Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1111/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh arasında 30 avqust 2022-ci il tarixli, UNİT 93/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq ehtiyat hissəslərini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir; 2.5-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir; 2.7-ci bəndinə əsasən müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 2.8-ci bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənməsini gecikdirərsə, satıcı alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər.
2. İddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV ilə birlikdə 15412,6 manat təşkil edən xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 448618 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 357392 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 884356 nömrəli, xx.xx.2022ci il tarixli, EBCM seriyalı, 230137 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 506778 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 692775 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 127279 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 037782 nömrəli elektron qaimələr göndərilmişdir.
3. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd olunur ki, Cavabdeh (VÖEN 2********) “Uni-Trade MMC ilə bağladığı 30 avqust 2022-ci il tarixil UNİT 93/2022 saylı müqaviləyə əsasən dəyəri 15412,60 manat (ƏDV daxil) olan ehtiyyat hissəsi almışdır. Cavabdehin iddiaçıya 13061,56 manat əsas və 2351,04 manat ƏDV borcu, eləcə də müqavilənin 6.1.5-ci bəndinə əsasən 770,63 manat cərimə borcu vardır.
4. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcu, 770,63 manat məbləğində cərimə olmaqla, cəmi 16182 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqının, 139 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 93/2022 nömrəli 30 avqust 2022-ci il tarixli alqı-satqı müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi 2351,05 manat ƏDV və 13061,55 manat ödənilməmiş əsas borc qalmışdır. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə 770 manat 63 qəpik təşkil edir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə həm elektron kargüzarlıq, həmdə kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bugünədək cavabdeh verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət edərək, borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.
7. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, bank hesabı üzrə çıxarış, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahı təqdim edilmişdir. Həmin sənədlərin heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi, həmin sənədlərin hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici "xxxx" MMC qeyd edilir. Daha sonra, bank hesabı üzrə çıxarışda təyinat kimi yanacağın alqı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha sonra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X4, X2 barədədir. Həmçinin həmin sənəd də kserosurət olmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 da həmin sənədlərin hazırkı işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırkı iş üzrə yekun qərar çıxarılarkən istinad edilə bilməz. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhviltəslim aktı mövcud deyil. Həmin iclasda iş xx.xx.2024-cü il tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmiş, həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları yüklənmişdir. Əvvəla, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir. Həmçinin, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Bundan əlavə, həmin təhviltəslim aktlarında Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır. Ona görə yuxarıda qeyd olunanlar nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin (hakim – Zeynəb Axundova) 2024-cü il 9 dekabr tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 13061,5 manat (on üç min altmış bir manat əlli qəpik) əsas borc, 2351,05 manat (iki min üç yüz əlli bir manat beş qəpik) ƏDV məbləği, 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə və ödənilmiş dövlət rüsumuna görə 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) olmaqla, ümumilikdə 16321,78 manat (on altı min üç yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 13061,5 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi əsas məbləğ) əsas borc, 2351,05 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində iş materiallarında olan elektron qaimələr cavabdehə göndərilmişdir. Qaimələrdə malların adları, miqdarı, bir ədədinin qiyməti, yekun məbləği barədə məlumatlar öz əksini tapmışdır. Qaimələr sistem tərəfindən təsdiq olunsa da, sonradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin hazırkı etirazı əsaslı deyildir.
10. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və tələb edilən 770,63 manat (yeddi yüz yetmiş manat altmış üç qəpik) cərimə Cavabdeh alınaraq iddiaçıya ödənməlidir.
11. Məhkəmə hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,55 manat (yüz otuz səkkiz manat əlli beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Hüquqi yardımla bağlı hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 700 manat məbləğində ödəniş edilməsi ilə əlaqədar sübut məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 462.1, 467, 567, 598.1, 598.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı, Paşa bankın hesab üzrə çıxarışı, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahının heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi həmin sənədlərin hazırki işə heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici "xxxx" MMC qeyd edilir. Daha sonra, Paşa bankın hesab üzrə çıxarışında təyinat kimi yanacağın alğı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha sonra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırki işdə tərəf olmayan X4, X2 barədədir. Həmçinin, həmin sənəd də kserosurət olmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 da həmin sənədlərin hazırki işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırki iş üzrə yekun qərar çıxarılarkən istinad edilməməli idi. Lakin məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə iclasında təhvil-təslim aktlarının kserosurət olması və həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısının saxtalaşdırılaraq məhkəməyə təqdim olunması bildirilsə də, məhkəmə buna münasibət bildirməmiş və elektron-qaimənin sistem tərəfindən təsdiq edildiyini bildirərək iddianı təmin etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəfimdən iddiaçının nümayəndəsi Nümayəndə2 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhvil-təslim aktı mövcud deyil. İşə sədrlik edən hakim tərəflərin əlavə hər hansı sübut təqdim edib-etməyəcəyi barədə fikrini soruşduqdan sonra xx.xx.2024-cü il tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmişdir. Həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları yüklənmişdir. Əvvəla qeyd edir ki, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir. Azərbaycan Respubikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İkincisi, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Azərbaycan Respubikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Deməli, iddiaçı təhvil-təslim aktlarının əslini də məhkəməyə təqdim etməli idi. Üçüncüsü, həmin təhvil-təslim aktlarında Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan cərimə borcunu da əsassız olaraq tam təmin etmişdir. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuş və iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Bakı Apellyasiya Məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər - Ziya Şirinov (sədrlik edən və məruzəçi), Leyla Əliyeva və Təranə Mahmudova) 13 mart 2025-ci il tarixli, 2-2(103)-338/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təhvil-təslim aktlarının kserosurət olmasına və imzanın saxtalaşdırılmasına əsaslansa da, istinad etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir. Məsələn cavabdehin imza nümunələri, cavabdehin imzası və ya yazısı olan digər sənədlər, mötəbərliyi şübhə altına alan halı təsdiq edən sübut təqdim edilməmişdir. E-qaimələrə nəyə görə etiraz edilməməsi də əsaslandırılmamışdır. Qeyd edilən səbəblərdən cavabdehin məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə apellyasiya icraatında verdiyi vəsatət təmin edilməməlidir.
19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq e-qaimələri digər sübutlarla (təhvil-təslim aktları ilə) əlaqəli şəkildə qiymətləndirmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh şikayətdə dəbbə pulunun məhkəmə tərəfindən nəyə görə təmin edilməsini əsassız hesab etdiyini göstərməmişdir. Aktların kserosurət olması isə qəbul edilə bilməz. Çünki elektron kabinetdən görünür ki, sistemə yüklənərkən aktların kserosurəti yüklənməyib. Həmçinin, iddiaçı təhvil-təslim aktlarını hazırlıq iclasında baxış iclası təyin edilən gün elektron kabinetə yerləşdirmişdir. Göründüyü kimi iddiaçı aktları baxış iclasında deyil, ona qədər yükləmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar əsassızdır.
21. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə xərclərinə daxil olan hüquqi xidmət xərci iddianın qiymətinə daxil deyil. Ona görə qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsini qeyd etmək prosessual baxımdan düzgün deyil. Məhkəmənin iddianın təmin edilməsini qeyd etməsi qanuna uyğundur. Həmçinin iddiaçı hüquqi yardımla bağlı müqaviləni və ödəniş tapşırığını təqdim etmədiyindən məhkəmə əsaslı olaraq xərci cavabdehdən tutumamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 448.1, 462.1, 467, 567, 598.2, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
23. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2-2(102)-465/2025 nömrəli qərarı ilə (hakimlər - Raqib Qurbanov (sədrlik edən və məruzəçi), Bəhram Məmmədli və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2-2(103)-338/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
25. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində işin məhkəmədə baxılması hazırlanması mərhələsi xx.xx.2024cü il tarixdə başa çatmış və həmin tarixdə keçirilən sonuncu məhkəmə hazırlıq iclasında hakim işi kifayət qədər hazırlanmış hesab etməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad qəbul etmişdir. Həmin qərardad qəbul edildikdən sonra iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə 3 ədəd təhvil-təslim aktı təqdim edilmişdir. Cavabdeh həmin aktların həqiqiliyini mübahisələndirərək, onların əsillərinin təqdim edilməsini xahiş etmiş və aktlardakı imzaların cavabdehə məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi həmin aktların əsillərinin təqdim edilməsini iddiaçıya təklif etməmiş və imzalarla bağlı cavabdehin dəlillərinə qiymət verməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin aktlara istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin aktları sübut kimi qiymətləndirmiş və həmin aktlarla bağlı cavabdehin dəlillərini əsassız hesab etmişdir. Bundan əlavə, MPM-in 89.3-cü maddəsinin tələblərinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırkı işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının həqiqiliyini mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi həmin aktların əsillərinə baxış keçirmədən onları sübut kimi qiymətləndirmiş və bununla da, MPM-in 89.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin aktlardakı imzaların cavabdehə məxsus olmaması ilə bağlı dəlillərin əsassızlığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinə dair qeyd edilir ki, məhkəmə cavabdehin imza nümunələrini təqdim etməməsinə istinad edə bilməzdi. Çünki məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmədiyi halda nümunələrin təqdim edilməsi üçün prosessual əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və cavabdeh tərəfindən imza nümunənələrinin təqdim edilməməsinə və onun adından olan imzaların ona məxsus olmaması ilə bağlı sübutların təqdim edilməməsinə əsaslanaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən imtina etmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdehin mübahisələndirdiyi təhvil-təslim aktlarının təqdim və tədqiq edilməsi ilə bağlı prosessual qaydalar pozulmuşdur, lakin apellyasiya instansiyası məhkəməsi həmin aktları sübut kimi qəbul edərək onlara istinad etmişdir. Həmin pozuntular isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilər.
27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 78.1, 78.1-1, 89.1, 89.3, 89.4, 97.1, 416.1, 416.2, 418.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
29. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
30. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
31. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.” 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cu maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2-2(102)-465/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2- 2(103)-338/2025 nömrəli qətnaməsi ləğv edilmiş və cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-5859/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
38. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında 30 avqust 2022-ci il tarixli, UNİT 93/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.
39. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış malların cavabdeh tərəfindən təhvil alındığını, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələrin təqdim edildiyini, lakin həmin qaimələr əsasında ödənişlərin həyata keçirilmədiyini, cavabdeh tərəf isə hər hansı malı təhvil almadığını bildirmişdir.
40. Məhkəmə kollegiyası, ilk növbədə, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 01 noyabr 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında qərardad qəbul edilərək iş 29 noyabr 2024-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. Həmin qərardad qəbul edildikdən sonra iddiaçı tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları təqdim edilmişdir. Lakin həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Apellyasiya məhkəməsində məhkəmə araşdırması zamanı tərəfin nümayəndəsi gecikmə səbəbini bu qəbildən olan müqavilələrin çoxluğu və xeyli müddət keçməsi ilə əlaqələndirsə də, məhkəmə kollegiyası hesab edir ki, bu, üzrlü səbəb hesab oluna bilməz. Belə ki, Azərbaycan Respubikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsi isə MPM-in 171-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi haqqında qərardad çıxarılmaqla yekunlaşır. Göründüyü kimi, iddiaçı həmin sənədləri məhkəmənin hazırlıq iclası bitdikdən və iş baxışa təyin edildikdən sonra təqdim etmişdir.
41. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respubikası MPM-in 89.3-cü maddəsinin tələblərinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi həmin aktların əsillərini məhkəməyə təqdim edə bilməmişdir.
42. Göstərilənlərə əsasən, qeyd edilən təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
43. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında ödəyici qismində hazırki işdə tərəf olmayan "xxxx" MMC qeyd edilmişdir. İş materiallarından, eləcə də iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı izahatından müəyyən olunur ki, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə, həm də "xxxx" MMC-nin direktorudur.
44. Həmçinin, göndərilən elektron qaimələrin siyahısında da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X4, X2 barəsindədir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi etiraf etmişdir ki, hal-hazırda cavabdeh olan Cavabdeh və onun həyat yoldaşı Sevil Quliyeva və qızı Nərmin Quliyeva arasında bacısının adına və həyat yoldaşının adına şirkətlər olsa da, icra edən, müqaviləni bağlayan, təhvil-təslim aktlarını imzalayan şəxs kimi səlahiyyətli nümayəndə hər zaman Cavabdeh olmuşdur.
45. Bundan əlavə, elektron qaimələrdə əsas kimi müqavilənin tarixi və nömrəsi göstərilməmiş, sadəcə olaraq müqaviləyə əsasən satış ifadəsi qeyd olunmuşdur.
46. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
47. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
48. Məhkəmə araşdırması zamanı tərəflər arasında daha öncə bu qəbildən olan müqavilənin bağlanmadığı və işgüzar adətlərin formalaşmadığı da müəyyən edilmişdir.
49. Beləliklə, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş elektron qaimələr qüsurlu olmaqla, digər sübutlarla da əlaqəli şəkildə tamamlanmır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır.
52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi dəyərləndirməni əsassız hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
53. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 139 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin cavabdehin apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5859/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 139 manat (yüz otuz doqquz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.