Məhkəmə qərarları › İş №2-2(103)-112/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-112/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-112/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X2 qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi ilə bağlı yaranmış borc tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 1389/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı məhkəməyə cavabdehin adından imzalanmış xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli “Qala” ailəvi restoranına ərzaq məhsullarının satışı barədə tərtib edilmiş alqı-satqı müqaviləsi təqdim etmişdir

2. Təqdim edildiyi iddia edilən mallarla bağlı cavabdehin AVİZ sistemindəki elektron ünvanına EAAP seriyalı 823280 saylı xx.xx.2019-ci il tarixli və EAAS seriyalı 090120 saylı xx.xx.2019-cu il tarixli elektron qaimələr və ümumilikdə 79555.46 manat dəyərində malın dəyərinin ödənilməsi barədə xx.xx.2019-cu il tarixli HX seriyalı 702984 və xx.xx.2019-cu il tarixli HZ seriyalı 326558 nömrəli elektron vergi hesab-fakturaları göndərilmişdir. Cavabdehin təqdim etdiyi sənədə əsasən elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə satış fakturaları təqdim edilmiş, həmin fakturalarda malın təhvil alan şəxsin adı və soyadı qeyd edilməmişdir.

3. xx.xx.2019-cu il tarixli 602 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2019-cu il tarixdə bağlanmış 2221/19 nömrəli alqı-satqı müqaviləsi üzrə satılmış malların dəyərinin 5 gün müddətində ödənilməsi xahiş olunmuşdur. Pretenziya məktubu cavabdehə çatmamışdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş arayışa əsasən X1 vergi ödəyicisi kimi fəaliyyəti öz ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 70.719,37 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən əsasən İddiaçı MMC istehsal və idxal etdiyi, eləcə də digər hüquqi formada ticarət predmeti olan müxtəlif miqdarda, çeşiddə və həcmdə malları cavabdehə satmış, cavabdeh isə aldığı malların dəyərini bir ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin malların dəyərinin 70719,73 manat hissəsini bu günə qədər ödəməmişdir. Ödəmə müddətinin bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini ödəməmişdir.

7. Cavabdehin iddia ərizəsində qeyd olunmuş ünvanı üzrə kağız daşıyıcıda göndərilmiş məhkəmə bildirişləri həmin ünvana çatmadan geri qaytarılmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1389/2020 nömrəli qətnaməsi ilə (Aytən Əliyeva) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı, cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi mallar üzrə 70719.73 manat məbləğində borcun ödənilmədiyi işdəki sübutlarla təsdiq edildiyindən iddia əsaslıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1389/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə məhsullar X2 verilməmiş və cavabdehin həmin xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsindən məlumatı olmamışdır. Belə ki, cavabdeh X3 tərəfindən həmin müqavilə imzalanmamaqla, onun iradəsini ifadə etmir və həmin müqavilənin necə tərtib olunması, kim tərəfindən imzalanması cavabdehə məlum deyil. Eyni zamanda həmin müqaviləyə əsasən tərtib edilmiş satış fakturasında göstərilən malların cavabdeh tərəfindən təhvil alınması kimi göstərilməsi həqiqəti əks etdirmir. Həmin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli satış fakturaları cavabdeh Vidadi Nuriyev tərəfindən imzalanmayıb və həmin “təhvil aldı” hissəsində kimin tərəfindən imzalanması cavabdehə məlum deyildir. Qeyd olunanlara əsasən bildiririk ki, xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən tərtib edilmiş satış fakturalarının cavabdeh tərəfindən imzalanmaması, həmin müqaviləyə və satış fakturasına nəzər yetirdikdə açıqaydın şəkildə görünür. Ona görə ki, həmin müqavilədə “alıcı” bölməsində cavabdehə aid olmayan imzanın imzalanmasından görünür ki, həmin imza cavabdehin imzası ilə eynilik təşkil etmir və satış fakturasında imza edilən “təhvil aldı” bölməsində də eynilə həmin imzada həqiqəti əks etdirməməklə cavabdehə aid deyildir. Bildiririk ki, alqı-satqı müqaviləsinə əsasən üzərinə götürülən öhdəliklər alıcı tərəfindən o hal da icra edilə bilərdi ki, həmin müqavilə İddiaçı MMC ilə həqiqətən də cavabdeh Vidadi Nuriyev arasında bağlanmış olsun. Hazırda isə görünür ki, həmin müqavilə və müqaviləyə əsasən tərtib edilmiş satış fakturası həqiqətən də Vidadi Nuriyev ilə İddiaçı MMC arasında bağlanmamışdır. Eyni zamanda məhkəmə qətnaməsində göstərilmişdir ki, cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Hazırki iş üzrə göndərilmiş məhkəmə bildirişlərindən görünür ki, həmin məhkəmə bildirişləri cavabdehə münasibətdə ünvan 2 ünvanına göndərilmişdir. Bildirilir ki, cavabdehin həmin ünvan ilə heç bir əlaqəsi yoxdur və həmin ünvanda yaşamır, cavabdehin şəxsiyyət vəsiqəsindən görünür ki, onun qeydiyyat ünvanı ünvan 3vanı isə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi yaşayış evidir və bu barədə onun faktiki ünvanına hər hansı məhkəmə sənədləri çatdırılmamışdır. Cavabdehin həmin məhkəmə iclaslarından məlumatı olmadığından bu barədə ona hər hansı sms göndərilmədiyindən, elektron poçt vasitəsilə məlumat verilmədiyindən həmin iclaslarda iştirak etməyi mümkün olmamışdır və onun iştirakı olmadan qətnamə qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə aydınlaşdırılmalı olan dəlilər ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsi həqiqətəndə İddiaçı MMC ilə kimin arasında bağlanmış və həmin müqaviləyə kimin tərəfindən imza atılmışdır və həmin müqavilə əsasında tərtib edilmiş satış fakturasında “təhvil aldı” hissəsində imza kimin tərəfindən imzalanmışdır? Qeyd edirik ki, hazırki iş üzrə məhkəmə tərəfindən cavabdehin iştirakı məhkəmə iclasında hər tərəfli təmin edilmədiyindən mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə xətşünaslıq ekspertizası təyin edilməməklə, məhkəmə iş üzrə iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, həmin müqavilə İddiaçı MMC ilə cavabdeh X3 arasında bağlanmamış, onun tərəfindən imzalanmamış və eyni zamanda həmin müqaviləyə əsasən tərtib olunan satış fakturasıda cavabdeh tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə 70719,73 manat məbləğində borc ödənilməmişdir. Belə ki, yenə də qeyd olunur ki, məhkəmə ilk növbədə iş üçün əhəmiyyətli olan halları sübut etməli idi ki, xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsi həqiqətən İddiaçı MMC ilə kimin arasında bağlanmış və həmin müqaviləyə kimin tərəfindən imza atılmışdır və həmin müqavilə əsasında tərtib edilmiş satış fakturasında “təhvil aldı” hissəsində imza kimin tərəfindən imzalanmışdır? Məhkəmə isə bu halı müəyyən etmədən belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və nəticədə cavabdehdən borca görə 70719,73 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 386.1-cı maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddə-mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddə-ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddə-bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddə-hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddə-yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir 97.5-ci maddə-tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 387.2.2-ci maddə- işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1389/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

17. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipini pozaraq məhkəmə bildirişlərini cavabdehə aid olduğu işdəki sənədlərlə təsdiq edilməyən ünvana göndərdiyindən yol verilmiş prosessual pozuntuya görə mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

18. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən iddianın əsası kimi istinad edilmiş alqı-satqı müqaviləsinin onun tərəfindən imzalandığını qəbul etmədiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək ekspert qarşısında müqavilədəki və satış fakturalarındakı imzanın cavabdehə məxsus olub-olmamasının müəyyənləşdirilməsi barədə sual qoyulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 2221/19 nömrəli alqı-satqı müqaviləsinin əslinin və həmin müqavilə əsasında tərtib edilmiş satış fakturalarının təqdim edilməsi barədə vəsatət verildiyi halda həmin sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.

19. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müqavilənin əsli tapılmadığı üçün ekspertə təqdim edilmədiyini bildirmişdir. MPM-nin 97.5-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, belə olan halda ekspertiza təyin edilən fakt-yəni mübahisələndirilən müqavilədəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmiş hesab edilməli və təqdim edilmiş müqavilə əhəmiyyətsiz (mövcud olmayan əqd) hesab edilməlidir.

20. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən izahat verərək bildirmişdir ki, “Qala” restoranı onun adına qeydiyyata alınsa da, tanışına verdiyi etibarnamə əsasında onun adına VÖEN açılmış, faktiki olaraq o özü hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, restoranın fəaliyyəti barədə məlumatı olmamış, bununla bağlı iddiaçı ilə hər hansı müqavilə bağlamamış, iddiaçıdan mal təhvil almamışdır.

21. Məhkəmə kollegiyası işdəki sübutlara və tərəflərin izahatlarına hüquqi qiymət verərək belə niticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin əsli olmadığından, o cümlədən malların təhvil-təslimi ilə bağlı satış fakturalarındakı imzaların cavabdehin imzası olmadığı vizual cəhətdən aydın göründüyündən, cavabdehin sahibkar kimi fəalliyyətini dayandırdığı dövrdə AVİS vergi informasoiya sistemindəki kabinetinə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiqləndiyindən tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yarandığı, cavabdehə və ya onun tapşırığı əsasında hərəkət edən şəxsə satılmış malın təhvil verildiyi əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilə bilməz.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 1389/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1389/2020 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar