Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1114/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, iddiaçı "xxxx" QSC-nin Cavabdehna qarşı müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasına dair iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli e-2-2(113)-792/2021 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh X2 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.600 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X4 arasında 30.07.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh satış məqsədi üçün iddiaçıya reklam kateqoriyalı malları iddiaçının sifarişi ilə göndərir. İddiaçı tərəfindən ödənişin cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən mallar sifariş üzrə tam həcmdə çatdırılmamışdır. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehin bank hesabına müxtəlif vaxtlarda olmaqla – 2500, 3900, 2000, 4000, 2200 – olmaqla, ümumilikdə 14.600,00 manat məbləğdə vəsait köçürülmüşdür. Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən sifarişlərin yalnız bir hissəsi icra edilmişdir. Beləliklə, 10.600 manat məbləğində vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu ödəniş qarşılığında öhdəliklər icra edilməmiş, sifarişlər iddiaçıya çatdırılmamışdır. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ödənilməli olan vəsait - 10.600 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-2(113)-792/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “müqavilə üzrə hazırlanmış malların faktiki istehsal olunan sayı və çeşidlər qətnamədə düzgün qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçı üçün hər birinin dəyəri 3.550 manat olan 2 ədəd köşk; 1 ədəd dəyəri 450 manat olan divariçi bankomat üçün çətir (735*1340 mm); 1 ədəd dəyəri 550,00 (beş yüz əlli) manat olan divariçi bankomat üçün çətir (790*1400 mm); 1 ədəd dəyəri 1450,00 (bir min dörd yüz əlli) manat olan bankomat üçün metal çərçivə istehsal olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən səhv verilmiş ölçülər nəticəsində dəyəri (bir köşkün yenidən qurulması - 650 manat, bir metal çərçivənin yenidən qurulması - 250 manat, 3D modellərin və çertyojların hazırlanması – 500 manat, ölçülərin götürülməsi: Bakı şəhəri, 2 gün, Sumqayıt şəhəri, 2 gün – 250 manat) təşkil edilən dəyişikliklər və doqquz aydan artıq müddət ərzində bütün bu prosesin aparılmasına da tərəfimizdən xərclər edilmişdir. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi iddiaçı tərəfindən sifariş olunmuş mallardan bir ədəd köşkün və bir ədəd köşkün karkasının hazır olması, lakin iddiaçının həmin malları təhvil almaqdan imtina etməsi, eləcə də 14.600 manat məbləğində qabaqcadan ödənişi köşk və çətirlərin hazırlanması üçün zəruri malmateriallara xərcləməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə və iş materiallarına əlavə olunmuş, 30.04.2020, 21.05.2020 və 27.07.2020-ci il tarixlərdə edilən və ümumilikdə 14.600 manat təşkil edən 5 sayda bank ödəniş tapşırıqlarından və iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş 30.07.2020-ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi, butun ödəmələr müqavilədən qabaq həyata keçirilmişdir. Bu halın özü həmin köçürmələrin 30.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qabaqcadan ödəmə deyil, məhz 28.04.2020- ci il tarixli müqavilə üzrə nümunələrin hazırlanması üçün edildiyi barədə cavabdehin mövqeyini, birbaşa olaraq, bir daha təsdiqləyir Azərbaycan Beynəlxalq bankının internet səhifəsində reklam konstruksiyalarının istehsalı üçün tender elanını gördkdə, bu tenderdə birgə iştirak və əməkdaşlıq təklifi haqqında İddiaçıin rəhbəri tanışım Samir Əliyevə müraciət etdim. Samir razılaşdı və məni görüş üçün ofisinə dəvət etdi. Orada İddiaçıin meneceri Nicat Əliyevlə tanış olduq. Bütün digər iş və danışıqlar onunla aparıldı. Samir və Nicat həvəslə əməkdaşlığa razılıq verdilər. Konstruksiyaların hər kvadrat metrinin qiymətini razılaşdıraraq, hansı texnologiya ilə işləyəcəyimizə qərar verərək ABB-a müşahidə məktubu hazırladım. Daha sonra mən iddiaçıya dizaynerimin hazırladığı konstruksiyaların modellərini və 3D modelləri təqdim etdim. Məktub ABB-ə təqdim edildikdən sonra Nicat Əliyev məni, bu layihənin kuratoru kimi ABB-nın baş ofisinin işçiləri ilə görüşə dəvət etdi. Görüşdə mən iddiaçının əməkdaşı kimi təqdim edilməklə peşəkar təəssüratla qarşılanaraq tenderin qalibi olduq. İddiaçı ilə mənim aramızda olan müqaviləyə əsasən bir köşkün qiyməti – 3.600 manat, bankomat üçün böyük çətirin qiyməti – 550 manat, bankomat üçün kiçik çətirin qiyməti – 450 manat təşkil edirdi. Nicat dedi ki, texniki tapşırıq vermədən, yəni konstruksiyaların ölçülərini və dəqiq görünüşünü vermədən 1 bankomat köşkü və 1 çətır nümunə kimi istehsal etməliyik. İddiaçını təlimatlarına əsaslanaraq köşk və çətiri istehsal etdik, halbuki, yazışmalarımda iddiaçıdan dəfələrlə texniki tapşırıq tələb etmişdim. Nümunələr tamamlandı, ABB-nın əməkdaşı Rüstam emalatxanaya gəldi, səhv ölçüləri, səhv dizayn olduğunu bildirərək, bir neçə gün ərzində yeni nümunələri hazırlamağını istədi. İlk nümunənin istehsalından əvvəl iddiaçı 2020-ci ilin aprel ayında 2.000 manat məbləğində ödəniş etdi. Nəhayət Nicat və Rüstəm Abbasovdan ölçüləri və texniki tapşırıqla əlaqədar rəsmi bir məktub aldıqdan sonra yeni bir köşk istehsal etməyə başladıq və nümunə olaraq bir bankomat üçün metal bir çərçivə və yeni çətir hazırlamaq tapşırığı mənə verildi. Tapşırıq yerinə yetirildikdən sonra Nicatdan mənə SMS gəldi ki, ölçüləri dəyişmək lazımdır. Metal, kompozit və digər istehlak materiallarının alınması üçün ödəniş edilməsini bildirdim. Ödəniş uzun müddət razılaşdırıldıqdan sonra 2.500 manat məbləğində edildi. Yeni bir köşk və çərçivənin hazırlanması prosesində Nicat gecəyarısı mənə zəng vuraraq dedi ki, sabah “Express” Bankın əməkdaşları ilə istehsal müəssisəmizə gələcək, yeni bankomat köşklərinin sifariş edilməsi üçün nə edə biləcəyimizi görmək istəyirlər. Lakin, bunun aldatma olduğu ortaya çıxdı. “Express” Bank adı altında bir reklam agentliyinin işçiləri Nicatla birlikdə texnologiyamızı kopyalamaq üçün emalatxanamıza gəldilər. Sonra məlum oldu ki, iddiaçı sadəcə bizdən istifadə edib və sifarişin miqdarı və məbləği ilə bağlı şifahi razılaşmalarımızı yerinə yetirməyi planlaşdırmayıb. Nümunələr hazırlandı, ABB əməkdaşı Rüstəm Abbasova foto və video görüntülər göndərildi və işimiz çox bəyənildi. Görüləcək işlərin dəyəri 200.000 manat təşkil edirdi. ABB-nin marketinq şöbəsinin müdiri Fərid və Rüstəm Abbasovla müəssisəmizdə görüşü gözləyirdik. Bir ay keçdi, heç kim gəlmədi. Bu müddət ərzində, gələcək köşklərin və çətirlərin istehsalı və quraşdırılması üçün Bakı və Sumqayıt şəhərlərinin yarısını gəzərək, Nicatın göndərdiyi ünvanlara getdik, ölçülər götürdük, vaxtımızı və maddi resurslarımızı israf etdik. Bir neçə həftə sonra, nəhayət, 200.000 manatlıq dəyəri olan işlərin müqabilində bizim hesaba əvvəlcədən ödəniş şəklində 10.100 manat daxil oldu. Hər gün yazıb zəng vururdum, onların səfərini gözləyirdim. 5 həftə sonra Rüstəm Abbasov, Fərid, Nicat bizim emalatxanamıza gəldilər. Rüstəm Abbasov görülən işdən məmnun qaldı, köşk, çətir və metal çərçivə qəbul edilərək təsdiq edildi. Görüşdə kütləvi istehsalın başlanması üçün köşklərin, çətirlərin və quraşdırma yerlərinin sayı müzakirə edildi. Nicat həmin gün axşam saatlarında sifariş məbləği təxminən 200.000 manat olan miqdarı və çatdırılması lazım olan bölgələri göndərdi (e-mail apellyasiya şikayətinə əlavə olunub). Son tarix 2020-ci ilin sonuna qədər idi. Biz razılaşdıq. Ertəsi gün əvvəlcədən ödəmə ilə bağlı müraciətimə Nicat cavab verdi ki, əvvəlcədən ödəmə olmayacaq. Lakin əvvəlcədən ödəmə olmadan 200.000 manatlıq kütləvi istehsala başlamaq mümkün deyil. Buna baxmayaraq, materialların bir hissəsini öz hesabımıza aldıq. Vaxt itirməmək üçün hissəhissə istehsal proseslərini hazırlamağa başladıq. İkinci köşk, çərçivə və çətir emalatxanamızın yaxınlığında qalırdı. Onların saxlanması üçün biz icarəyə verənə hər ay 50 manat verirdik. Görüşdən təqribən iki gün keçdi və Nicat bizə sabah səhər saat 10:00da Şüvalanda ilk nümunəvi köşkü qurmağımızı istədi. İş gününün bitdikdən sonra işləmək məcburiyyətində qaldıq, baxmayaraq ki, quraşdırma işlərinə görə bir neçə gün əvvəlcədən sifariş olunacağı barədə razılaşmışdıq. İddiaçı bilərəkdən münasibətlərin gərginləşməsinə süni şərait yaratmağa başladı. Nümunə quraşdırıldıqdan sonra ABB-nin əməkdaşı Rüstəm Abbasov heç bir irad bildirmədən işi qəbul etdi. Həmin vaxt Nicatdan SMS aldım ki, “hər şeyi dayandırırıq, heç nə etməyin və ofisimizə gəlin”. Görüşdə Nicat, Samir və yeni menecer Ritac iştirak edirdilər. Vəziyyət gərgin idi. Görüşdə Nicat bizə dedi ki, başqa bir reklam şirkəti 3000 manata köşk istehsal etməyə hazırdır, əgər bu məbləğdə işləmək istəmirsənsə, əlvida. Münaqişə başladı. Bundan əlavə, görüş Nicatın iştirakı olmadan keçirildi. Samir Nicatın o qədər də səriştəli olmadığını və Ritacla gələcək danışıqların aparılacağını söylədi. Bizə iddiaçının başqa bir reklam şirkətinə (emalatxanamıza Ekspres bankın əməkdaşları adı altında gələn) sifariş vermək məcburiyyətində qaldığını söylədilər. Məlum oldu ki, iddiaçının məqsədi bizdən maksimal fayda götürdükdən sonra bizi işlərdən uzaqlaşdırılmaq idi. Həmin an üçün tərəfimizdən dəyəri aşağıda göstərilən işlər artıq tamamlanmışdır: hər biri 3.600,00 manat dəyərində olan iki ədəd köşk -7.200 manat, hər biri 500 manat dəyərində olan iki ədəd çətir - 1.000 manat, 1.700,00 manat dəyərində olan bir ədəd metal çərçivə, Nicat və Rüstəm Abbasov tərəfindən verilən səhv ölçülər səbəbiylə edilən dəyişikliklər, ümumilikdə - 12.000 manat. Bütün bunlardan sonra iddiaçı, Bakı şəhəri Xətai rayonunda quraşdırılmış yalnız 1 köşk və 1 çətir nəzərə alınmaqla, qanunsuz olaraq, sifariş olunan hazır konstruksiyaları götürmədən, köçürülən məbləğin qaytarılmasını tələb etməyə başladı. Bir neçə ay keçdikdən sonra da iddiaçı emalatxananın yanında saxlanılan hazır məhsulları götürməkdən imtina etdi. Yeni ildən əvvəl Ritac hazırkı vəziyyətii müzakirə etmək üçün görüşə dəvət etdi, pulun geri qaytarılmasını istəyirdilər. Razılaşdım, iddiaçının ofisinə gəldim, Nicat iclasda iştirak etdi, köşk və çətirlərin bizim tərəfindən istehsal olunması barədə ABB-a yazdığım məktubdan sonra o çox aqressiv idi. Görüş yüksək tonlarla keçirdi, yazdığım məktuba görə Nicat məni hədələdi. Cavab verdim ki, həqiqətə qəzəblənə bilməzsən ... Menecerlər Ritac və Nicata köşkün 4 aydan artıqdır ki, küçədə dayandığından sonra zədələndiyini və götürmək istəsələr təmirə ehtiyacı olduğunu bildirdim. Lakin onlar bildirdilər ki, təmiri öz hesabımıza etməliyik ... Həm də bildirdilər ki, mənim gördüyüm işə görə pul ödəməyəcəklər (ABB ilə yazışmalar, dizayn, rəsmlər, 3D modellər və s.). WhatsApp vasitəsi ilə Ritacla görülən işlərin xərclərini təsvir edərək, köşk və 3D modellərin rəsmləri ilə təmiri istisna olmaqla, təxminən 2.000 manatlıq geri ödəmə ilə razılaşdıq. İddiaçı təkidlə bu xidmətlərin pulunu ödəməkdən imtina etdi. Bundan sonra iddiaçı sifariş etdiyi hazır konstruksiyaları götürmədən bizə qarşı məhkəmədə iddia qaldırmışdır.” İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 15.12.2021-ci il tarixə təxirə salınmış, iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, sonuncu iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli e-2-2(113)-792/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı QSC (alıcı) ilə X4 (satıcı) arasında 30 iyul 2020-ci il tarixdə 300720 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satış məqsədi üçün alıcıya “reklam” kateqoriyalı mallar, bu müqavilənin ayrılmaz hissəsi olan invoysa əsasən alıcının sifarişinə uyğun formalaşdıraraq göndərir. Müqavilədə sifariş edilən malların nədən ibarət olduğu, qiyməti, o cümlədən öhdəliyin icra müddəti qeyd edilməmişdir. Müqavilənin 9.3-cü bəndində onun 31.12.2021-ci il tarixədək qüvvədə olacağı qeyd edilmişdir. İşdəki 21.05.2020-ci il tarixli, 27.07.2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı QSC tərəfindən X1 hesabına cəmi 14.600 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC tərəfindən cavabdehin elektron poçtuna sifariş sənədi (purchase order) göndərilmişdir.(iş materialları 137-ci vərəq) Həmin sənəddən görünür ki, İddiaçı QSC tərəfindən Nural Mirhadiyevə aşağıdakı mallar sifariş verilmişdir: 1 ədədin dəyəri qiyməti 3.550 manat olan 11 ədəd ATM bankomat üçün 1-li köşk, 1 ədədin qiyməti 450 manat olan 7 ədəd divariçi bankomat üçün çətir (735*1340 mm), 1 ədədin qiyməti 450 manat olan 5 ədəd divariçi bankomat üçün çətir (790*1400 mm), cəmi 44.450 manat məbləğində olan mal sifariş edilmişdir. Sifariş edilmiş malların son təhvil tarixi 05.09.2020-ci il qeyd edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh bu müddət ərzində dəyəri 4000 manat olan (3.550 manat qiyməti olan 1 ədəd köşkü və 450 manat qiyməti olan 1 ədəd çətiri) malın təhvil verildiyini, qalan malların təhvil verilmədiyini göstərərək ödənilmiş vəsaitin geri qaytarılması barədə tələb irəli sürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri alıcı və satıcı kimi qeyd edilsə də, cavabdeh iddiaçının sifariş verdiyi malları öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət ərzində öz materialları ilə istehsal edərək təhvil verməyi öhdəsinə götürdüyündən məhkəmə hesab edir ki, tərəflər arasındakı podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 445.8.-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətində əsas kimi istinad etdiyi hallar bundan ibarətdir ki, iddiaçıya təhvil verilmiş köşkdən əlavə bir köşk də hazır edilmiş, lakin iddiaçı qəbul etməkdən imtina etmişdir. Eyni zamanda tərəflərin razılaşmasına əsasən əslində təxminən 200.000 manat məbləğində mal sifariş verilməli olduğu halda, iddiaçı razılaşmanı pozmuş, onun çəkdiyi xərclərin, mal-materialın dəyərini ödəməkdən imtina etmişdir. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, 2000 manat məbləğində vəsaitin qarşı tərəfə qaytarılmasına razılıq versə də, qalan məbləğ onun çəkdiyi xərclərə görə geri tələb oluna bilməz. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh tərəf öhdəliyin icra müddəti ərzində ikinci köşkün hazır olması, onun təhvil alınması ilə bağı bu barədə o cümlədən mal-materiallara çəkilmiş xərclər barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən sifariş edilmiş malın ümumi dəyəri 44.450 manatdan artıq olmamış, sifariş sənədində hazırlanmalı olan köşklərin və çətirlərin ölçüləri öz əksini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, cavabdehin məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları cavabdehin etirazının əsaslarını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. MPM-in 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Cavabdeh tərəfindən təqdim edilmiş yazışmaların iddiaçının səlahiyyətli nümayəndəsi ilə həyata keçirildiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi sözügedən yazışmalarda mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məlumat mövcud deyil. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Apellyasiya şikayətində cavabdeh həyata keçirilmiş ödənişlərin müqavilə bağlandığı tarixdən əvvəl hazırlanmış nümunələrə görə ödənildiyini qeyd etsə də, məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasındakı münasibətlər pozulduqdan sonra ödənilmiş məbləğdən 2000 manat qaytarılmasına razılıq verdiyini təsdiq etməsi, hazırladığı köşkün dəyərini tələb etməməsi, birinci instansiya məhkəməsində cavabdehin öz izahatında ödənişin müəyyən hissəsinin sifariş verildikdən sonra həyata keçirildiyini göstərməsi iddiaçının ödədiyi vəsaitin 44.450 manat məbləğində sifariş verilmiş malla əlaqədar ödənildiyini təsdiq edir. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etdiyinə dair işdə mötəbər sübutlar olmadığından iddianın əsaslı olduğuna dair məhkəmənin mövqeyi əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli e-2- 2(113)-792/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli e-2-2(113)-792/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1114/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1114/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver