Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1100/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, çəkişmə prinsipi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3665/2025 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh1 MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə 71 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”ya inşaat materialları (bundan sonar “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənlədirilir.
4. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ƏDV daxil olmaqla 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə göndərilmiş, Cavabdeh2 MMC tərəfindən həmin elektron qaiməyə istinad edilməklə xx.xx.2022-ci il tarixdə 5577,65 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 9700 manat əsas məbləğ üzrə ödəniş edilmişdir.
5. Laçın Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21286,91 manat əsas borc, 5000 manat əldən çıxmış fayda, 5000 manat faiz məbləğinin və ödənilmiş 184 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə 71 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən aşağıda qeyd edilən mallar Cavabdeh1 MMC-yə təhvil verilmişdir.
№ Malın adı Ölçü Miqdarı Qiymət Məbləğ vahidi (AZN) (AZN)
1. Taxta5x15 m3 33 288,14 9508,47
2. Taxta 3x10 m3 30,05 288,14 8658,47
3. Taxta 5x20 m3 42,021 305,08 12819,97 Cəmi: 30986,92 ƏDV 18%: 5577,65 Yekun: 36564,56 İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə elektron qaimə göndərilmişdir. Lakin sonuncunun nümayəndəsi bildirmişdir ki, ödəniş Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-nin hesabına köçürülmüş və bu səbəbdən malların dəyəri Cavabdeh2 MMC tərəfindən ödəniləcəkdir, ona görə də elektron qaiməni Cavabdeh2 MMC-yə göndərmək lazımdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə elektron qaimə göndərilmişdir. Elektron qaimə əsasında Cavabdeh2 MMC ümumilikdə ƏDV daxil 15277,65 manat ödəmiş, 21286,91 manat indiyədək ödənilməmişdir. Hər dəfə malların pulunu tələb etdikdə Cavabdeh1 MMC tərəfindən bildirilmişdir ki, pul məbləği Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-nin hesabına köçürülmüş və bu səbəbdən malların dəyəri Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Cavabdeh2 MMC-dən malların pulu tələb edildikdə isə bildirilmişdir ki, Cavabdeh1 MMC tərəfindən onların hesabına pul köçürülmədiyi üçün ödəniş edə bilmirlər. İddiaçı artıq 3 ildən çoxdur ki, 2 şirkət arasında qalmış, aldadılmış, malların pulunu ala bilməmiş, şirkətlər hər dəfə müxtəlif bəhanələr gətirmiş, borcu ödəməkdən yayınmışlar. İddiaçı şikayət ərizəsi ilə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, şikayət aidiyyəti üzrə Laçın Rayon Polis Şöbəsinə göndərilmiş, Laçın Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması izah olunmuşdur. İddiaçıdan alınmış malların pulundan 21286,91 manat pul məbləği indiyədək geri qaytarılmamaqla sonuncuya maddi ziyan vurulmuş, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış faydadan) məhrum olmuşdur. Nəzərə alınsa ki, müqavilənin 5.2-ci bəndinə əsasən, mal təhvil verildikdən 15 gün ərzində malın dəyəri tam ödənməli idi, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, ödənilməmişdir, pul vəsaiti vaxtında geri qaytarılmadığından iddiaçı əldə edəcəyi gəlirlərdən məhrum olduğu üçün 5000 manat əldən çıxmış fayda və eyni zamanda cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən əlavə 5000 manat faiz də ödəməlidirlər.
8. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir.
9. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə iddiaçının arasında hansı işlərin icra edildiyi və bu işlərə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Çünki iddiaçı və Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlasalar da, həmin müqavilə üzrə heç bir iş icra etməmiş, bununla da tərəflərin bir-birlərinə qarşı heç bir öhdəlikləri yaranmamışdır. İddiaçı ərizəsində elektron qaimə əsasında ödənişin 15277,65 manat həcmində hissəsinin Cavabdeh2 MMC tərəfindən ona ödənildiyini qeyd etmişdir. Bu da bir daha iddia edilən öhdəliyin tərəfinin "xxxx" MMC olduğunu təsdiq edir. Həmçinin işə əlavə edilmiş sənədlərdən, o cümlədən ödəniş tapşırığından da aydın olur ki, bu sahibkarlıq münasibətlərinin tərəfləri iddiaçı ilə Cavabdeh2 MMC olmuşdur. Cavabdeh1 MMC ilə iddiaçı arasındakı münasibətləri təsdiqləyən sadəcə alqı-satqı müqaviləsidir. Bu müqavilənin olması isə həmin müqavilə üzrə artıq işlərin icra olunmasını sübut edə bilməz. Bundan əlavə, hazırda iş üzrə mübahisələndirilən məqam Cavabdeh1 MMC-nin "xxxx" MMC-yə göndərdiyi elektron qaimənin nömrəsinin iddiaçıya "xxxx" MMC tərəfindən edilən ödənişin qaiməsi ilə eyni olmasıdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında işgüzar münasibətlər olmuş, bir sıra biznes fəaliyyəti üzrə işlər görülmüşdür. Həmin qaimənin nömrəsində sadəcə texniki səhvə yol verilmişdir. Bu texniki səhvin Cavabdeh1 MMC-nin əleyhinə qiymətləndirilməsi cəmiyyətin hüquqlarının pozulmasına səbəb olacaqdır. Beləliklə, aydın olur ki, iddia tələbinin əsası olan öhdəlik münasibətləri iddiaçı ilə Cavabdeh1 MMC arasında yox, iddiaçı ilə "xxxx" MMC arasında yaranmışdır və Cavabdeh1 MMC-nin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.
10. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə elektron qaimə göndərilməmişdir. Mallar vərilərkən hər iki cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmişdir.
11. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin xx.xx.2025ci il tarixli iclasında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlansa da, mallar Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Cavabdeh2 MMC malları alaraq sonradan Cavabdeh1 MMC-yə satmışdır.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh2 MMC və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Birinci instansiya məhkəməsinin e-2-2(113)-3665/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2ndən 21286,91 manat əsas borc, əsas borca illik 5% ilə hesablanan məbləğ 373,25 manat olmaqla ümumilikdə 21660,16 manat tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Hazırkı işin halları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən ƏDV daxil 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə məhz Cavabdeh2 MMC-yə göndərilmiş, həmin elektron qaimədə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 71 nömrəli müqaviləyə istinad edilməmiş, adıçəkilən elektron qaimə qeyd edilməklə ƏDV daxil olmaqla 15277,65 manat məbləğində pul məhz Cavabdeh2 MMC tərəfindən ödənilmişdir. Bu isə hazırda iddiaçının xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə üzrə verilmiş malların ödənilməsini tələb etmək növündə subyektiv hüququnun Cavabdeh1 MMC tərəfindən deyil, digər Cavabdeh2 MMC tərəfindən pozulduğunu göstərir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh2 MMC (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 21286,91 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir. Belə ki, əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının 5000 manat əldən çıxmış fayda hesablaması mötəbər, zəruri sübutlarla təsdiqlənmir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 5000 manat əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. 56. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Hazırkı iş üzrə iddiaçı ilə onun subyektiv hüququnu pozan Cavabdeh2 MMC arasında hər hansı yazılı müqavilə, dolayısı ilə öhdəliyin icrası üçün dəqiq təqvim tarixi mövcud deyildir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir. Belə olan halda iddiaçının xx.xx.2024-cü il tarixli (X1 Sistemi ilə göndərilmiş) pretenziya məktubu ilə borc məbləğinin 3 gün ərzində tələb edilməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər 128 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 373,25 manat (21286,91 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 128 gün (gecikdirilən gün sayı)) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 373,25 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 184 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 21, 442, 448.1, 448.2, 443.1-443.4, 445.2, 445.4, 445.7, 449.1, 567, 597.1, 600.1, 600.4-cü maddələri və AR MPM-nin 107, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-nin 4.1-ci maddəsinə görə bütün və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə cavabdehin qanunla qorunan hüququnu pozmuşdur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Cavabdeh2 MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etmədiyini, həmçinin şikayətdən də imtina etmədiyini bildirmiş, müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı qeyd etmişdir ki, apellyasiya şikayətini müdafiə etmək üçün heç bir sübutu yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
21. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023cü tarixədək olan redaksiyası)
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər .
28. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
30. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
36. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən qətnamə tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin qanuni və əsaslılığı qismən yoxlanır. Belə ki, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində, iddiaçı isə iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirməmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlilləri məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması və işin birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.
44. Belə ki, mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).
45. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
46. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 36).
47. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin və qanuni təmsilçisinin elektron kabinetinə yerləşdirmiş, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilmişdir (§ 12). Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırdıqlarını, ancaq məhkəmə iclaslarında iştirak etmədiklərini bildirmişdir (§ 20).
48. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.
49. Məhkəmə kollegiyası, işin birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması ilə bağlı apellyatorun dəlilini də əsassız hesab edir.
50. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
52. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
53. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh2 MMC-yə ƏDV daxil olmaqla 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə göndərilmiş, Cavabdeh2 MMC tərəfindən həmin elektron qaiməyə istinad edilməklə xx.xx.2022-ci il tarixdə 5577,65 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 9700 manat əsas məbləğ üzrə ödəniş edilmiş, 21286,91 manat borc isə ödənilməmişdir.
54. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən ƏDV daxil 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə məhz Cavabdeh2 MMC-yə göndərilmiş, həmin elektron qaimədə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 71 nömrəli müqaviləyə istinad edilməmiş, adıçəkilən elektron qaimə qeyd edilməklə ƏDV daxil olmaqla 15277,65 manat məbləğində pul məhz Cavabdeh2 MMC tərəfindən ödənilmişdir.
55. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə üzrə verilmiş malların ödənilməsini tələb etmək növündə subyektiv hüququ Cavabdeh2 MMC tərəfindən pozulmuşdur.
56. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh malların təhvil verildiyini mübahisələndirməmiş, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, irəli sürdükləri təsdiqini tapmayan formal mülahizələr olaraq qalmışdır.
57. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
58. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3665/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər