Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1127/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-6461/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 664,88 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1383,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 40,96 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 6461/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə toxunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
14. Belə ki, ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1383,56 manat, İcbari Tibbi Sığorta Fonduna 40,96 manat, dövlət büdcəsinə 664,88 manat məbləğində (o cümlədən vergilər üzrə 504 manat, faizlər üzrə 160,88 manat) olmaqla ümumilikdə 2089,4 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********362200, xx.xx.2024-cü il tarixli **********361500, xx.xx.2024-cü il tarixli **********360800, xx.xx.2024-cü il tarixli **********833200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs xx.xx.2011-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kafelərin fəaliyyətidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Maraqlı şəxsin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 1456,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 2881,22 manat, İcbari Tibbi Sığorta Fonduna isə 282,16 manat (cəmi 4619,4 manat) borcu olmuş, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxsin dövlət büdcəsinə olan 664,88 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1383,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan 40,96 manat (cəmi 2089,4 manat) borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatında olarkən maraqlı şəxs tərəfindən vergi borcu üzrə 630,05 manat, dövlət sosial sığorta haqqı üzrə 749,28 manat, icbari tibbi sığorta haqqı üzrə 251,51 manat olmaqla cəmi 1630,84 manat ödəniş edilmişdir.
16. Bundan sonra maraqlı şəxsin dövlət büdcəsinə 858,96 manat, Dövlət Sosial Müdafiə Fonduna 2187,98 manat, İcbari Tibbi Sığorta Fonduna isə 37,13 manat borcu qaldığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, hazırkı halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən, qanuni tədbir olsa da, qanuni məqsədə mütənasiblik prinsipinin tələblərinə cavab vermir.
17. Apellyasiya şikayətində digər tədbir kimi hesaba sərəncam qoyulması qeyd olunmuşdur. Bundan başqa şikayətdə maraqlı şəxsin xəstə valideyninə baxmaq vəzifəsinə ərizənin təsiri qəbul edilmir. Vergi orqanı hesab edir ki, ərizə və ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinə uyğundur.
18. Maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq ərizədə qeyd edilən borc ((cəmi 2089,4 manat) üzrə əhəmiyyətli dərəcədə ödəniş (1630,84 manat) etdiyindən, vergi orqanı borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə veribverməməsi (bank hesabına sərəncam qoyulması, ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim etmədiyindən və maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması onun öhdəsində olan anasının yaşamaq hüqunun məhdudlaşdırılması ilə nəticələnə biləcəyindən məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər üzrə məhkəmə tərəfindən qanuni və əsaslı şəkildə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkəmənin arqumentləri ilə razılaşaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasiblik meyarına cavab vermədiyindən məhkəmə düzgün nəticəyə gəlmişdir.
20. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-6461/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.