Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1108/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-1161/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 94169.24 manat əsas borcun, Konstitusiya məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc mənbləğinin 5 faizi olan 4708 manatın, 5000 manat əldən çıxmış faydanın, 400 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 104777.24 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1161/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 90841,53 manat əsas borc, 3922,70 manat faiz borcu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 95664,23 (doxsan beş min altı yüz altmış dörd manat iyirmi üç qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1161/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. İddiaçı cavabdehdən sözü gedən məbləği ona görə tələb edir ki, hal-hazırda istintaq altında olan Mayıl Hacıyev adlı şəxs əvvəllər "xxxx" MMC-də işləmiş, bundan sonra Mayıl Hacıyev ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, sonra o iddiaçını aldadaraq və onun etibarından sui istifadə edərək "xxxx" MMC-nin adından iddiaçıya müraciət edərək, hazırki iş üzrə iddia tələbini təşkil edən məbləğdə mallar əldə etmiş, lakin həmin malları onlara məlum olmayan və maraq dairəmizə aid olmayan istiqamətlərə sərf etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə fakt üzrə başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır. Birinci instansiya məhkəməsinə cinayət işinin başlanması və Mayıl Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müvafiq sübutlar təqdim edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin faktlara lazımi hüquqi qiymət verməmiş, baş vermiş dələduzluq cinayəti ilə hazırki kommersiya mübahisəsi arasında olan səbəbli əlaqənin olub-olmamasını aydınlaşdırmamışdır. Bununla da qəbul olunmuş qətnamə qanuni və əsaslı olmamışdır. Maddi hüquq normasını birinci instansiya məhkəməsi tətbiq edərək hesab etmişdir ki, iddiaçının mallarını mənimsəmiş Mayıl Hacıyevin hərəkətlərinə görə cavabdeh məsuliyyət daşımalıdır və bu hal onun risk dairəsindədir. Halbuki, Mayıl Hacıyev buna görə cinayət məsuliyyətinə cəlb edilib və törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, iddiaçı isə həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmişdir. Hazrki mübahisənin predmeti olan mallar cavabdehə təqdim olunmamışdır. X15 adlı şəxs tərəfindən dələduzluqla ələ keçirilmiş, iddiaçı bu cinayətin qurbanı olmuş və ARDİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə olan halda birinci instansiya məhkəməsi maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Qətnamədə həmin maddi hüquq normasına ümumiyyətlə istinad yoxdur. Halbuki, iddiaçı israr edir ki, cavabdehlə alğı-satqı münasibətlərindən irəli gələn mallar vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mallar məhz cavabdehə təqdim olunub. Halbuki, bu faktiki halı etibarlı şəkildə təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, bunun əksini sübut edən istintaq materialları ilə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
10. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi…;
11. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
15. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə ümumilikdə 261313,70 manat məbləğində (ƏDV daxil olmaqla) mal (sement məhsulları) təhvil verilmiş, həmin məhsulların dəyərinin bir qismi (144437,31 manat əsas borc, 26034,86 manat ƏDV) ödənilmiş, qalıq borc olan 90841,53 manat ödənilməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, göstərilən mallar (sement məhsulları) iddiaçı tərəfindən "xxxx" Azərbaycan ASC-dən alınmış, iddiaçının göstərişi ilə alınmış mallar cavabdehin ünvanına - bütün aktlar üzrə İmişli rayonuna (2021-2022-ci illər ərzində) çatdırılmışdır. Göstərilən halı məhkəmənin rəsmi sorğusuna cavab olaraq "xxxx" Azərbaycan ASC də təsdiq etmişdir. Cavabdehin ünvanına çatdırılmış mallar üzrə iddiaçı tərəfindən ona elektron qaimələr təqdim edilmiş, qaimələr üzrə 144437,31 manat əsas borc, 26034,86 manat ƏDV ödənilmişdir.
24. Cavabdeh iddiaya etiraz edərək onun ünvanına çatdırılmış malların cavabdehin nümayəndəsi kimi özünü təqdim etmiş, əvvəllər onların işçisi olmuş Mayıl Hacıyev tərəfindən mənimsənildiyini, həmin malları sonuncunun qəbul edərək onları müxtəlif şəxslərə dəyərindən aşağı qiymətə satdığını bildirmiş, həmin malların onların mülkiyyətinə daxil olmadığı üçün dəyərinin onlardan tələb edilməsinin yolverilməz olduğunu bildirir. Cavabdeh bu mövqeyini apellyasiya şikayətində də təkrarlamışdır.
25. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin qanuni təmsilçisinin ərizəsi əsasında 79.089,35 manat dəyərində sement məhsulu ələ keçirməkdə şübhəli bilinən X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
26. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-420/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkəməyə daxil olmuş vəsatət və təqdimata əsasən X7 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü ”FS Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinə Cavabdeh nümayəndəsi kimi təqdim etməklə İddiaçındən sifariş edəcəyi sement məhsullarını Cavabdeh İmişli rayon layihəsinə çatdıracağı adı ilə 2021-ci ilin sonlarından 2022-ci ilin ortalarınadək olan dövr ərzində hissə-hissə olmaqla İddiaçı "xxxx" şirkəti vasitəsi ilə İmişli rayonuna 79.089,35 manat dəyərində sement məhsulu göndərməsinə nail olmuş və həmin sement məhsullarını İmişli rayonunda qəbul edərək rayon sakinləri X6 və X2 dəyərindən aşağı sataraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 79.089,35 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə də X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 07 avqust 2024-cü il tarixdə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş və həmin tarixdə də sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmənin adışəkilən qərarı əsasında onun barəsində 03 ay 23 gün müddətinə, yəni 30 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.
27. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçı həmin malları tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə (artıq dəyəri ödənilmiş əvvəlki partiya mallar kimi) cavabdehin ünvanına təhvil vermiş, cavabdehin ünvanına çatdırılmış malların sonradan cavabdehin işçisi olmuş Mayıl Hacıyev adlı şəxs tərəfindən digər şəxslərə satmaqla cavabdehə zərər vurmasından məlumatsız olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları Mayıl Hacıyev adlı şəxsə təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında iddiaçının göstərilən haldan məlumatlıı olmadığını təsdiq etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, M.Hacıyev adlı şəxs barəsində cinayət işi məhz cavabdehin müraciəti əsasında başlanmışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi elektron qaimələrə etiraz verilməmiş, xx.xx.2022-ci il tarixədək qüvvəsi olan müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı təklif göndərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış qalıq borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə bu mövqeyə gələrkən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsaslanmışdır. (bax 12-ci bənd)
28. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.
29. Mülki Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
30. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
31. Həmin Məcəllənin (borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti) 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
32. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
33. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
34. Göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh öz işçisinin hərəkətləri üçün məsuliyyət daşıyır və işçinin hərəkətləri borclunun hərəkətləri hesab edilir. Ona görə kollegiya hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehin öz işçisinə reqress qaydada iddia irəli sürməsi qanunvericiliyə əsasən mümkündür.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1161/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.