Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1102/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6072/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Kiçik Müəssisəsinin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna 2355,2 manat borcu mövcuddur.
3. Vergi orqanı tərəfindən "xxxx" Kiçik Müəssisəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin və xəbərdarlığın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsindən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, bildiriş və xəbərdarlıq vergi ödəyicisi "xxxx" Kiçik Müəssisəsinin elektron kabinetinə yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 Sosial Müdafiə Fonduna 2322,68 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2322,68 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********536200, xx.xx.2025-ci il tarixli **********271100 xx.xx.2024-cü il tarixli **********881700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6072/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" Kiçik Müəssisəsi məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" Kiçik Müəssisəsi tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və 73-cü maddəsinin İ bəndinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin İİ və İİİ hissəsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.3, 78.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və onun ölkədən getmək hüququnun məhdudlaşmasının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsini, AİHK-nın 6-cı maddəsini, həmçinin MPM-nin 4cü maddəsini pozmuşdur. Belə ki, məhkəmə 32 bənddən ibarət qətnaməsində yalnız 5-ci bənddə onun məhkəmədə mövqeyi barədə qısa məlumat vermiş və 19-cu bənddə heç bir əsaslandırma olmadan onun dəlillərinin “əsas ola bilməz” yazmaqla kifayətlənmiş, lakin bunu əsaslandırmaq üçün heç bir arqument gətirməmşdir. Belə ki, 5-ci bənddə göründüyü kimi o, "xxxx" Kiçik Müəsissəsini alarkən 6000 manatdan çox borc olmasını və onun tərəfindən bu günədək onun tərəfindən deyil, daha əvvəl yaranmış 4000 manatdan vergi borcunun ödənilməsini qeyd etmişdir. Bundan əlavə məhkəmə qətnamədə saxtakarlıq edərək guya ki, başqa heç bir əmlakın olmamasını yazdığını bildirmişdir. Halbuki, məhkəmə iclasında hakimin təklifi ilə fasilə verilmiş və onun tərəfindən məhkəməyə DƏDRX çıxarış təqdim edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, müəssisə 2012-ci ildə alınmışdır. Həmin dövrdə vergi orqanı və DSMF bir-birindən ayrı idi. Notarius isə sadəcə olaraq vergidən arayış tələb edirdi. Vergidən lazımi arayış alındı və müəssisənin əvvəlki mülkiyyətçisinin 800 manat borcu var idi və həmin borc əvvəlki mülkiyyətçi tərəfindən ödənildi. Lakin bir neçə ildən sonra həmin şəxsin təxminən 6000 manat məbləğində borcu olduğu məlum oldu. Həmin şəxsin borcu çox olduğundan müəssisəni sataraq Rusiyaya getmişdir. Borc əvvəlki müəlkiyyətçiyə məxsus olduğundan və bu barədə əvvəlcədən məlumatlı olmadığına görə 2015-ci ildə İqtisadiyyat Məhkəməsinə müraciət etdi. Lakin məhkəmənin mövqeyi bundan ibarət oldu ki, bu borc fərdə yox, müəssisəyə aiddir. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı tələb irəli sürülüb, o isə həmin borcla bağlı sorğu verilməsini tələb etdi. Sorğuya cavab verilsə də, həmin borcun hansı dövrə aid olduğu göstərilməmişdir. Əvvəlki müəssisə rəhbərinin səhvinə görə məsuliyyət yeni rəhbərə aid olmamalıdır. Bütün vergilər, kommunal ödənişlər vaxtında və əksiksiz olaraq tərəfindən ödənilmişdir. Öz səhhəti ilə bağlı problem yaşamışdır və övladı autizm xəstəsi olduğundan ölkədən çıxmaq kimi bir məcburiyyəti ola bilər. Borc əgər müəssisənin borcudursa, müəssisəyə məhdudiyyət qoyulmalıdır. Onun rəhbərlik etdiyi dövrdə borc olmamışdır, əvvəlki direktorun 6500 manat borcunun təxminən 5000 manata yaxın hissəsini ödəmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyasının: - 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
17. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsi:
1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 355-5.1-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri:
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6072/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.
22. Belə ki, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun Dövlət Sosial Müdafiə Fonduna 2355,2 manat borcu mövcuddur.
23. Apellyasiya baxışı zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, maraqlı şəxs tərəfindən ərizədə istinad edilən borcdan (xx.xx.2025-ci il tarixə olan borc) dövlət büdcəsinə xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 150 və 200 manat, xx.xx.2025-ci il tarixində isə 250 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi, Maraqlı şəxs yaranmış borc üzrə müəyyən ödənişlər etmişdir.
24. Həmçinin, Maraqlı şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü oğlu Timur Mehtizadə autizm xəstəsidir. Bu halda onun oğlunun səhhəti ilə əlaqədar onun ölkədən çıxmaq məcburiyyəti yarana bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması insanın toxunulmaz və ayrılmaz azadlıqlarından olan hərəkət azadlığını məhdudlaşdırır. Bu baxımdan həmin tədbir digər məhdudlaşdırıcı tədbirlər kimi mütənasiblik prinsipinin tələblərinə cavab verməlidir ki, həmin prinsip məhdudlaşdırıcı tədbirin qanuni məqsədlərə xidmət etməsi və həmin məqsədlərə mütənasib olması ilə yanaşı, qanuni məqsədə nail olmaq üçün məhdudlaşdırıcı tədbirin tətbiqinin zəruri olması tələbini də ehtiva edir.
26. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özü-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
27. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.
28. Halbuki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
30. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
32. Bu baxımdan məhkəmə kollegiyası qənaətə gəlir ki, sözügedən məhdudlaşdırıcı tədbirin saxlanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6072/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6072/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.