Məhkəmə qərarları › İş №2-2(103)-1127/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1127/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1127/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, iddiaçı Kayman Adalarının “X1” şirkətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1211/2019 nömrəli iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən MXD- 4863 nömrəli 07.12.2016-cı il tarixli inventar aktına əsasən ona çirkab suya/kanalizasiya şəbəkəsindən istifadəyə görə qanunsuz və əsassız olaraq hesablanmış 8.493,14 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 07.10.2016-cı il tarixli 440005 saylı müqavilə bağlanılmış, bununla da iddiaçı tərəf müqavilə ilə müəyyənləşdirilmiş formada su təchizatı və tullantı sularının axıdılmasına görə xidmət haqqının vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçının tullantı sularının axıdılması şanbolar vasitəsilə həyata keçirilir. Lakin iddiaçı tərəfindən məhz 07.12.2016-cı il tarixli aktın tərtib olunduğu tarixdə tullantı sularının şanbolara axıdılması ilə bağlı heç bir sübut-dəlil təqdim edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, iddiaçının filialı ilə cavabdehin Şirvan Sukanal İdarəsi arasında 07.10.2016-ci il tarixli 44/005 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə” imzalanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən 07.12.2016-cı il tarixli MXD-4863 nömrəli inventar aktına görə, cavabdehin Müştəri Xidmətləri Departamentinin əməkdaşları tərəfindən Şimal küçəsi 1 ünvanda yerləşən iddiaçının su təchizatına və kanalizasiya sisteminə baxış keçirilmiş, araşdırılma zamanı məlum olmuşdur ki, obyektin su sayğacı var və işlək vəziyyətdədir, müəssisənin kanalizasiya xətti var və mərkəzi şəbəkəyə ötürülür, çirkab su hesabatının verilməsi məqsədəuyğundur. Akt yalnız iddiaçının nümayəndələri tərəfindən imzalanmışdır. Abonent haqqında məlumat vərəqində 2016-cı il üçün çirkab suyun axıdılmasına görə iddiaçıya 8.493,14 cərimə borcu öz əksini tapmışdır. 06.12.2019-cu il tarixli akta görə, iddiaçının Şirvan Sukanal İdarəsi tərəfindən Cənub Sənaye qovşağında yerləşən iddiaçıya baxış keçirildi və məlum oldu ki, həmin idarənin çirkab xətti yoxdur, çirkab su idarənin kənarına axıdılır. Müvafiq aktlardan və ödəniş sənədlərindən görünür ki, Kommunal Kombinatı Müəssisəsi ilə bağlanmış 01.01.2014-ci il tarixli KAOS SİR/038/14 nömrəli müqaviləyə əsasən, iddiaçının bütün sahələrindən çıxan çirkab suları KKM-in işçiləri tərəfindən mütəmadi olaraq daşınmış və iddiaçı tərəfindən ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsinin 05.12.2019-cu il tarixə təyin edilən məhkəmə iclasında iddiaçının baş mühasib müavini vəzifəsində çalışan Babaşov Nazim İsa oğlu şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçının filialı Şirvan şəhər massivindən bir az kənarda yerləşir. Obyektin yanında digər müəssisələr də fəaliyyət göstərir. İddiaçı ilə cavabdeh arasında 2016-cı ildə müqavilə bağlanmış, cavabdehdən yalnız içməli su alınmışdır. Bu günə qədər obyektdə kanalizasiya sistemi yoxdur. Obyekt strateji obyekt olduğu üçün cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməmişdir. Kanalizasiya xidməti olmadığından obyektin ərazisində şanbolar qazılaraq çirkab suları ora yığılmış, çirkab suyun daşınması üçün Kommunal Kombinatı Müəssisəsi ilə müqavilə bağlanmışdır. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İlk olaraq, cavabdehin etirazının əsasını abonent haqqında məlumat vərəqəsi və tərəflər arasında bağlanmış müqavilə təşkil edir ki, iddiaçıya 2016-cı ilin dekabr ayında baxış keçirildikdən sonra 2017-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə çirkab suyun axıdılmasına görə sərfiyyat hesablanmış, lakin iddiaçı buna görə ödənişlər etməmişdir. İddiaçı isə etirazı təkzib edərək, 2017-ci ilin yanvar-aprel ayları ərzində həmin ödənişlərin içməli su ilə bağlı olduğunu təsdiq edən ödəniş qəbzlərini təqdim etmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə də təsdiq olunur ki, obyektin çirkab su xətti yoxdur, mərkəzi kanalizasiya şəbəkəsinə qoşulması həyata keçirilməmişdir. Cavabdeh həmin ərazidə kanalizasiya şəbəkəsinin olduğuna və iddiaçının bu şəbəkəyə qoşulduğuna dair hər hansı mötəbər sübutu Məhkəməyə təqdim etməmişdir. Bu da o deməkdir ki, cavabdeh iddiaçıdan göstərmədiyi xidmətin pulunu tələb edir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan su sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1211/2019 nömrəli iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar