Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1120/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6428/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. Vergi orqanı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli bildirişlərin və xəbərdarlığın surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
3. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, bildirişlər və xəbərdarlıq vergi ödəyicisi "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.
4. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 4563,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 298,4 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 21,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 21,3 manat təşkil edir.
5. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0 manat təşkil edir. Həmçinin görünür ki, ərizə məhkəmənin icraatında olarkən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə 2023-cü ilin mənfəət vergisi üzrə dəqiqləşmiş və cari vergi bəyannamələri verilmiş, dövlət büdcəsinə xx.xx.2025-ci il tarixdə 660,57 manat, Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2025-ci il tarixdə 298,41 manat, xx.xx.2025-ci il tarixdə 57,27 manat, İşsizlikdən Sığorta Fonduna xx.xx.2025-ci il tarixdə 19,47 manat, xx.xx.2025-ci il tarixdə 5,13 manat, İcbari Tibbi Sığorta Fonduna xx.xx.2025-ci il tarixdə 19,88 manat, xx.xx.2025-ci il tarixdə 6 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna 298,41 manat, İcbari Tibbi Sığorta Fonduna 21,31 manat, İşsizlikdən Sığorta Fonduna 21,16 manat, dövlət büdcəsinə 4563,53 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 298,41 manat, İcbari Tibbi Sığorta Fonduna 21,31 manat, İşsizlikdən Sığorta Fonduna 21,16 manat, dövlət büdcəsinə 4563,53 manat məbləğində (o cümlədən vergilər üzrə 3340,8 manat, faizlər üzrə 1222,73 manat) olmaqla ümumilikdə 4904,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********106000, xx.xx.2023-cü il tarixli **********809900, xx.xx.2024-cü il tarixli **********105300, xx.xx.2025-ci il tarixli **********308600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6428/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq dövlət büdcəsinə olan qalıq borcu və müvafiq fondlara olan borcları tam ödəmişdir. Vergi orqanı tərəfindən vergi borcunun olmasını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, həmçinin vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, 28-ci maddəsinin İİİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsinə, 2-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 355-5.1, 355-7.3-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6428/2025 nömrəli qətnaməsindən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə qeyd edək ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2023-cü ilin mənfəət vergisi üzrə bəyannamə təqdim edilməklə hesablanmış vergi məbləği 2.857,22 azaldılmışdır. Bu hal isə şəxsi hesab vərəqəsindən aydın olur. Qeyd olunan halda vergi orqanından borcun olmasına dair sübutun təqdim edilməsi deyil, “məhkəmə (hakim) qanunu bilir” prinsipindən yanaşaraq Vergi Məcəlləsinin 37.2-ci maddəsi nəzərə alınmalı idi. Həmin normaya əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Göründüyü kimi bəyannamənin təqdim edilməsindən 60 iş günü keçmədiyindən vergi orqanının gözlənilən hüququ mövcuddur və bu azalma özlüyündə vergilərin ödənilməsinə bərabər tutula bilməz. Hesab edirik ki, ərizə üzrə borcun tam ödənilməsi ilə bağlı məhkəmənin mövqeyi bu hissədə əhəmiyyətini itirmiş olur. Görülmüş tədbirlərlə bağlı dəlilə münasibətdə qeyd edək ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********106000, xx.xx.2023-cü il tarixli **********809900, xx.xx.2024-cü il tarixli **********105300, xx.xx.2025-ci il tarixli **********308600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödənilmədiyindən ona xx.xx.2025-ci il tarixdə SMS göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən yenə də təmin edilmədiyi üçün bildiriş göndərildikdən xx.xx.2025-ci il tarixdə ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir (apellyasiya şikayətinə əlavə edilir). Eyni zamanda bildirilir ki, maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə sərəncamlar göndərilmiş və ərizəyə əlavə olunmuşdur. Lakin görülən tədbirlər nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun tam ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Həmçinin qeyd olunur ki, məhkəmənin sadaladığı məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Vergi orqanı mövcud vergi borcunun alınması üçün ən effektiv olan və məqsədəmüvafiq hesab etdiyi üsulu seçmək hüququna malikdir. Məhkəmələr mütənasiblik prinsipi ilə bağlı mövqeyini ifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə istinad edərək bildirmişdir ki, hüquq və azadlıqların məhdudladırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur. Onu da vurğulayaq ki, ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqininn zəruriliyinin əsaslandırılmaldır. Lakin bu mövqeyini təsdiq edəcək qanunverilik normasına istinad etməmiş, ərizədə irəli sürülən tələblə bağlı olmayan ümumi normalara istinad etmişdir. Vergi orqanı tərəfindən həmin sübutların hazırkı ərizəyə baxılması zamanı hansı əsaslarla məhkəməyə təqdim edilməli olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Məhkəmə şikayətin dəlillərini formal mülahizələr adlandırsa da, özünün əsaslı hesab etdiyi qətnamənin də eyni qaydada əsaslandırıldığını nəzərə almamışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı; iştirakçılarının izahatları
11. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
12. 28.10.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Sorğu göndərilərk Maraqlı şəxs qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron kabineti vasitəsilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
14. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
15. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
16. 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
17. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun:
18. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
19. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
20. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
21. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
22. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6428/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355- 5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
34. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas olmamışdır.
35. Belə ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir.
36. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
40. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə barcu yoxdur. Belə ki, MMC-yə 8.975,30 manat borc hesablanmış, sonuncu tərəfindən 4.362,86 manat ödəniş edilmiş və borcu 4898,11 manat azaldılmışdır.
41. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, MMC-nin şəxsi hesab vərəqəsinə əsasən sonuncu tərəfindən mütəmadi olaraq vergi borcu üzrə ödənişlər edilmiş, vergi borcunun ödənilməsindən yayınılmamışdır.
42. Yuxarıda qeyd olunanlara əsaslanaraq kollegiya hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququna məhdudiyyət qoyulmasına zərurət yoxdur.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6428/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.