il tarixli 05 nömrəli akta görə 8 ha sahədə kultivasiya, baraza və gübrələmə, xx.xx.2023-cü il tarixli 14 nömrəli akta görə 6 ha sahədə baraza və gübrə işləri İddiaçı MMC tərəfindən icra edilmişdir.

7. 27.06.2023-cü il tarixli 037528 nömrəli qaiməyə görə 1000 manat məbləğində karbomid, xx.xx.2023-cü il tarixli ******* nömrəli qaiməyə görə 1200 manat məbləğində azot və 1000 manat məbləğində karbomid, xx.xx.2023-cü il tarixli 036689 nömrəli qaiməyə görə 20 manat məbləğində algomek və 21 manat məbləğində goldplan, xx.xx.2023-cü il tarixli 021999 nömrəli qaiməyə görə 168 manat məbləğində goldplan və 160 manat məbləğində alqomek, xx.xx.2023-cü il tarixli 036690 nömrəli qaiməyə görə 600 manat məbləğində plemort, xx.xx.2023-cü il tarixli 036959 nömrəli qaiməyə görə 442 manat məbləğində doruk ultra, 036894 nömrəli qaiməyə görə 40 manat məbləğində ucar (lifsiz), xx.xx.2023-cü il tarixli 036471 nömrəli qaiməyə görə 273 manat məbləğində viaduct, xx.xx.2023-cü il tarixli 021542 nömrəli qaiməyə görə 400 manat məbləğində ucar BA-540, 530 manat məbləğində BA-440-440 və 530 manat məbləğində BA-1010 İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.

8. xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına görə fermer tərəfindən 8397,23 manat ödəniş edilməlidir. Aktın İddiaçı MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 650 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 700 manat məbləğində avans ödənilmişdir.

10. 27.10.2023-cü il tarixli 590669 nömrəli pamıq qəbulu qəbzinə görə 2389 manat, xx.xx.2023-cü il tarixli 590645 nömrəli pamıq qəbulu qəbzinə görə 1405,82 manat, xx.xx.2023-cü il tarixli 590644 nömrəli pamıq qəbulu qəbzinə görə 1742,57 manat, xx.xx.2023-cü il tarixli 590643 nömrəli pamıq qəbulu qəbzinə görə 2669,18 manat dəyərində olan pambıqİddiaçı MMC tərəfindən Cavabdeh qəbul edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

11. İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8397,23 manat dəyərində borcun və 103,97 manat məbləğinə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad Filialıilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4/23- 283 saylı alğı-satqı müqaviləsinə əsasən Sabirabad rayonu, Quruzma kəndi ərazisində yerləşən 10.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 16603,80 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdı. Cavabdehin sifarişi əsasında 330.00 manat məbləğində çöp doğrama, 750.00 manat məbləğində 1- ci şum, 675.00 manat məbləğində 2-ci şum, 720.00 manat məbləğində mala çəkmə, 51.80 manat məbləğində kanal çəkmə, 255,00 manat məbləğində çiyid səpini, 702.00 manat məbləğində kultivasiya, 280.00 manat məbləğində rotasiyon-kultivasiya, 252.00 manat məbləğində kultivasiya-baraza, 784.00 manat məbləğində dərman səpini, 900.00 manat məbləğində 1-ci üz maşınla pambıq yığımı, 252.00 manat məbləğində baraza-gübrə ilə, 1500.00 manat məbləğində çiyid, 4802.00 manat məbləğində dərman/gübrə, 4350.00 manat avans, becərmə, suvarmaya, cəmi: 16603.80 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 8206,57 manat məbləğində 10258.21 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 8397,23 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli yekun aktı heç bir səbəb göstərmədən imza etməkdən imtina etdi. Cavabdehin borclu qalməsi onun tərəfindən imzalanan iş aktları qaimələr və digər sənədlərlə təsdiq edilir.

13. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu, Quruzma Bələdiyyəsinin mülkiyyəti olmaqla icarəsində olan 15 ha əkin təyinatlı torpaq sahədə 2018ci ildən "xxxx" MMC-nin Sabirabad zavodu ilə müqavilə bağlamaqla həmin sahədə pambıq əkir. Müqaviləm müxtəlif illərdə fərqli hektarlarla olmuş – 5,7,10 və 12 ha təşkil etmişdir. Məlumat üçün qeyd edir ki, bu vaxta qədər heç vaxt şirkətə borclu qalmamışdır. Bir tək 2019-cu ili istisna etməklə. Belə ki, 2019-cu məhsul ilində əkin zamanı aqronomun, pambıq nümayəndəsinin sahədə olmaması, nəzarət etməməsi səbəbindən Əli adlı traktorist toxum səpməni düzgün etməmişdir. O başqa qonşu torpaq sahəsinin xüsusiyyətinə uyğun toxumu 10 sm qoymaqla səpmə aparmış və onun istifadəsində olan torpaq sahəsi xüsusiyyəti isə daha yumşaq və münbit olduğundan əkilmiş toxum daha dərinə düşmüş, nəticədə isə pambığın çıxışını zəif almış və özü 1000 manat borclu qalsa da, 5 ha əkin sahəsinə əkdiyi pambıqdan nəinki xeyir götürmək, hətta bir neçə min də öz büdcəsinə ziyan dəymişdir. Həmin zaman baş verənlərin səbəbləri və nəticələri bağlı Sabirabad D.A.İ.M-nin direktoru Heydər Yaqubov, zavodun rəhbərliyinə - Xalid, Soltan, Əhməd müəllim və başqa şəxslər, həmçinin o vaxtkı pambıq nümayəndəsi olan Amil Hüseynovun məlumatları olmuş, həmin vaxt olanları onlar da təsdiq edə bilərlər. Yəni bir sözlə bu faktdan başqa onun zavoda heç bir vaxt borcu olmamışdır. Amma İddiaçı MMCnin Sabirabad filialında olan zavodun o və digər fermerlərlə bir çox problemləri olmuşdur. O, bir sıra halları aşağıda qeyd edir. Demək olar ki, əkin sahəsində fermerlərlə lazım olan və məhsuldarlğıa böyük təsir edən bütün xidmətlər şumlama, mala, əkin, baraza, kultivasiya, dərman səpini gecikdirilir və.s xidmətlərın aparılması üçün lazım oaln texnikanın vaxtında gəlməməsi, gələn zaman nazas olması; torpaq sahəsinin əkinə hazırlanması ərəfəsində görüləcək işlərə lazımı maddi dəstəyin, avansın vaxtında verilməməsi, az məbləğdə verilməsi və ya ümumiyyətlə verilməməsi; pambığın becərilməsi üçün Alağpulları deyilən maddi vəsaitin çox gecikmə ilə və az ayrılması; gübrə və dərmanların lazım olan vaxtda həmçinin aqronomun, mütəxəssisin nəzarəti ilə verilməməsi; dərmanların keyfiyyətinin aşağı olması və dərman səpini zamanı bəzi traktoristlərin nəzarətsizlikdən istifadə edərək, gecikmələrə yol verməsi və ya lazım olan miqdardan az dərman səpmək yolu ilə dərman oğurlaması; zavod əkdiyin minlərlə hektar pambığa yalnız yaşlı bir aqronomun nəzarət etməsi; Səhlənkərlığın əhəmiyyətli bir növü olan əkdiyi ərazidə “Pambıq nümayəndəsi” deyilən zavod işçisinin ümumiyyətlə mövcud olmaması; bu faktlarla bağlı dəfələrlə zavod rəhbərliyinə-Xalid Məmmədova şifalı şəkildə, yazılı qaydada məktub, ərizə, şikayətlər göndərmiş, eyni zamanda teleqram formasında şikayət və iradlarını bildirmişdir. 2023-cü ildə onun kimi başqa fermerlərə də ziyan dəymişdir. Həmin dəyən ziyanı fermerlər toxum, dərman, texniki xidmətlər və.s səbəblərlə əlaqələndirsələr də zavod rəhbərliyi bunu 2023-cü ilin yayının əsasda avqust ayının yağıntılı və çox isti keçməsi ilə əlaqələndirmişlər, hava şəraiti ilə əlaqədar pambığın məhsuldarlığının aşağı olduğunu qeyd etmişlər. Həmçinin aralarında bağlanmış müqaviləyə əsasən hər ay tərəflər arasında üzləşmə aktı tərtib olunmalıdır. Lakin müqavilədə göstərildiyi kimi hər ay üzləşmə aktı tərtib olunmamışdır. Məhkəməyə təqdim olunmuş imzası olmayan üzləşmə aktı vaxtında tərtib olunmamışdır, yalnız onun 2024-cü ilin fevral ayında prokrorluğuna şikayətlərindən sonra başlanmış araşdırma zamanı qanunsuz olaraq aprel ayında ona telefon vasitəsi ilə X7 tərəfindən imzalamağı təklif olunmuşdur. O, hələ məhkəməyə iddia verilməmişdən çox uzun müddət əvvəl zavodda olan qanun pozuntuları, səhlənkarlıqlar barədə məhsul yığımının intensiv vaxtında, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin rəhbərliyi cənab Azər Əlizadəyə yazılı şəkildə şikayət ərizəsi göndərmişdir. Lakin bu günə kimi müraciət və şikayətlərinə yazılı cavab gəlməmiş, heç bir tədbir görülməmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş sənədlərin bir neçəsində onun adına olan imzalar ona məxsus deyil, o imza etməmişdir. Müqavilənin 5-ci bəndində qarşısıalınmaz qüvvə bəndi öz təsdiqini tapmışdır(fors-major hallar, təbii hava şəraiti və.s buna aiddir). Yəni avqust ayında hava şəraitinin çox yağıntılı olmasına görə məhsuldarlığın aşağı olmasında fermerlərin hər hansı təqsiri yoxdur. Hava şəraiti ilə əlaqədar məhsuldarlığın aşağı olmasını bunun zavod və kənd təsərrüfatı mütəxəssislərinin özlərinin təsdiq etməsi; Heç bir təqsiri olmadan məhsudarlıq aşağı olmuşdur. Bundan ən çox ziyan çəkən fermerlər olmuşdur. Ayrıca hər hansı səbəbdən borclu qalsalar belə zavodun onunla müqavilə bağlamamaqla onu bir növ daha ziyana salmışlar. Eyni zamanda başqa pambıq zavodları onunla bu il, yəni 2024-cü il heç bir müqavilə bağlamamaqları vəziyyətlərini daha ağırlaşdırmaqla yanaşı yaranmış vəziyyətın bərpasına doğru heç bir yol qoymamışdır. O, 10 ha torpaq sahəsi üçün müqavilə bağlasa da, 14 ha yaxın torpaq sahəsində pambıq əkmişdir. Hər il 25-30 sent pambıq təhvil verildiyi halda bu il təxminən 9-10 senter miqdarında da pambıq təhvil vermişdir. Deməli o, hər il hər hektardan təxminən 600-700 manat xalis gəlir götürdüyü halda 2023-cü il zavodun səhlənkarlığı və saxtakarlığı səbəbindən nəinki gəlir əldə edə bilmiş, hətta 8400 manat ziyana düşmüşdür. Bu məsələlərlə bağlı o, 2024-cü ilin fevral ayından Sabirabad prokrorluğuna yazılı şikayət göndərmişdir. Həmin şikayəti üzrə hazırda araşdırma davam edir. İddiaçı MMC ilə aralarında müqavilədə olan öhdəliklərini tam icra etmişdir. Həmin öhdəliklərin tərəfindən pozulması ilə bağlı rəsmi irad bildirişinin olmaması da baxılan iddianın sonradan formal şəkildə tərtib olunaraq verilməsindən xəbər verir. O, özü uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğuldur. Bu sahədən hər il kifayət qədər gəlir etsə də, bu il qarşı tərəfin səhlənkarlıqları ucbatından ziyan görmüşdür. Onun ərazisində “pambıq nümayəndəsinin” olmaması və aqronomun nəzarəti, lazımı nəzarəti yerinə yetirməməsi, toxum, dərman və texnikanın xidməyinin keyfiyyətsizliyi maddi vəsaitin az və vaxtında göstərilməməsi, hər ay üzləşmə aktının tərtib olunmasının tələb olunduğu halda hər ay və ümumi üzləşmə aktının tərtib olunmaması, sənədlərdə imza saxtakarlıqlarına yol verilməsi, zavod rəhbərliyi tərəfindən pambıq becərməsində hər hansı təlimata uymayan pozuntuya yol verməyi barədə hər hansı iradın bildirişin rəsmi və şifahi şəkildə ona çatdırmaması, aqronomun məhsuldarlığının aşağı olmasını 2023-cü ilin avqust ayında olan hava şəraiti ilə, yağıntılarla əlaqələndirməsi, şirkət rəhbərliyinə və zavod rəhbərliyinə bu barədə dəfələrlə yazılı və şifahi qaydada şikayət və iradlarını göndərməsi, eyni zamanda 2024-cü ilin fevral ayında qeyd olunanlar barədə Sabirabad prokurorluğuna göndərdiyi şikayət üzrə araşdırmanın hazırda davam etməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3606/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 8397,23 manat məbləğində pul, ödənilmiş 103,97 manat dövlət rüsumu, ümumilikdə 8501,20manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 4350 manat avans ödənilmiş, 5951,80 manat dəyərində xidmətlər göstərilmiş, işlər icra edilmiş, 4802 manat dəyərində olan gübrə və pestisidlər, 1500 manat dəyərində toxumluq çiyid verilmiş, cavabdeh tərəfindən iddiaçıya 8206,57 manat dəyərində xam pambıq təhvil verilmişdir. İddiaçı hazırda qalıq borcun ödənilməsini (iddiaçı tərəfindən verilmiş malın, göstərilmiş xidmətin ümumi dəyəri olan 16603,80 manat – cavabdeh tərəfindən verilən xam pambığın dəyəri olan 8206,57 manat) tələb edir. Cavabdeh iddiaya etiraz edərək ona verilmiş malın (toxumluq çiyid, habelə dərman gübrə azot və pestisidlər) lazımi keyfiyyətdə olmaması səbəbindən əldə edilmiş məhsuldarlığın aşağı olması, bu səbəbdən iddiaçıya lazımi miqdarda xam pambıq verə bilməməsi ilə əlaqədar olaraq borcunun əmələ gəldiyini bildirir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş P-210044 saylı sertifikat, habelə xx.xx.2023-cü il tarixli uyğunluq sertifikatlarına əsasən toxum əkin üçün yararlıdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə malı qəbul etmiş alıcı (cavabdeh) malı qəbul etdikdən sonra malın keyfiyyəti ilə bağlı iddiaçıya hər hansı irad bildirməmiş, mala dair hər hansı bildiriş verməmişdir. Cavabdeh bundan əlavə, etirazında ona göstərilən xidmətlərin lazımi səviyyədə olmaması, habelə vaxtında ona xidmət göstərilmədiyini bildirsə də, xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən hər hansı bir xidmətin sifariş verilib lakin iddiaçı tərəfindən icra edilmədiyini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, bundan əlavə görülmüş iş və xidmətlər cavabdeh tərəfindən iradsız qəbul edilmişdir. Bundan əlavə, sözügedən müqavilənin 2.2.7-ci bəndinə əsasən əkin sahəsinə lazımi qulluğun göstərilməsi (suvarılma, aqrotexniki tədbirlərin aparılması, mineral gübrə və pestisidlərin verilməsi) cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh məhsuldarlığın aşağı olmasının ondan asılı olmaması səbəbindən hər hansı borcunun olmaması barədə dəlilinə cavab olaraq məhkəmə bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən bu hal onu müqavilə üzrə öhdəliklərindən azad etmir. Cavabdehin yazılı etirazında olan ona vaxtında avans ödənilməməsi barədə dəlilinə cavab olaraq məhkəmə bildirmişdir ki, materiallardan görünür ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü il tarixdə 650 manat, xx.xx.2023-cü il tarixdə 700 manat avans ödənilmişdir. xx.xx.2023-cü il tarixli müqavilədə avansın hansı müddətdə ödənilməli olması göstərilməmişdir.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Baki Kommersiya Məhkəməsinin e-2-2(113)-3606/2024 saylı , xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini və İddiaçı MMC-nin iddiasının rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətli olmaması barədə, eləcə məhsuldarlığın aşağı olması barədə kifayət qədər sübut təqdim edilmişdir. Avans ödənişi ilə bağlı ödəniş tapşırıqlarından bankın imzası və möhürü yoxdur və pretenziya məktubu ona çatdırılmamışdır. İş materiallarında olan aktlardakı imzalar ona məxsus deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə tərəfindən verilən suallara cavab verərək cavabdeh işlərin görülməsi və avansın ödənilməsini inkar etmədiyini, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində məhsuldarlığın aşağı olmasını, ona zərər vurulmasını bildirmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 763.1-ci maddəsinə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

23. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli, 14/23-283 nörməli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC Cavabdeh məxsus 10 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri göstərməyi, pambıq becərilməsi üçün zəruri malları təqdim etməyi, cavabdeh yığılmış məhsulu müqavilədə müəyyən edilmiş qiymətlərlə və miqdarda iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 12.253,8 manat iş və xidmətlər göstərilmiş, mallar təqdim edilmiş, eyni zamanda 4350 manat məbləğində avans ödənilmişdir. Cavabdeh tərəfindən verilən xam pambığın dəyəri isə 8206,57 manat təşkil etmişdir.

29. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, həmin müqaviləyə müvafiq hissələrdə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə və podrat müqaviləsinə dair normaları tətbiq edilməlidir.

30. Odur ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567, 598.1 və 752.1ci maddələri təşkil edir.

31. Hazırkı halda işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı tərəfindən cəmi 16.603,8 manat məbləğində göstərilmiş iş və xidmətlərin, verilmiş malların, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən 8206,57 manat dəyərində pambıq verilmiş, borcun (16603,8-8206,57) 8397,23 manat hissəsi isə ödənilməmiş qalmışdır. Odur ki, mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçı borclu olan cavabdehdən göstərilmiş xidmət və işlərin, verilmiş malların qalıq dəyəri olan 8397,23 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

32. Təqdim edilmiş malların, iş və xidmətlərin keyfiyyətsizliyi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh malları təhvil alarkən keyfiyyətlə bağlı hər hansı irad bildirməmiş, sonradan malların (gübrə və pestisidlərin) keyfiyyətsizliyi barədə ağlabatan müddətdə bildiriş göndərməmiş, eynilə iş və xidmətləri hər hansı irad bildirmədən qəbul etmiş, əlavə icra tələb etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır.

33. Aktlardakı imzaların ona məxsus olmaması, avans ödənilməsi barədə ödəniş tapşırıqlarına bankın möhürünün vurulmaması barədə dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh iddiaya etirazında, eləcə də izahatlarında iddiaçı tərəfindən müqavilə üzrə malların təqdim edilməsi, iş və xidmətlərin göstərilməsi faktını inkar etməmiş, yalnız göstərilmiş xidmət və işlərin, təqdim edilmiş malların keyfiyyətini mübahisələndirmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə malların təqdim edilməsi, iş və xidmətlərin göstərilməsi faktını etiraf etmişdir. Odur ki, kollegiya hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakteri daşıyır.

34. İddiaçı tərəfindən lazımi xidmətlərin göstərilməməsi (aqronomun olmaması və s.) səbəbindən məhsuldarlığın aşağı olması barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhsuldarlığın aşağı olmasının iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə bağlı olduğunu sübuta yetirə bilməmişdir. Digər tərəfdən məhsuldarlığın aşağı olması cavabdehin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkar kimi nəzərə almalı olduğu adi risklərinə aid olmaqla onu müqavilə üzrə öhdəliklərini icra etməkdən azad etmir.

35. Bununla yanaşı pretenziya məktubunun cavabdehə çatdırılmaması barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi pretenziya məktubu cavabdehin Dövlət Vergi Xidmətinin elektron sistemindəki kabinetinə göndərilmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3606/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şİrinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar