Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1128/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin direktoru Qanuni nümayəndə iştirakları ilə, İddiaçı "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin ləğvi və pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3877/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 17 aprel 2023-cü il tarixli A-1704/2023 saylı müqavilənin ləğv edilməsi və ödənilmiş 70.000 (yetmiş min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3877/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilmiş hesab edilməsi, Cavabdeh MMC-dən 70000 (yetmiş min) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3877/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tam, hərtərəfli, faktlar əsasında məhkəmə araşdırılması aparılmadığından, üzləşdirmə aparmadan, qarşılıqlı hesablaşmaları tutuşdurmadan, kənardan müstəqil mütəxəssis cəlb etmədən məhkəmə öz subyektiv mülahizələri əsasında Cavabdeh MMC-dən 70000 (yetmiş min) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qanunsuz , əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə mal iddiaçıya xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, malın dəyərinin 40 faizi subsidiya hesabına, qalan 60 faizi isə iddiaçının vəsaiti hesabına ödənilmişdir. Daha sonra tərəflər arasında yenidən xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən onlara 70000 manat mal əvəzi pul ödənilmişdir. İddiaçıya təhvil verilmiş avadanlıqla bağlı malın dəyərinin qalıq hissəsi (85000 manat – 70000 manat) olan 15000 manat tərəflərindən tələb edilməmişdir. Belə ki, həmin malın dəyərinin 40 faizi iddiaçının müraciəti əsasında subsidiya hesabına qarşılanacaqdı. Beləliklə tərəflər arasında bağlanan xx.xx.2022-ci il arixli müqavilə üzrə idiaçı tərəf İddiaçı cavabdeh X3 Cəmiyyətinə aldığı mala görə 70000 manat məbləğində pul ödəmişdir və 15000 min manat məbləğində borclu qalmışdır. Bundan sonra İddiaçı ilə X3 Cəmiyyəti arasında 17 aprel 2023-cü il tarixli A1704/2023 saylı mal alqı-satqısına dair müqavilə və ona 1 və 2 nömrəli “əlavə razılaşma”lar imzalanmışdır. Sonradan İddiaçı X3 Cəmiyyətindən xəbərsiz mediyasiya keçirmiş , ona qarşı iddia tələbi irəli sürmüşdür. Faktiki olaraq İddiaçı X3 Cəmiyyətinə qarşı 15000 manat borclu olduğu halda 70000 manat məbləğində iddia tələbi irəli sürmüşdür. Bundan başqa 01 saylı razılaşma protokolunda olan 3 ədəd quruducu avadanlıqdan 1 ədədi alıcıya təhvil verilmişdir. Digər 2 quruducu, meyvə doğrayan avadanlıq və 02 saylı razılaşmada göstərilən məhsul təmamilə istehsalının Aqro Export Azərbaycanın maliyyə vəsaitinin olmadığından dayandırılması şifahi olaraq bildirilmişdir. Bu səbəbdən Aqrofast MMC öncədən razılaşmaya görə əldə etdiyi materiallara görə ziyan çəkmişdir. Belə ki təyinatı quruducu avadanlığa nəzərdə tutulmuş metal və digər materiallara görə tədarükçülər qarşısında borclu vəziyyətə düşmüşdür. Tərəflərin mövqeləri arasında kəskin ziddiyətlər olduqda bir qayda olaraq kommersiya işləri üzrə əmtəəşünaslıq və yaxud məhkəmə mühasibatlıq ekspertizaları keçirilir. Lakin cavabdeh X3 Cəmiyyətinin istəyinə baxmayaraq, məhkəmə ekspertiza keçirmək əvəzinə məhkəmə baxışını yekunlaşdırmışdır. X3 Cəmiyyətinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hüquqları məhkəmə tərəfindən pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında cavabdehin direktoru Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
17. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin 9-cu bəndində qeyd olunan tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə “Quruducu avadanlıq dəsti”ni alıcıya satır, alıcı isə malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 70000 manat avans ödənilmişdir.
25. xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 01 nömrəli əlavə razılaşmaya görə 3 ədəd meyvə quruducu avadanlığın hər birinin qiyməti 85000, cəmi qiymət isə 255000 manat, məhsulları soyan və doğrayan avadanlığın dəyərinin 37700 manat olması razılaşdırılmışdır.
26. xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 02 nömrəli əlavə razılaşmaya görə meyvə çeşidləmə və presləmə avadanlığının dəyərinin 147300 manat olması razılaşdırılmışdır.
27. 19.04.2023-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 25000 manat avans köçürülmüşdür.
28. 19.04.2023-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 25000 manat avans köçürülmüşdür.
29. 20.04.2023-cü il tarixli OD2 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına xx.xx.2023-cü il tarixli, A-1704/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 20000 manat avans köçürülmüşdür.
30. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmədə iddia ərizəsinə etiraz edərək, iddianın əsassız olduğunu bildirdi. İzahatında göstərdi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə üzrə mal iddiaçıya xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, malın dəyərinin 40 faizi subsidiya hesabına, qalan 60 faizi isə iddiaçının vəsaiti hesabına ödənilmişdir. Daha sonra tərəflər arasında yenidən xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən onlara 70000 manat avans ödənilmişdir. Həmin vəsaitin həqiqətən avans kimi ödənildiyini təsdiq edir. Lakin müqavilə üzrə iddiaçıya yalnız bir ədəd meyvə quruducu avadanlıq verilmiş, iddiaçı şifahi qaydada qalan mallardan imtina etdiyini, onları almayacağını bildirmişdir. Avadanlıq müqavilə bağlanmazdan bir il öncə iddiaçıya sınama məqsədilə təhvil verilmiş, lakin qarşılıqlı etimad olduğu üçün təhvili rəsmiləşdirilməmişdir. Yük iddiaçının ünvanına daşıma şirkətlərindən biri vasitəsilə daşınmış (uzunluğu 12 metr olduğu üçün), lakin daşıma şirkətinin verdiyi aktı hazırda təqdim edə bilmir. Tərəflər arasında olan vatsapp yazışmalarını təsdiq edir, orada təhvil veriləəcəyini vəd etdiyi avadanlıq müqavilənin əlavəsində nəzərdə tutulmuş başqa avadanlıqlardır. İddiaçıya təhvil verilmiş avadanlıqla bağlı ona təhvil aktı olmadığı üçün elektron qaimə təqdim edilməmiş, malın dəyərinin qalıq hissəsi (85000 manat – 70000 manat) olan 15000 manat tərəflərindən tələb edilməmişdir. Belə ki, həmin malın dəyərinin 40 faizi iddiaçının müraciəti əsasında subsidiya hesabına qarşılanacaqdı.
31. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1 ədəd malın, yəni dəyəri 85000 manat olan meyvə quruducu avadanlığın müqavilə bağlanmamışdan öncə (2022-ci ildə) iddiaçıya təhvil verildiyini bildirmişdir.
32. Cavabdehin etirazında qeyd edilənlər apellyasiya şikayətində də qeyd edilmişdir.
33. Cavabdeh alqı-satqı müqaviləsi üzrə malın təhvil verildiyini təsdiq edən belə bir sənəd təqdim edə bilməmişdir. Cavabdeh 70 000 manat pulun köçürülməsini inkar etsə də, iş materiallarında pul köçürmələrinə dair sübutlar vardır. Belə vəziyyətdə məhkəmənin mühasibatlıq ekspertizasının keçirməsi üçün zərurət olmamışdır.
34. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3877/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.