Məhkəmə qərarları › İş №2-2(103)-1112/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1112/2022

13.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1112/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5072/2022 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Məişət Xidməti Kombinatının Dövlət Sosial Müdafiə Fonduna olan 3860,39 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5072/2022 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətinə etiraz etdi. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumata və şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Məişət Xidməti Kombinatının əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsindən ibarətdir və o, mülkiyyət növü dövlət mülkiyyətinə daxil olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabeçilik əsasında fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsində isə təsbit olunmuşdur ki, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyrikommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qeyrikommersiya hüquqi şəxsləri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin bu o halda mümkün olur ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində təsbit edilmişdir ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan prosessual normadan isə müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 40-2 fəslində nəzərdə tutulmuş “Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” işlərə yalnız o vaxt kommersiya məhkəmələri tərəfindən baxılır ki, bu kommersiya fəaliyyəti ilə əlaqədar olsun. Lakin hazırki işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Məişət Xidməti Kombinatı kommersiya fəaliyyəti ilə məşğul olmur və ərizədə göstərilən Dövlət Sosial Müdafiə Fonduna olan 3860,39 manat məbləğində borcu onun kommersiya fəaliyyətindən irəli gəlmir. Bu halları Maraqlı şəxs da təsdiq etmişdir. Belə olan halda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Məişət Xidməti Kombinatının icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq ərizəyə mahiyyəti üzrə baxmış və bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.9-cu maddələrində isə təsbit olunmuşdur ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş materialları ərizəyə mahiyyəti üzrə baxılması üçün Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən maraqlı şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 387.2.9, 384.0.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5072/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar