Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1126/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2874/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1174,45 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-2874/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya dövründə fəaliyyət göstərə bilmədiyi üçün ödənişi vaxtında edə bilməmişdir. Ona verilən malları sata bilmədiyinə (hətta bəzilərinin istifadə müddəti bitdiyi üçün satışdan çıxarıldı) və dünyada yaranmış bu çətin vəziyyətə baxmayaraq hər ay müntəzəm olaraq ödənişlər edir. O, yaranmış borcu hissə-hissə ödəməyə hazırdır. Lakin məhkəmə bunu nəzərə almamış, borcun ödənilməsi üçün real şərait yaratmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 12.03.2018-ci il tarixli 141 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı MMC müqaviləyə 141 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları satmağı, alıcı Cavabdeh isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı və cavabdeh tərəfindən imzalanmış üzləşdirmə aktına əsasən 14.12.2018-ci il tarixinə qarşılıqlı borclar üzrə yoxlamaya əsasən cavabdeh iddiaçıya 2198,05 manat borcunun olduğunu təsdiq etmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 1174,45 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddia ərizəsində göstərilən borcu qəbul etdiyini, iddia ərizəsi məhkəməyə verilən gündən artıq müəyyən ödənişlər etdiyini, lakin qalan məbləği birdəfəlik ödəmək iqtidarında olmadığını, hər ay 100 manat ödəniş etməyə hazır olduğunu bildirir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir (cavabdeh həmin halları həm birinci instansiya məhkəməsində, həm də apelyasiya şikayətində etiraf etmişdir). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 1174,45 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır. Cavabdeh dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdehin maddi vəziyyəti iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun hissə-hissə ödənilməsi məsələsi isə qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2874/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1126/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1126/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver