Məhkəmə qərarları › İş №2-2(103)-112/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-112/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-112/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Holcim (Azərbaycan) ASC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-61/2020 saylı, xx.xx.2020-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “Holcim (Azərbaycan)” ASC cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixində bağlanmış 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” QSC tərəfindən iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə 27299,8 manat məbləğində borcun və 23701,6 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 51031,5 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinə əsasən klinker məhsulu göndərilmiş, lakin sonuncu aldığı məzsulların dəyərini tam olaraq ödəməmiş, 27299,8 manat məbləğində borcu bu günə kimi ödənilməmiş qalmışdır. xx.xx.2017-ci il tarixində cavabdehlə aralarında bağlanan üzləşmə aktında tərəflər cavabdehin əsas borcunun 27 299 manat məbləğində olmasını təsdiq etmişlər. xx.xx.2018-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, həmin borcun xx.xx.2018-ci il tarixədək ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilənin 3.3.4-cü və 3.3.6-cı maddələrində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1 faiz cərimə tələb etmək hüququna malikdir. Cavabdehin müqavilə üzrə ödənişi gecikdirməsinə görə hazırki tarixədək yaranmış cərimə məbləği 23701,6 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-61/2020 saylı, xx.xx.2020-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən - 27.299,80 manat əsas borc, 230 manat cərimə olmaqla, cəmi, 27.529,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutlaraq iddiaçının xeyrinə ödənilməsi və ekspertiza xərcinin əvəzi olaraq ondan 112 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, qətnamənin xeyli hissəsində tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 2016-2531 394989 saylı alqı-satqı müqaviləsinin hansı şəraitdə və necə icra edildiyini göstərmək əvəzinə, yalnız müqavilənin şərtlərini şərh edilmiş, daha sonra iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla, xx.xx.2016-cı il tarixli 101125 saylı qaimə-fakturaya əsasən - 23.536,93 manat , xx.xx.2016-cı il tarixli 394610 saylı qaimə-fakturaya əsasən 20687,76 manat dəyərində mal təhvil verildiyi göstərilmişdir. Bu barədə məhkəmə gedişində həmin qaimə-fakturaların və üzləşmə aktındakı imzaların direktor “Alim Nərimanova” məxsus olmadığı və bu imzaların saxtalaşdırıldığı barədə məlumat verilmiş və bu məlumat əsasında məhkəmə tərəfindən xətt ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2020-ci il tarixli, 404 saylı ekspert rəy verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 41-ci vərəqəsində olan xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktında «xxxx» QSC-nin baş mühasibi, Nərimanov Alim yazıları qarşısındakı imza X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyində həmçinin, qaimə-fakturalardakı imzaların da Alim Nərimanova məxsus olmadığı və bu imzaların da saxtalaşdırıldığı göstərilsə də hakim bu barədə qətnamədə məlumat vermir. Bu onu təsdiq edir ki, həqiqətən tərəflər arasında müqavilə bağlansa da, sonuncuya faktiki mal təhvil verilməyib, yalnız saxta sənəd tərtib edilib. Bu fakt həm də onunla təsdiq olunur ki, «xxxx» QSC-nin uzun müddətdir heç bir fəaliyyəti olmayıb. Həmin fakt «xxxx» QSC-nin vergi ödəyicisi kimi, fəaliyyətsizliyində öz əksini tapır. Lakin məhkəmənin əsas kimi göstərdiyi «xxxx» QSC-nin ƏDV-nin depozit hesabından çıxarışla təsdiq olunmuş klinker alınması barədə ƏDV kimi 5400 manat ödəniş edilməsi onunla izah olunur ki,«xxxx» QSC-nin «Holcim (Azərbaycan)» ASC ilə daha əvvəl 50.000 manatlıq müqaviləsi olmuşdur ki, bu məbləğ də həmin məbləğə aiddir. Belə ki, təqdim olunmuş «xxxx» QSC-nin «xxxx» ASC-də xx.xx.2016-cı ildə açılmış 4- 200278-1 nömrəli hesabdan çıxarışa nəzər yetirsək görərik ki, «xxxx» QSC-nin «Holcim (Azərbaycan)» ASC-yə xx.xx.2016-cı ildə 12.000 manat, xx.xx.2016-cı ildə 18.000 manat, xx.xx.2016-cı ildə 5400 manat və xx.xx.2016-cı ildə 18.000 manat ödənişləri olmuşdur ki, bunların da cəmi iddiaçının tələb etdiyi məbləğdən xeyli çoxdur, (hesabdan çıxarışın surəti əlavə olunur.) Bundan əlavə, bir müəssisənin digər müəssisəyə ƏDV və ya digər ödənişlər etməsi heç də o demək deyildir ki, həmin müəssisənin ödədiyi məbləğdn artıq borcu vardır. «xxxx» QSC 2011-ci ildən fəaliyyət göstərmişdir.Ola bilsin ki, əvvəlki dövrlərdə QSC-nin özünün və ya onun təsisçilərinn digər müəssisələrinin öhdəliklərini qarşılıqlı razılaşma əsasında və ya bağlanmış müqaviləyə görə avans olaraq QSC-dən ödənilsin, lakin bu borc olması demək deyil. Bir də onu qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə əsasən bir müəssisə digər müəssisəyə mal satarkən verdiyi və qarşı tərəfin qəbul etdiyi hesab fakturaya əsasən 5 gün müddətində elektron hesab faktura təqdim etməlidir.Burada isə bele elektron hesab təqdim edilməmişdir. Bu da onu bir daha təsdiq edir ki, iddiaçı tərəf saxta yolla cavabdehdən pul tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Fərziyev apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Qafarlı, apellyasiya şikayətinə etirazını və maliyyə arayışını məhkəməyə təqdim edərək, iddia cavabdehin hesabdan çıxarışda qeyd etdiyi ödənişlərinin, onun özünün də şikayətində qeyd etdyi kimi, əvvəllər iddiaçıdan aldığı sement məhsulları ilə əlaqədar olduğunu, ödənişlərin əvvəlki borclarına silindiyini və bir hissəsin hazırkı müqavilə üzrə iki qaiməfaktura üzrə yaranan borcuna yönəldildiyini və tərəflər arasında imzalanıb müəssisələrin möhürləri ilə təsdiq olunmuş üzləşmə aktı ilə qalıq borcun təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixində sement məhsullarının alqısatqısına dair müqavilə bağlandığı və həmin müqaviləyə qiymət əlavəsində göstərilən qiymətlərlə cavabdehə sement məhsulları satıldığı işin mübahisələndirilməyən halıdır. Cavabdehin apellyasiya şikayətinin məzmununa əsasən ümumilikdə belə anlaşılır ki, o, xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə bütün borclarını ödəmiş, iddia tələbində istinad olunan qaimə fakturalar və üzləşmə aktı saxtadır, hal-hazırda iddiaçı hər hansı borcu yoxdur. Lakin cavabdehin özünün apellyasiya şikayətində qeyd etdiyi hallar, eyni zamanda, qəbul etmədiyi işə əlavə olunmuş sübutar baxımından, iddia tələbinin əsaslı olduğu öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil: - xx.xx.2016-cı il tarixli 101125 saylı qaimə-fakturaya əsasən 23.536,93 manat; - xx.xx.2016-cı il tarixli 394610 saylı qaimə-fakturaya əsasən 20687,76 manat - cəmi 44.224,69 manat dəyərində mal təhvil verilmişdir. İşə əlavə olunmuş, cavabdehin imza və möhürləri ilə təsdiq olunmuş yük-nəqliyyat qaimələrindən də görünür ki, xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixlərdə iddiaçı tərəfindən göndərilmiş sement məhsulları cavabdeh tərəfindən qəbul olunmuşdur. Daha sonra, tərəflər öz aralarında xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktı tərtib edərək təsdiq etmişlər ki, dekabrın 31-nə cavabdehin iddiaçıya olan - ƏDV daxil cari borcu: 27.299 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdeh tərəfi birinci instansiya məhkəməsində işə baxılarkən həmin qaimə-fakturalarda və üzləşmə aktında olan imzaları mübahisələndirmiş və məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli, 404 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-ci vərəqəsində olan xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktında “xxxx” QSC-nin baş mühasibi, Nərimanov Alim yazıları qarşısındakı imza-X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olnumuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən üzləşmə aktındakı həmin imza alqı-satqı müqaviləsini bağlayan alıcı “xxxx QSC-nin dairəvi möhürü ilə də təsdiq olumuşdur. Onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən həmin möhür əksinin saxta olduğu mübahisələndirilməmişdir. Belə olan halda, Mülki Məcələnin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Cavabdehin məhkəməyə təqdim etdiyi hesabdanan çıxarışda, habelə iddiaçının maliyyə arayışında təsbit olunan məlumatlardan igörünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixində 12.000 manat, xx.xx.2016-cı il tarixində 18.000 manat, xx.xx.2016-cı il tarixində 5400 manat, xx.xx.2016-cı il tarixində 18000 manat, xx.xx.2017ci il tarixində 1400 manat məbləğində iddiaçıya ödənişlər etmişdir. Qeyd olunan halda xx.xx.2016-cı il tarixində edilmiş 12.000 manat məbləğində ödənişin xx.xx.2016-cı il tarixli müqavilədən əvvəlki dövrə təsadüf etdiyinə görə həmin müqavilə üzrə alınmış məhsula görə ödəniş kimi qəbul edilməsi istisna olunur. Digər ödənişlərə gəldikdə isə iddiaçının maliyyə arayışından, habelə, cavabdehin özünün apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə qədər də onlar arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər, mövcud olmuş, cavabdehə 50 000 manata yaxın m sement məsulları satılmış və iddiaçının ödənişləri ilk öncə onun əvvəlki borclarına aid edilmiş, daha sonra hazırkı xx.xx.2016-cı il tarxli alqı-satqı müqaviləsindən irəli gələn borclarıının hesabından silinmiş və son nəticədə tərəflər xx xxxxxx 2017-ci il tarixində qalıq borcun 27.299 manat təşkil etməsi barədə qarşılıqlı üzləşmə aktını təsdiq etmişlər. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh qeyd olunan üzləşmə aktı ilə iddiaçı qarşısında 27.299 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Beləliklə də, iddiaçı təhvil verdiyi mallara görə həmin qalıq borcun cavabdehdən tələb etməkdə haqlı olduğu sübuta yetirilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasındakı alqı-satqı müqavilənin 3.3.3-cü bəndindən görünür ki, satıcı alıcını malın dəyərini malı əldə etdiyi tarixdən gec olmayaraq satıcıya ödəməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmənin əsas borc tələbinə münasibətdə gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası həmin hissədə qətnamə ilə razılaşır. Qətnamədən həmçinin görünür ki, iddia dəbbə pulu tələbi hissəsində, Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla, qismən təmin olunmuş və iddiaçı tərəfindən həmin hissədən apellyasiya şikayəti verilməmişdir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin 6.2-ci bəndi isə nəzərdə tutur ki, alıcının ödənişi gecikdirdiyi hər günə görə 0.1 faiz ödəməlidir. İddiaçı tələbində ödənişin gecikdirilməsinə görə cavabdehdən 23701,6 manat cərimə borcunun tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi qətnaməsində bununla bağlı Mülki Məcəlləsinin 467-ci maddəsinə istinadən, cərimə məbləğinin 230 manatpadək azaldılmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, həmin məbləğdə cərimə iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi məbləğin heç bir faizini belə təşkil etmir. Halbuki, borcun ödənilməsi iki ildən də çox gecikdirilmişdir. Göründüyü kimi, həmin məbləğdə cərimə cavabdehin əsaslı mənafelərinə xələl gətirməsi istsna edilir. MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar