Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1102/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Cavabdeh şirkətinin vəkili və nümayəndəsi Vəkil iştrakı ilə İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2383/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 05.01.2017-ci il tarixli 1 nömrəli müqavilə üzrə yaranmış 5.175 manat məbləğdə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 78 ədəd qaimə-fakturadan 42 ədəd qaimə-fakturaya istinad edərək həmin qaimə-fakturalar əsasında iddiaçı tərəfindən 5.175 manat məbləğdə malın təhvil verildiyini qeyd etmiş və həmin qaimə-fakturalara əsaslanaraq iddianı təmin etmişdır. Lakin məhkəmə həmin sübutları qiymətləndirərkən nəzərə almamışdır ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 78 ədəd qaimə-faktura 2013 və 2014-cü illərə aiddir. Halbuki, iddiaçının iddia tələbi 05.01.2017-ci il tarixli 1 nömrəli müqaviləyə əsaslanır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən müəyyən olunur ki, iddiaçı belə bir alqı-satqı müqaviləsi kimi cavabdehlə aralarında 05.01.2017-ci il tarixdə bağlanan 1 nömrəli müqaviləyə istinad edir və iddianın qeyd olunan faktiki əsasının sübutu kimi Məhkəməyə çox sayda qaimə-faktura təqdim etmişdir. Lakin həmin qaimə-fakturalar nəzərdən keçirildikdə məlum olur ki, həmin sənədlər 2013 və 2014-cü illərə aiddir. Halbuki, iddianın faktiki əsasını 05.01.2017-ci il tarixli müqavilə təşkil edir. Göründüyü kimi, Mülki Məcəllənin iddianın maddi hüquqi əsasını təşkil edən 567-ci maddəsinin dispozisiya şərtləri iş üzrə yerinə yetirilmir. Belə ki, iddiaçının 05.01.2017-ci il tarixli müqaviləyə əsasən qiymətlərin razılaşdırma protokollarında göstərilən su çeşidlərini alıcının mülkiyyətinə verməsi sübut olunmur. Odur ki, iddia əsassız olduğundan rədd edilməli idi. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2383/2021 nömrəli iş üzrə 16 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh şirkətinə qarşı 05 yanvar 2017-ci il tarixli 1 nömrəli müqavilə üzrə yaranmış 5.175 manat məbləğdə borcun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh şirkətinin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Xəyal Sarıyev Vüsalə Baxışova