Məhkəmə qərarları › İş №2-2(103)-1115/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1115/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1115/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3443/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X3 Masoud Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçıya ödənilməli 6900 (altı min doqquz yüz) AZN məbləğin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.08.2021-ci il tarixli e-2-2(113)-3443/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı X3 Masoud ilə sifarişçi Cavabdeh MMC arasında 21 yanvar 2021-ci il tarixli texniki məsləhət xidmətlərinin göstərilməsinə dair çərçivə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sonuncuya mühəndislik sahəsində EN 1090 standartına görə layihənin qaynaq işlərində məsləhət verməyi, EN 1090 üzrə Layihənin sənədləşdirilməsinin tətbiqinə dair xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində iddiaçıya aylıq 2300 AZN xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, xidmətlər göstərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliklərə əməl etməmiş və 2021-ci ilin mart, aprel və may ayları üzrə cəmi 6900 manat xidmət haqqını ona ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icraçı müqavilənin 3.1.2-ci bəndinə müvafiq olaraq, tapşırıqları nə yazılı, nə də şifahi şəkildə icra etməmiş və müqavilənin 3.1.6-ci bəndindəki yazılı hesabatları sifarişçiyə təqdim edə bilməmişdir. Bütün bunların nəticəsidir ki, icraçı müqavilənin 3.2.3-cü bəndinə əsasən xidmət göstərilməsini dayandırmışdır. Müqavilənin 3.2.3-cü bəndində və 4.3-cü bəndində xidmətin fasiləsiz, davamlı olanda, yəni icraçı müəyyən tapşırıqları icra etməyə davam etdiyi müddətdə sifarişçidən əlavə tapşırıqlar almazsa belə, aylıq ödənişlərin olunması göstərilsə də, heç bir iş görmədən, heç bir xidmət göstərmədən haqq tələb etmək müqavilə şərtlərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçıya mühəndislik xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, cavabdeh iddiaya etirazının əsası kimi iddiaçı tərəfindən xidmətlərin göstərilməməsi ilə əlaqələndirir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya tapşırıq verilmədiyi aylarda belə, bu bölmənin 4.1. maddəsində yazılmış olan məbləğ (2300 AZN) hər ay icraçıya ödənilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə, sifarişçi tərəfindən icraçıya tapşırıq verilmədiyi aylarda belə 2300 manat pulun iddiaçıya verilməsi barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə isə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri də əsassızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 3 ay üçün cəmi 6900 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3443/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar