Məhkəmə qərarları › İş №2-2(103)-1103/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1103/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1103/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Yuriyeviçin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İlkin iddia üzrə iddiaçı “GP Alpha Greenhouse" MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Təmir-Tikinti Müəssisəsi MMC-ə qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Təmir Tikinti Müəssisəsi MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı MMC-ə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli, e-2-2(113)-1724/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və “Təmir Tikinti Müəssisəsi“ MMC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq, 179425,66 Azərbaycan manatının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 05 may 2016-cı il tarixdə Azərbaycan Respublikasında ********** sayla dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin 100% iştirak payı X3 for Agriculture şirkətinə məxsusdur. 01 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 İddiaçı MMC-də baş mühəndis vəzifəsinə təyin edilib. Onun əmək funksiyasına layihələrin planlaması və həyata keçirilməsinə rəhbərlik etmək, layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək və s. daxil olub. 21 avqust 2017-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilib və Boqdan Yuryeviç direktor müavini vəzifəsinə, 10 yanvar 2018- ci il tarixdən isə direktor vəzifəsinə təyin edilib. İddiaçı MMC-də aparılmış daxili audit yoxlaması nəticəsində əldə etdikləri məlumat və sənədlərə əsasən, Cavabdeh1 "xxxx" MMC ilə aparmış olduğu danışıqlar nəticəsində bağlanılmış müqavilələr İddiaçı MMC-yə zərər vurub. Belə ki, daxili audit yoxlaması nəticəsində bəlli olub ki, o, öz qulluq mövqeyindən istifadə edərək, şirkətin vəsaitlərindən istifadə etməklə şirkətin maraqlarını nəzərə almadan, "xxxx" MMC ilə əlbir olaraq, bazar dəyəri kifayət qədər aydın olan məhsulları “Təmir Tikinti Müəssisəsi“ MMC–dən bazar dəyərindən xeyli baha qiymətə əldə edib. Bu hal, cavabdehlərin pis niyyətlə razılığa gəldiklərini açıq-aşkar göstərir ki, bu da həmin müqavilələrin etibarsızlığını yaradıb. Bundan başqa, cavabdehlərin pis niyyətlə razılaşmaları nəticəsində, İddiaçı MMC üçün əlverişsiz şərtlərlə müqavilələr imzalanıb və bunun nəticəsində, şirkətin vəsaiti israf edilməklə şirkətə 179425,66 Azərbaycan manatından artıq məbləğdə ziyan vurulub. İddiaçı MMC adından çıxış edən Cavabdeh1 “Təmir Tikinti Müəssisəsi“ MMC ilə pis niyyətlə razılığa gəlib və bunun nəticəsində İddiaçı MMC üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilələr imzalanıb. Belə ki, qeyd edilən müqavilələr nəticəsində “GP Alpha Greenhouse"xxxx"xxxx" MMC-dən aşağıdakıları satın alıb: 1. Tikinti materialları; 2. Yemək (katerinq) xidməti; 3. Tikinti texnikasının icarəsi; 4. Dizel. Alınan məhsul və xidmətlərdən göründüyü kimi, "Təmir Tikinti Müəssisəsi“ MMC tikinti şirkəti olduğu halda, öz profilinə uyğun olmayan məhsul və xidmətlərin də satışını həyata keçirib və qiymətləri bazar qiymətindən xeyli baha olmasına baxmayaraq, şirkətin maraqlarını nəzərə almayan Cavabdeh1 həmin məhsul və xidmətləri daha baha qiymətə nədənsə “Təmir Tikinti Müəssisəsi“ MMC-dən alıb. Üstəlik, "xxxx"xxxx"xxxx" MMC profilinə uyğun olmayan xidmət və məhsulları həmin xidmət və məhsulların satışını həyata keçirən müəssisələrdən birbaşa ala biləcəyi halda, həmin xidmət və məhsulların birbaşa satıcısı olmayan “Təmir Tikinti Müəssisəsi“ MMC-dən alıb. Belə ki, “Təmir Tikinti Müəssisəsi“MMC öz fəaliyyət istiqamətinə aidiyyatı olmayan məhsul və xidmətləri faktiki olaraq, həmin məhsul və xidmətlərin satışını həyata keçirən müəssisədən alaraq, İddiaçı MMC-yə daha baha qiymətə satıb. Qeyd edilənlər