Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-111/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə (əvvəlki adı "xxxx" MMC) qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4078/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında 14 yanvar 2020-ci il tarixdə 2020/ASM/011 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı ASC tərəfindən cavabdeh “1ST Construction" MMC-yə müxtəlif növ sement məhsulları satılmışdır. Müqavilədə qeyd edilmişdir ki, ödəniş gecikdirildiyi halda İddiaçı ASC gecikdirilən hər bir gün üçün əsas borcun 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər.
2. Malların təhvil verilməsinə sübut olaraq xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 221460 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 268077 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 912968 nömrəli və xx.xx.2020-ci il tarixli EBAK seriyalı 541009 nömrəli elektron qaimələr təqdim edilmişdir.
3. 01 iyun 2021-ci il tarixli İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC arasında bağlanan borcun etirafı və ödənilməsinə dair sazişdən görünür ki, “1ST Construction" MMC müqavilə üzrə yaranmış ƏDV daxil 119876,35 manat məbləğində borcunu etiraf etməklə həmin borcu hissə-hissə iyun- 2021-may 2022-ci il tarixlərdə ödəməyi öhdəsinə götürmüş, sazişdə qeyd edilmişdir ki, qeyd edilmiş ödəniş qaydalarına uyğun ödənişlər həyata keçirilmədiyi təqdirdə 47361,66 manat cərimə də daxil olmaqla 167238,01 manat borcu ödəməyi öhdəsinə götürmüşdür.
4. OD6 nömrəli ödəniş tapdırğından görünür ki, İddiaçı ASC 160 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərci “İsmayılbəyli və partnyorları” vəkil bürosuna ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “1ST Construction" MMC-dən 66777 manat borcun, 26522,53 manat cərimənin, 160 manat vəkil xərcinin, cəmi 93459,53 manat məbləğində pulun birdəfəlik tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “1ST Construction" MMC arasında 14 yanvar 2020-ci il tarixli 2020/ASM/011 nömrəli “sementin alğı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Sözügedən müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 66777 manat əsas borc və 26522,53 manat cərimə, ümumilikdə 93299,53 manat məbləğində pul ödəməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4078/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilərək cavabdeh “1ST Construction" MMC-dən 66777 manat əsas borc, 2223 manat cərimə və 160 manat vəkil xərci cəmi 69160 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmiçdir ki, İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir.
9. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 2223 manat məbləğində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-4078/2022 nömrəli qətnaməsinin qismən – iddia tələblərinin təmin edilməsi hissədə ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, malların təhvil verilməsi barədə işdə heç bir sübut mövcud deyildir. Məhkəmə yalnız elektron qaimələrə istinad etmişdir ki, bu qaimələr öz-özlüyündə malın təhvil verilməsini sübut etmir. Cavabdeh iddiaçıya olan bütün borcunu ödəmişdir. Məhkəmə malın dəyərinin ödənilib-ödənilmədiyi araşdırmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 882.1-ci maddə-borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddə-bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-ci maddə-bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 462.1-ci maddə-dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddə-dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddə-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 14.Qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbini təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4078/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə dəyəri tələb edilən malların təhvil verildiyini mübahisələndirməklə yanaşı iddiaçıya olan bütün borcun ödənildiyini bildirərək bu halın məhkəmə tərəfindən araşdırılmasını xahiş etmiş, lakin ödənişləri təsdiq edən sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
17. İş materiallarından görünür ki, tərəflər arasında 01 iyun 2021-ci il tarixdə mövcud borcun etirafı barədə saziş imzalanmış və cavabdeh həmin tarixə iddiaçıya ƏDV daxil 119876,35 manat əsas borcunu təsdiq etmişdir. MM-nin 882.2-ci maddəsinə əsasən cavabdeh həmin sazişi imzalamaqla iddiaçıya qarşı başlıca əqddən-yəni alq—satqı müqaviləsindən irəli gələn etirazlarını irəli sürmək hüququnu itirmişdir. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddanın əsaslı olduğu kifayət qədər mötəbər sübutlarla təsdiq edilir.
18. Tərəflər arasında bağlanmış müqavilədə, o cümlədən 01 iyun 2021-ci il tarixli mövcud borcun etirafı barədə sazişdə cavabdeh iddiaçıya 47361,66 manat cərimə ödəyəcəyini qəbul etdiyindən qətnamə cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edilir. Tutulmuş 2223 manat cərimə manat əsas borca mütənasib olduğundan cərimə borcunun azaldılması və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmənəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4078/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4078/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.