Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1109/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixdə 4804/23M nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, alıcıya onun sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”larında öz əksini tapacaqdır.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir; 4.2-ci bəndinə əsasən, mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir; 4.3-cü bəndinə əsasən, mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir.
5. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% öncədən avans şəkilində Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır; 5.2-ci bəndinə əsasən, malların dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram gününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilməlidir.
6. 16.09.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən profillər, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən profil 40x20x1,3 (metak), xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən profil 40x20x13 (metak), xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 574,19 manat məbləğində elektrod, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 4194,12 manat məbləğində profillər, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 1802,57 manat məbləğində profil, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 3596,64 manat məbləğində profillər, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvilqəbul aktı”na əsasən profil 60x60x4,0 (Qost), xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvilqəbul aktı”na əsasən 12,000 PKT, elektrod 3,25 mm (Askaynak), xx.xx.2024-cü il tarixli 106770 saylı “Malların təhvil-qəbul aktı”na əsasən profillər və qara tikişli borular, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 204,61 manat məbləğində polad təbəqə, xx.xx.2024-cü il tarixli ******* saylı “Malların təhvil-qəbul aktı”na əsasən 1997,76 manat məbləğində profil İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********91 saylı e-qaiməyə əsasən 3566,41 manat, xx.xx.2024-cü il tarixli MT**********02 saylı e-qaiməyə əsasən 3364,42 manat, xx.xx.2024-cü il tarixli MT**********93 saylı e-qaiməyə əsasən 2017,80 manat, xx.xx.2024-cü il tarixli MT**********24 saylı e-qaiməyə əsasən 4718,82 manat, xx.xx.2024-cü il tarixli MT**********22 saylı e-qaiməyə əsasən 202,49 manat, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10638166 nömrəli elektron qaimə-fakturaya əsasən 4438,38 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10664761 nömrəli elektron qaimə-fakturaya əsasən 4640,94 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10745303 nömrəli elektron qaimə-fakturaya əsasən 3968,34 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10770506 nömrəli elektron qaimə-fakturaya əsasən 574,18 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11267452 nömrəli elektron qaimə-fakturaya əsasən 1802,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11240552 nömrəli elektron qaimə-fakturaya əsasən 4194,12 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11223701 nömrəli elektron qaimə-fakturaya əsasən 3596,64 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11364130 nömrəli elektron qaimə-fakturaya əsasən 1722,21 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10061427 nömrəli elektron qaimə-fakturaya əsasən 15981,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10061423 nömrəli elektron qaimə-fakturaya əsasən 202,49 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10119837 nömrəli elektron qaimə-fakturaya əsasən 204,61 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10627232 nömrəli elektron qaimə-fakturaya əsasən 1997,76 manat məbləğində e-qaimələr göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixində borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış, borcun 10 (on) iş günü müddətində ödənilməsi xahiş olunaraq, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışında 12 ədəd elektron-qaimə üzrə yaranmış borc məbləğləri əks olunmuş, xx.xx.2025-c il tarixinə Cavabdeh MMC-nin cəmi 29 869,98 manat borcunun olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 29 869,98 (iyirmi doqquz min səkkiz yüz altmış doqquz manat, 98 qəpik) manat əsas borc, 3584,39 (üç mi n beş yüz səksən dörd manat, 39 qəpik) manat dəbbə pulu, 190,36 (yüz doxsan manat 36 qəpik) manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilə bağlanmış, müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “Malların təhvil-qəbul” aktından aydın olur ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi satıcı tərəfindən 43 323,93 manat (qırx üç min üç yüz iyirmi üç manat, 93 qəpik) (ƏDV daxil) məbləğində mallar alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki, alıcı tərəfindən alınmış malların müqabilində 13 453,95 (on üç min dörd yüz əlli üç manat 95 qəpik) manat (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmiş, lakin qalan məbləği təşkil edən 29 869,98 (iyirmi doqquz min səkkiz yüz altmış doqquz manat, 98 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin ödənilməsi həyata keçirilməmişdir. xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Ödənilməmiş malların dəyəri 29 869,98 (iyirmi doqquz min səkkiz yüz altmış doqquz manat, 98 qəpik) manat təşkil edir, həmin məbləğin 12 (on iki) faizi 3584,39 manat (üç min beş yüz səksən dörd manat, 39 qəpik) təşkil edir və ümumilikdə 29 869,98 + 3 584,39 = 33 454,37 manat (otuz üç min dörd yüz əlli dörd manat, 37 qəpik) tələb məbləği yaranmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində №001896 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış, həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də məktuba bir cavab alınmışdır. xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.
12. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
13. Birinci instansiya məhkəməsinin 04 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 29 869,98 manat əsas borcun, 1494 manat dəbbə pulunun və və dövlət rüsumunun əvəzi olaraq 184 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh tərəf EMİS vasitəsilə işin ərazi aidiyyətini mübahisələndirsə də, sonradan cavabdehin vəkili tərəfindən vəkil qismində işə qoşulması barədə müraciət daxil olsa da, bu müddət ərzində iddia tələbinə, iddia məbləğinə hərhansı etiraz nə məhkəmə iclaslarında iştirak etməklə şifahi, nə də yazılı qaydada məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən borc məbləği mübahisələndirilməmişdir. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla - müqavilə, malların təhvil-qəbul aktları və elektron qaimə və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 29 869,98 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
15. İddiaçının “3584,39 manat dəbbə pulunun tutulması” tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin ödənişləri gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulu tələb etməkdə haqlıdır – lakin tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, 1494 manat həcmində müəyyən edilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 184 manat cavabdehdən tutulyb iddiaçıya ödənilməlidir.
17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 462.1-ci, 467-ci, 567-ci, 568.1-ci, 579.1-ci, Vergi Məcəlləsinin 71-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına istinad etmişdir.
18. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin müddətinin göstərilməməsi səbəbindən onun etibarsız müqavilə olduğunu, eləcə də dəbbə pulunun hansı qaydada hesablandığına dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyini nəzərə almamış, borc məbləğini dəqiqləşdirmək üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmayaraq qanunsuz nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
21. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin üzrlü halla bağlı gələ bilmədiyinə dair hər hansı sübut təqdim etmədiyi, eləcə də onun şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
41. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
42. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
43. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
44. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
45. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
50. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
51. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
52. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır - müqavilədə xüsusi olaraq göstərilmişdir ki, qaiməni alan alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu, qaimə üzrə təqdim edilmiş malların alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır.
53. Cavabdeh iddiaçının borcun məbləği ilə bağlı mötəbər sübut təqdim etmədiyini və borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsinin zəruri olduğunu bildirsə də, iş materiallarında olan təhvil-təslim aktları və elektron qaimələr iddiaçının cavabdehə malları təhvil verilməsini təsdiq edir və cavabdeh də həmin sənədləri mübahisələndirməmişdir.
54. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 22). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
56. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
57. Göstərilənlərdən çıxış edərək kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə ekspertizanın təyin olunmasına hər hansı zərurət mövcud deyildir.
58. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.
59. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:
60. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
61. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
62. Apellyatorun, “müqavilənin müddətinin göstərilməməsi səbəbindən onun etibarsız müqavilə olduğu” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, müqavilənin 10.1-ci bəndində onun xx.xx.2024-cü il tarixinədək qüvvədə olacağı və müddətin bitməsinə 10 gün qalmış xitam barədə bildiriş verilməzsə eyni müddətə uzadılacağı nəzərdə tutulmuşdur; ikincisi isə, müqavilədə müvafiq müddətin göstərilməməsi onun etibarsızlığı üçün əsas deyildir.
63. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3334/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Tural Qocayev