həmin vaxt İddiaçı MMC adından “Təmir Tikinti Müəssisəsi“ MMC ilə danışıqlar aparmış Cavabdeh1 arasında İddiaçı MMC-nin vəsaitləri hesabına qanunsuz gəlir əldə etməyə pis niyyətlə razılığa gəlindiyinin açıq-aşkar sübutudur. Belə ki, dizelin bir litrinin hər kəsə məlum olan əlçatan bazar dəyəri həmin vaxt 0,60 qəpik olduğu halda, dizelin bir litrini birbaşa satıcı olmadığı halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 0,71 qəpiyə alınması, sementin bir kisəsinin hər kəsə bəlli olan əlçatan bazar qiyməti 6,50 manat olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 8,26 manata və yeməyin həmin regionda müqavilənin imzalandığı vaxt hər kəsə bəlli olan əlçatan bazar qiyməti 1,54 manat olduğu halda, Təmir Tikinti Müəssisəsi“ MMCdən 5,75 manata alınması ilə bağlı müqavilə imzalanması razılaşdırılıb və nəticədə bu müqavilələr imzalanmış olub. Sonradan, İddiaçı MMC-də daxili audit yoxlaması nəticəsində bu müqavilələrdən bəziləri üzrə qiymətlərin bazar qiymətindən həddindən artıq yüksək yazıldığı müəyyən edilmiş və bu qiymətlərə müvafiq dəyişiklik edilməli olduğu bildirilmişdir. Bununla bağlı İddiaçı MMC adından "xxxx" MMC ilə danışıqlar aparılmış və qiymətlərdə müvafiq mal və xidmətlər üçün bazar qiymətinə əsasən dəyişiklik edilməsi edilməsi bildirilmişdir. Lakin "xxxx" MMC qeyd edilən qiymətləri Cavabdeh1 ilə razılaşdırdıqlarını bildirərək, müqavilə qiymətinə dəyişiklik etməkdən imtina edib. 1) Dizellə bağlı - Satın alınmış dizelin bir litrinin hər kəsə məlum olan əlçatan bazar dəyəri 0,60 qəpik olduğu halda, "xxxx" MMC dizelin bir litrinin, 0,71 qəpiyə satın alınması ilə bağlı müqavilə imzalanıb və 91930 litr dizel alınıb. Qeyd edilən həcmdə dizelin baha alınması nəticəsində İddiaçı MMC-yə 9928,44 manat məbləğində zərər vurulub. 2) Sementlə bağlı - Satın alınmış sementin bir kisəsinin hər kəsə bəlli olan əlçatan bazar qiyməti 6,50 manat olduğu halda, "xxxx" MMC-dən sementin bir kisəsininin, 8,26 manata alınması ilə bağlı müqavilə imzalayıb və 150 kisə sement alınıb. Qeyd edilən həcmdə sementin baha alınması nəticəsində İddiaçı MMC-yə 264 manat məbləğində zərər vurulub. 3) Yemək (katerinq) xidməti ilə bağlı - Satın alınmış yeməyin Salyanda müqavilənin imzalandığı vaxt hər kəsə bəlli olan əlçatan bazar qiyməti bir porsiya üçün 1,54 manat olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 5,75 manata alınması ilə bağlı müqavilə imzalanıb və 40157 yemək alınıb. Qeyd edilən həcmdə yeməyin baha alınması nəticəsində İddiaçı MMC-yə 169233,22 manat məbləğində zərər vurulub. İlkin iddia üzrə Cavabdeh2 də qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 91362,58 manat məbləğində pulun, 22840 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 114232,58 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq, Təmir Tikinti Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiada göstərilən xüsusatlar tamamilə əsassız və absurddur. Belə ki, ilkin iddia yalnızca iddiaçı ilə aralarında olan müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrasından boyun qaçırtmaq məqsədi ilə verilmişdir. İlkin iddia ərizəsində göstərildiyi kimi tərəflərindən müəyyən xidmətlərin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilələr bağlanmışdır. İlk başda göstərdikləri xidmət qarşılığında qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən lazımi ödənişlər vaxtı-vaxtında edilirdi. Lakin daha sonra hər dörd müqavilə üzrə ödənişlərin edilməsi dayandırıldı. Halbuki ödənilməli olan məbləğlərə mütənasib olaraq tərəflərindən müqavilə üzrə öhdəlikləri tam icra edilmişdi. Onlar da dəfələrlə cavabdeh tərəfə haqlı iradlarını bildirərək borclu olduqları məbləği onlara ödəmələrini tələb etsələr də cavabdeh tərəf hər dəfə müxtəlif bəhanələrlə borclu olduqları məbləği ödəməkdən boyun qaçırtmışdır. Daha sonra isə hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdikləri məlumatını almışlar. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdəki yeganə məqsədi onlara borclu olduqları məbləği ödəməkdən yayınmaq və əsl borclunun özləri olmasını yalandan pərdələməkdir. Təqdim edilmiş iddia ərizəsinə nəzər yetirdikdə qoyulmuş tələbin heç bir hüquqi əsasının olmaması müşahidə olunur. Belə ki, guya ki, həmin müqavilələrdə göstərilən qiymətlərin həddindən artıq yüksək olması iddia ərizəsinin əsası hesab edilir. Halbuki azad bazar münasibətlərində hər iki tərəfin razılığı ilə bağlanmış müqavilələrin məbləği də elə məhz ikitərəfli razılıq əsasında müəyyən edilir. Belə olan halda isə müqavilə tərəflərinin həmin məbləği mübahisələndirməsinin heç bir əsası olmur. Digər Cavabdeh1la "xxxx" MMC arasında olan münasibətlər isə artıq şirkətdaxili münasibətlərdir və aralarında hər hansı mübahisə yaranacağı təqdirdə onlar həmin mübahisənin subyekti olmayacaqlar. Göründüyü kimi "xxxx" MMC-nin təqdim etdiyi iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Onlar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi tam və keyfiyyətli formada icra etməklərinə baxmayaraq müqavilə üzrə alıcı tərəf olan cavabdeh malların təhvil verilməsinə görə nəzərdə tutulan pulu ödəməkdən boyun qaçırmaqdadır. Bağlanmış müqavilələrə əsasən onlar üzərinə götürdükləri öhdəliyi tam formada icra etsələr də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəlik tam formada yerinə yetirilməmişdir. Halbuki aralarında bağlanmış 14.09.2016-cı il tarixli müqavilənin 2.2.2-ci maddəsindən, 25 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 2.2.2-ci maddəsindən, həmin müqavilənin 1 nömrəli əlavəsindən, 03.10.2016-cı il tarixli icarə müqaviləsinin 3.2- ci maddəsindən, həmin müqavilənin 1 nömrəli əlavəsindən, 16.08.2017-ci il tarixli icarə müqaviləsinin 3.2-ci maddəsindən və həmin müqavilənin 1 nömrəli əlavəsindən, 17.11.2016-cı il tarixli podrat müqaviləsinin 4.2.5-ci maddəsindən və həmin müqavilənin 1 nömrəli əlavəsindən açıq aşkar görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC həmin müqavilə və əlavələrə əsasən müqavilə ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Müqavilələr üzrə öhdəliklər onlar tərəfindən tam formada icra edilmişdir Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-2(113)-1724/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İlk iddia üzrə İddiaçı MMC apelyasiya şikayəti verərək qətnamənin ilk iddianın rədd edildiyi hissədə ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində ilk iddia ərizəsində qeyd edilmiş əsaslar irəli sürülmüş, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh1 müqavilələri imzalamasa da, faktiki olaraq bütün danışıqları və qiymət razılaşmalarını o aparıb. Ona qarşı iddianın hüquqi əsasını Mülki Məcəllənin 49.3-cü maddəsi təşkil edir. "xxxx" MMC tərəfindən audit yoxlaması ilə yanaşı, məhkəməyə yemək xidməti göstərən "SeaPort Catering" şirkətinin təqdim etdiyi yemək qiymətlərini təqdim edilib. “SeaPort Catering”şirkətinin 2021-ci il tarixini təqdim etdiyi səhər yeməyinin qiyməti 1,90 manat, günorta və axşam yeməyinin qiymətiisə 3,30 manat olub. Nəzərə alsaq ki, "xxxx" MMC-nin təqdim etdiyi yeməklər 2016-2018-ci illərdə olub, həmin vaxt yeməyin qiyməti daha ucuz olub. İlk iddia üzrə cavabdeh "xxxx" MMC apelyasiya şikayətindən qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində qarşılıqlı iddia ərizəsindəki dəlillər irəli sürülmüş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə də kobud qanun pozuntusu ilə müşayiət olunan qətnamə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Bu isə işin faktiki halları ilə ciddi şəkildə təkzib edilir. İlkin iddiaçının özü iddiasında, digər Cavabdeh1 isə məhkəmədə tədqiq edilən ifadəsində açıq-aşkar borclu olduqlarını etiraf etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan sonra müəyyən olunmuşdur ki, sözügedən müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsasən bağlanmış, tərəflərin görüləcək işlərin və alınacaq malların qiymətini qarşılıqlı razılaşmaya əsasən müəyyən etmiş və bu barədə öhdəlik götürmüşdür. Əgər bu xüsusatın özü məhkəmə tərəfindən müəyyən edilibsə, deməli İddiaçı MMC götürülmüş öhdəliyin icra edilməməsi də göz qabağındadır. Daha açıq ifadə etmiş olsaq ilkin iddiaçı bizim tərəfimizdən müqavilə öhdəliklərinin icra edilməməsini mübahisələndirmir, sadəcə göstərilmiş xidmətin real bazar qiymətindən baha göstərilməsini mübahisələndirir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu xüsusata düzgün hüquqi qiymət verilmədiyindən qəbul edilmiş qətnamə də işin hallarına uyğun olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi sübut kimi təqdim edilmiş maliyyə arayışı, təhvil-təslim aktları və auditor rəyinə də qərəzli yanaşma nümayiş etdirmiş və nəticədə hazırki iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar qərəzli olaraq aydınlaşdırılmamışdır. İşə baxılması sonuncu dəfə 27.10.2021-ci il tarixə təxirə salınmış, ilk iddia üzrə cavabdeh “Təmir-Tikinti Müəssisəsi“ MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclasda iştirak etmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 Yuriyeviçin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddiaçının apelyasiya şikayətinə etirazə edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh “Təmir-Tikinti Müəssisəsi“ MMC-nin nümayəndəsi 06.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-1724/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk iddia üzrə İddiaçı iddia ərizəsinin əsasları bundan ibarətdir ki, MMC-də aparılmış daxili audit nəticəsində MMC-nin keçmiş əməkdaşı olmuş Cavabdeh1 "xxxx" MMC ilə şirkətin maraqlarına uyğun olmayan sövdələşməyə girməsi ilə əlaqədar 03.10.2016-17.11.2016-cı il tarixlərində müxtəlif növlü müqavilələr bağlanmış müqavilələrin əlverişsiz şərtlərlə, yəni yuxarı qiymətlərlə bağlandığı və nəticədə şirkətə 179425,66 manat ziyan vurulduğu müəyyən edilmişdir. İddiaçı həmin ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçının istinad etdiyi audit aktından çıxarış iş materiallarının 250-ci vərəqinə əlavə edilmişdir. Cavabdeh1 qarşı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 49.3-cü maddəsinə istinad olunur. Həmin normaya əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz“olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması nəticəsində işdəki sübutlara (əmək müqavilələrinə) əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 “GP Alpha Greenhouse" MMC-də 01.09.2016-cı il tarixdən baş mühəndis, 21.08.2017-ci il tarixdən direktor müavini və yalnız 10.01.2018-ci il tarixdən direktor vəzifəsinə işə götürülmüşdür. “GP Alpha Greenhouse" MMC-də daxili audit zamanı araşdırılan müqavilələri İddiaçı MMC-nin adından direktor Maşallah Tağıyev imzalanmışdır. Cavabdeh1 müqavilələrin imzalandığı dövrdə MMC-də baş mühəndis vəzifəsində işləmiş və şirkətin adından çıxış edən şəxs olmamışdır. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları Cavabdeh1 tərəfindən imzalanmamışdır. Baş mühəndis olduğu dövrdə Cavabdeh1la bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən onun əmək funksiyaları aşağıdakılar olmuşdur: layihələrin planlaması və həyata keçirilməsinə rəhbərlik etmək, layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s., layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. Göründüyü kimi, cavabdehin əmək funksiyalarına hüquqi şəxsin bağladığı müqavilələrin bazar qiymətlərinə uyğun olubolmadığını araşdırmaq aid edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh Cavabdeh1 qarşı hissədə iddianın əsaslı olduğu sübutlarla təsdiq edilmədiyindən ilk iddianın ona qarşı hissədə rədd edilməsinə dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.“ Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Məhkəmə hesab edir ki, “GP Alpha Greenhouse"xxxx"xxxx" MMC arasında bağlanmış müqavilələrdəki qiymətlər tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsinə uyğun olaraq müəyyən edildiyindən həmin qiymətlər digər şirkətlərin eyni mallar və xidmətlər üçün təqdim etdiyi qiymətlərdən artıq olsa belə müqavilə azadlığı prinsipinə uyğun olaraq qiymətlərin artıq olan hissəsi hüquqi şəxsə vurulmuş ziyan kimi qiymətləndirilə və qarşı tərəfdən tutula bilməz. Buna görə məhkəmə kollegiyası hesab edir ki, ilk iddia "xxxx" MMC-yə qarşı hissədə də əsassız olduğundan qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil. Cavabdeh2 tərəfindən qarşılıqlı iddia tələbi ilə bağlı sübut qismində 23.06.2021-ci il tarixli, 370 saylı “X1” MMC-nin auditor rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, bağlanmış müqavilələrə əsasən (o cümlədən 03 oktyabr 2016-cı il tarixli, GPA1604-LS/HM-0825 nömrəli, 05 oktyabr 2016-cı il tarixli, GP-A1604-8722 saylı, 25 oktyabr 2016-cı il tarixli, GP-A1604-967217 nömrəli və 17 noyabr 2016-cı il tarixli, GP- A1604-10939 nömrəli) İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas məbləğ üzrə borcu 91362,58 manat təşkil edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yalnız audit rəyi əsasında İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 91362,58 manat borclu olduğunu müəyyən etmək mümkün olmadığından qarşılıqlı iddia tələbi birinci instansiya məhkəməsinə iddianın əsasları ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyinə görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2.-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apelyasiya şikayətinə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar təqdim edilmiş, həmin sübutların həcminin çox olması ilə əlaqədar elektron məhkəmə sisteminə yüklənməsi mümkün olmadığı üçün birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası elektron sistemə yüklənməsi mümkün olmayan sübutların apelyasiya instansiyası məhkəməsinə təqdim edildiyi kimi kağız daşıyıcıda birinci instansiya məhkəməsinə də təqdim edilməsinin mümkün olduğunu nəzərə alaraq hesab etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci instansiya məhkəməsində araşdırma predmeti olmamış apelyasiya instansiya məhkəməsinə təqdim etdiyi sənədlər (yeni sübutlar) prosessual normaların tələblərinə əsasən sübut qismində qəbul edilə bilməz. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayətində qarşılıqlı iddia ərizəsində qeyd edilmiş məbləğdə borcun mövcudluğunun ilk iddia üzrə iddia ərizəsinin məzmunundan və Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatlarda açıq-aşkar göründüyü qeyd edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia ərizəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələb etdiyi borcun mövcudluğunun təsdiq edildiyi müəyyən edilməmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia üzrə cavabdeh olmadığından onun tərəfindənİddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında öhdəliyinin icra edilmədiyinin təsdiq etməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini qarşılıqlı iddia tələbini sübut etmək vəzifəsindən azad etmir. Belə ki, MPM-nin 191.3-cü maddəsinə əsasən yalnız cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki tərəfin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-1724/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı GP Alpha Greenhouse" MMC-nin və cavabdeh Təmir-Tikinti Müəssisəsi MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli e-2-2(113)-1724/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar