Məhkəmə qərarları › İş №2-2(103)-1113/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1113/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1113/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1767/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 05.02.2019-cu il tarixdə bağlanmış alqı-satqı və xidmət müqavilələrinə əsasən görülən işin müqabilində yaranmış əsas borc 25.937,58 manat borcun, əldən çıxmış fayda kimi 25.000 manat pulun, dəbbə pulu kimi 1.621 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 25.937,58 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə 1.621 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən, iddianın təmin olunduğu hissədə ləğv olunması və iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsi 31.07.2021-ci il tarixdə, onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə, cavabdehin nümayəndəsi Nümayəndə2 çatdırılmış (iş vərəqi - 239), cavabdehin apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 02.09.2021-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət 1 gün ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, qanunun sözügedən tələbinə zidd olaraq, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1767/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar