Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1112/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 15.000 manat pulun və 135 manat ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq və ölkədaxili yükdaşıma ilə məşğul olur. 19 oktyabr 2024-cü il tarixində cavabdehlə iddiaçı arasında yükdaşıma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Türkiyə Respublikasının Gaziantep şəhərindən Bakı şəhərinə yük daşınmalı idi. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirmişdir. Lakin cavabdeh öz öhdəliklərini müxtəlif bəhanələrlə icra etmir və ya icra etməkdən yayınır. Cavabdeh tərəfə indiyə qədər həm yazılı, həm də şifahi şəkildə dəfələrlə pulun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Aralarında bağlanmış 19 oktyabr 2024-cü il tarixli daşınma müqaviləsinin 4-cü maddəsinə görə iddiaçının işi yükü təyinat yerinə çatdırmaqdır ki, iddiaçı da bu şərtə əməl etmiş və yükün daşınması müddətində heç bir qayda pozuntusuna yol verməmiş və ya iddiaçının təqsirindən hər hansı pozuntu halı baş verməmişdir və yaxud da daşıdığı yük korlanmamış, məhv olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyan 15.000 manat təşkil edir. Bu işin qeyd etdiyi faktiki tərəfləri ilə bərabər, qanunvericiliyikdə də iddiaçının qeyd etdiyi tələblərin hüquqi əsaslarını göstərən kifayət qədər hüquqi normalar mövcuddur.
3. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi hansı hüquqi şəxslə bağlandığı məlum olmayan razılaşmanın sonuncu səhifəsində olan 8-ci bənddə deyilir: “İş bu protokolun uygulanmasına ilişkin doğacak ihtilaflann hallinde Türk Hukuku uygulanacak olup İstanbul Mahkemeleri və İcra daireleri yetkilidir.” Sadəcə bu maddəyə münasibət kimi belə bir ağlabatan ehtimalla çıxış etmək olar ki, iddiaçının istinad etdiyi və formal olaraq təqdim etdiyi “sübut” Türkiyə dövlətinə məxsus hansısa şirkətlə iddiaçının arasında olan razılaşmadır. Buna görə də məhz mübahisə olduğu təqdirdə Türkiyə dövlətinə aid məhkəmələrə müraciət etmək konkretləşdirilmişdir. Lakin həmin razılaşmaya müəyyən dəyişiklik edilib və MMC-nin imzası olmadan loqosu vurulub.
4. Cavabdeh daha sonra iddia tələbinə qarşı daha bir etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi xarici hüquqi şəxslə bağladığı razılaşmanın sonuncu səhifəsində 8-ci bənddə qeyd edilir: “İş bu protokolun uygulanmasına ilişkin doğacak ihtilaflann hallinde Türk Hukuku uygulanacak olup İstanbul Mahkemeleri və İcra daireleri yetkilidir.” 9-cu bənddə isə deyilir: “Taraflar arasında işbu taşıma sözleşmesi hükumleri uygulanacaktır. Sözlüşmede hüküm bulunmaması halinde, Türk borclar kanunu və Türk ticaret kanunu və diger ilgili mevzuattaki tamamlayıcı hükümleri ve teamülleri uygunlanacaktır.” Göründüyü kimi, iddiaçı türk şirkətinə aid müqaviləyə istinad etmiş, buna görə də müqavilədə mübahisələrə Türkiyə məhkəmələri və Türkiyə qanunvericiliyi ilə baxılması sərtləşdirilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Axundova).
6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Hazırkı iddia tələbinin əsasını təşkil edən 19 oktyabr 2024-cü il tarixli daşıma müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər arasında mübahisə yaranarsa Türkiyə hüququ tətbiq olunacaq və mübahisələrə baxmağa İstanbul Məhkəmələri və İcra Dairələri səlahiyyətlidir. Müqavilənin 9- cu bəndinə əsasən isə tərəflər arasında bu daşıma müqaviləsinin müddəaları tətbiq olunacaq. Müqavilədə müvafiq müddəalar olmazsa, Türkiyə öhdəliklər və Türkiyə ticarət qanunvericiliyi tətbiq olunacaq.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e- 2-2(113)- 1336/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadından iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin təmin edilməsi xahiş edilmişdir.
10. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulan maddi ziyana görə 15000 manat pul və 135 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəmsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Komersiya Məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edilir. Belə ki, məhkəmənin istinad etdiyi norma, yəni Mülki Prosesual Məcəllənin 261.0.1-ci maddəsinə əsaslanmaq mülki qanuinvericiliyin normalarını pozmaqdır. Belə ki, Mülki Prosesual Məcəllənin 39.3 və 40.4cü maddələrinə əsasən müstəsna aidiyyətdə daşımacılıqla əlaqədar olaraq bağlanmış muqavilənin hansı halda tətbiq olunması göstərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh təşkilatın hüquqi ünvanı Azərbaycan Respublikasıdır. Çünki cavabdeh tərəfin məhkəmədə dəfələrlə istinad etdiyi internet səhifəsində Türkiyə Respublikasında heç bir hüquqi ünvanı və ya hər hansı işləmək icazəsi göstərilməmişdir.
11. Cavabdeh MMC-nin qanuni nümayəndəsi AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli qərardadı 15 aprel 2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sisteminə daxil edilmiş, 15 aprel 2025-ci il tarixdə iddiaçının və onun nümayəndəsi və vəkilinin “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan elektron kabinetlərinə yerləşdirilmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı şikayət iddiaçı tərəfindən həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir. İddiaçı şikayətində 2 günlük müddətin buraxıldığını bildirsə də, müddətin 5 gün buraxıldığı aşkar olur. Bundan başqa, iddia tərəfi şikayətində "Birinci instansiya məhkəməsinin qərardadından səhvən 2 gün gecikməklə şikayət verilmiş və məhkəmə buna qiymət vermişdir. Məhkəmədən xahiş edirik ki iki günlük müddəti üzürlü sayaraq" mövqeyini bildirsə də, iddia tərəfi müddətin buraxılmağını üzrlü sayan hər hansı üzrlü səbəbə istinad edə bilməmişdir. MPM-in tələblərinə əsasən, müddət üzrlü səbəbdən buraxıldıqda və bunu təsdiq edən tutarlı dəlillər təqdim edildikdə müddət bərpa oluna bilər. Lakin, iddia tərəfi heç bir tutarlı dəlilə istinad edə bilməmişlər və "səhvən gecikməyə" istinad etmişlər. Bu isə istənilən halda üzrlü səbəb ola bilməz. Çünki, MPM-in tələblərinə əsasən tərəflər prosessual müddətlərə riayət etməlidirlər və məhkəmə də həmin müddətlərə riayət edilməsini qorumalıdır. "Səhvən gecikmə" üzrlü və bəraət qazandıran səbəb deyil. Çünki iddia tərəfi şikayət vermək üçün 10 günlük müddətə riayət etmək vəzifəsini daşıyırdılar. Bundan başqa, iddia tərəfi təqdim etdiyi şikayətdə "Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh təşkilatın hüquqi ünvanı Azərbaycan Respublikasıdır. Çünki cavabdeh tərəfin məhkəmədə dəfələrlə istinad etdiyi internet səhifəsində Türkiyə Respublikasında hec bir hüquqi ünvanı və ya hər hansı işləmək icazəsi göstərilməmişdir." mövqeyini bildirsə də, qeyd edim ki, Morrex.org saytından aşkar şəkildə görünür ki, MMCnin Türkiyə Respublikasında -İstanbul Office -Kuştepe, X3. No:12,Kat 4 daire 405 34381 Şişli/İstanbul ünvanı mövcuddur. Görünür, iddia tərəfi həmin sayta sonadək nəzər yetirməmişlər.
13. Bakı Kommersiya Məhkəməsinin 27 may 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət üzrlü hesab edilmiş, 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 09 iyul 2025-ci il tarixli 2-2(103)-749/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
15. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Yəni, mülki prosessual qanunvericilik yük daşıyanlara qarşı iddialara münasibətdə müstəsna aidiyyət müəyyən etmişdir. Hazırkı icraatda isə 19 oktyabr 2024-cü il tarixli daşıma müqaviləsindən irəli gəlməklə nəqliyyat təşkilatı idarəsinə yönələn mübahisəyə baxılır. Belə olan halda, birinci instansiya məhkəməsi müqavilənin 8-ci bəndinə istinad edərək iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlmişdir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-in 39, 40.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2-2(102)-574/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 09 iyul 2025-ci il tarixli, 2-2(103)-749/2025 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – B.Məmmədli və A.Abbasov).
19. Kassasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1-ci maddəsi və MPM-in 2.1, 4.1-ci maddələrinə əsaslanaraq kollegiya qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri arasında olan məhkəmə mübahisəsinin həll edilməsi səlahiyyəti Azərbaycan dövlətinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasında da məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız Azərbaycan məhkəmələri həyata keçirirlər. Bu baxımdan kollegiya hesab edir ki, belə şəxslər arasında bağlanmış müqavilədə qeyd olunan şərtin, yəni mübahisənin Azərbaycan Respublikasının məhkəmələrində deyil, xarici dövlətin məhkəmələrində baxılması ilə bağlı razılaşmanın qanunauyğun olub-olmamasına qiymət verilməlidir. Bununla bağlı qeyd edilir ki, MPM-in “Ümumi qaydalar” adlı birinci bölməsinə aid normalarda belə razılaşmanın mümkünlüyü nəzərdə tutulmamışdır. MPM-in həmin bölməsinə aid “Ərazi aidiyyəti” adlı İV fəslində yer alan 40-cı maddəsi isə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələrinə aid ərazi aidiyyəti qaydalarının müqavilə əsasında dəyişdirilməsi ilə bağlı məsələləri tənzimləyir və hazırkı işdə tətbiq edilə bilməz. Bununla yanaşı, MPM-in 450.1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. MPM-in 450.2-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 450-ci maddəsi “Xarici şəxslərin iştirakı ilə icraat” adlı dördüncü bölmədə yer alsa da, MPM-in 450.1-ci maddəsi xarici şəxslərin iştirak etdiyi işlərə, 450.2-ci maddəsi isə xarici şəxslərin iştirak etdiyi işlərlə yanaşı yalnız Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinin iştirak etdiyi işlərə də aid edilməlidir. Belə yanaşma maddələrin birgə təfsirindən və MPM-in 450.2-ci maddəsinin dispozisiya şərtlərindən irəli gəlir. Çünki MPMin 450.2-ci maddəsində müəyyən edilən “tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa” şərti həm xarici şəxslərə, həm də Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinə aid edilən şərtdir. Bununla yanaşı qeyd olunur ki, beynəlxalq konvensiyalarda və ya Azərbaycan Respublikası ilə xarici dövlət arasında bağlanmış beynəlxalq müqavilələrdə belə şərtin, yəni Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri arasında olan məhkəmə mübahisəsinin xarici dövlətin məhkəmələrində baxılması ilə bağlı razılaşmanın bağlanmasını mümkün edən qaydalar nəzrdə tutula bilər. Lakin Azərbaycan Respublikası belə razılaşmanın bağlanmasını nəzərdə tutan 2005-ci il 30 iyun tarixli Haaqa Konvesiyasına qoşulmamışdır. Azərbaycan Respublikasının 2002-ci il 22 oktyabr tarixli 369-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında müqavilədə də analoji müddəalar nəzərdə tutulmamışdır.
20. Kassasiya instansiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125-ci, “Məhkəmələr və hakimlər haqqında” ”Azərbaycan Respublikası Qanununun 1-ci, MPM-in 2.1, 4.1, 261.0.1, 416, 450-ci maddələrinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.” 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Məhkəmənin mövqeyi
22. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
23. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)- 1336/2025 nömrəli qərardadı ləğv edilməli və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
24. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.
26. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 27 avqust 2012-ci il tarixli Qərarı)
27. Baxılan iş üzrə qeyd edilməlidir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan maddi ziyana görə 15000 manat pulun və 135 manat ödədiyi dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
28. İddia ərizəsindən aydın olur ki, bu iddiaçının tələbinin əsasını xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış yükdaşıma müqaviləsi təşkil edir.
29. Lakin birinci instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq Mülki Prosessual Məcəllənin 40.2 və 261.0.1-ci maddələrini tətbiq edərək iş üzrə icraata xitam vermişdir.
30. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
31. Həmçinin, Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmiş, həmin Məcəllənin 39cü maddəsi ilə isə mübahisə üçün müstəsna aidiyyət müəyyən edilmişdir.
32. Mülki Prosessual Məcəllənin 39.3-cü maddəsinə əsasən yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz.
33. Məhkəmə kollegiyası qeyd edir ki, yüklərin daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar üzrə mübahisələrə baxılmasının ərazi aidiyyəti müqavilə şərtləri ilə müəyyən edilə bilməz. Həmin mübahisələrə nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilməlidir.
34. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 450.2-ci maddəsində təsbit edilmişdir ki, tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. MPM-in həmin maddəsi “Xarici şəxslərin iştirakı ilə icraat” adlı dördüncü bölmədə yer alsa da, həm xarici şəxslərə, həm də Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxslərinə aid edilir.
35. MPM-in 450.2-ci maddəsində nəzərdə tutulan şərtlər olmadıqda isə tərəflər arasında olan belə razılaşma etibarsızdır və mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasını qeyri-mümkün edən hal kimi qiymətləndirilə bilməz.
36. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs, Cavabdeh isə Azərbaycan Respublikasında təsis edilmiş kommersiya hüquqi şəxsdir. Tərəflərin Türkiyə Respublikasında hüquqi ünvanı və ya hər hansı işləmək icazəsinin olması barədə iş materiallarında heç bir məlumat mövcud deyildir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli qərardadı ləğv edilməli və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 398.0.2, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2-2(113)-1336/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.