Məhkəmə qərarları › İş №2-2(103)-1109/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1109/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1109/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2817/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X7” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X7” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02/01-2021 nömrəli 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 177840 ədəd damazlıq yumurtaya görə yaranmış 88920 manat borcun ödənilməsi, müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50% miqdarında 44460 manat dəymiş zərərin, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli e-2-2(113)-2817/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən (VÖEN: **********) 25.01.2021-ci il tarixli 02/01-2021 nömrəli müqaviləyə əsasən ödənilməmiş 88920 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,99 manat məbləğində pulun tutularaq iddiaçı “X7” MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən bu işə baxılan zaman məhkəmədə iddianı etiraf etmək səlahiyyəti onun nümayəndəsinə rəsmi olaraq verilməmiş və işə buraxılan nümayəndə də rəsmi olaraq iddianı qismən qəbul etməsi barədə məhkəməyə rəsmi ərizə təqdim etməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi məhsullar xarab çıxmış və quşçuluqda həmin yumurtalardan lazımi qaydada istifadə edə bilməmişlər. Ona görə də, həmin məhsulun pulunu cavabdeh təşkilat olaraq ödəməkdən imtina etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 25.01.2021-ci il tarixli 02/01-2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı “X7” MMC (1 ədədin qiyməti 0,50 manat məbləğində olmaqla) damazlıq yumurtanı alıcı Cavabdeh MMC-yə satmağı, alıcı Cavabdeh MMC isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 88920 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində əsas borcun tutulması hissəsində iddianı qəbul etmiş və 88920 manat borcun olduğunu bildirmişdir. Apellyasiya şikayətində isə cavabdeh həmin hissədə də iddiaya etiraz etmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır. Belə ki, iş materiallarında olan 30.01.2021-ci il, 04.02.2021-ci il, 06.02.2021-ci il və 10.02.2021-ci il tarixli malların təhvil-qəbul aktlarına və elektron qaimələrə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 88920 manat dəyərində mallar verilmişdir. Eyni zamanda həm birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin izahatından, həm də apelyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı tərəfindən həqiqətən həmin məbləğdə mallar cavabdehə təhvil verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 567-ci maddəsinə əsasən satılmış malların dəyəri olan 88920 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində əsas borcun mövcud olduğunu və satılmış malların keyfiyyətini mübahisələndirmədiyi halda, apellyasiya şikayətində bu halları mübahisələndirmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan başqa kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı tərəfindən cavabdehə verilmiş mallarda hər hansı qüsur aşkar edilsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qüsursuz şəkildə qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2817/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.07.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar