Məhkəmə qərarları › İş №2-2(103)-113/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-113/2024

14.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-113/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5659/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 14214,69 manat, İcbari Tibbi Sığorta Fonduna 2273,97 manat, dövlət büdcəsinə 18920,02 manat məbləğində, o cümlədən, vergilər üzrə 18412,12 manat, faizlər üzrə 507,9 manat, işsizlikdən sığortafonduna 573,82 manat olmaqla, ümumilikdə 35982,5 manat məbləğində borcu yaranmışdır.

2. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs olmuşdur.

3. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********153900, xx.xx.2023-cü il tarixli **********431400, xx.xx.2023-cü il tarixli **********134000 və xx.xx.2023-cü il tarixli **********973000 nömrəli bildirişlər, 10 gün müddətində ödənilməyəcəyi təqdirdə cəmiyyətin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2023-cü il tarixli **********249100 nömrəli xəbərdarlıq göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

4. Maraqlı şəxs tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 18920,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 14214,69 manat, İşsizlikdən Sığorta Fonduna olan 573,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2273,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 14214,69 manat, İcbari Tibbi Sığorta Fonduna 2273,97 manat, dövlət büdcəsinə 18920,02 manat məbləğində (o cümlədən, vergilər üzrə 18412,12 manat, faizlər üzrə 507,9 manat), İşsizlikdən sığorta fonduna 573,82 manat olmaqla, ümumilikdə 35982,5 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********153900, xx.xx.2023-cü il tarixli **********431400, xx.xx.2023- cü il tarixli **********134000, xx.xx.2023-cü il tarixli **********973000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5659/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) ərizə rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Maraqlı şəxs hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmadığı işdəki mötəbər sübutla təsdiq edildiyindən, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar olmadığı halda, həmin şəxsin adının yalnız dövlət reyestrində formal olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olaraq qalması əsası ilə şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması “Avropa İnsan hüquqları Konvensiyası”nın və Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş hüquqların pozulmasıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Ərizəçi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5659/2023 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə baxan zaman işi tam və hərtərəfli araşdırmamış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrini tətbiq etməməklə maddi hüquq normaları pozulmuşdur. Həmçinin məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmadığı üçün prosessual qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Beləliklə məhkəmə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyindən, vergi orqanı tərəfindən təqdim olunan sübütları (hüquq şəxsin dövlət reyestr məlumatları) tam və hərtərəfli araşdırmdığından 01 noyabr 2023-cü il tarixli e-2-2(113)-5659/2023 nömrəli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozaraq qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə Maraqlı şəxs təqdim etdiyi işdən azad olunmaq barədə əmrlə vergi orqanının Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri olması barədə dövlət reyestr məlumatı arasında tam ziddiyyət olduğu halda, əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmədən, hərtərəfli və tam araşdırma aparmadan birtərəfli qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və "xxxx" MMC-nin nizamnaməsinin 4.3-cü maddəsinə uyğun olaraq "xxxx" MMCnin təsisçilərini xx.xx.2016-cı il tarixli qərarına əsasən dövlət reyestrində Maraqlı şəxs həmin cəmiyyətin rəhbəri olması, hansı ki, bu fakt digərindən daha mötəbərdir və maraqlı şəxsə məxsus elektron imza vasitəsilə imzalanmaqla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi bəyannaməsinin təqdim edilməsi onun mötəbərliyini bir daha sübut edir. Maraqlı şəxs özünün imzalayaraq təsdiqlədiyi əmr əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə yerləşdirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş, hansı ki, "xxxx" MMC-nin rəhbəri kimi ona məxsus gücləndirilmiş elektron imzanın qüvvədə olması və həmin imza ilə imzalanmaqla vergi hesabatlarıının təqdim olunması faktı ilə təkzib olunur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə apellyasiya qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixlərə təxirə salınmış, ərizəçi və maraqlı şəxsə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

12. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 91.3.2-ci maddə-cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5659/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir.

15. Maraqlı şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi olmuş, o özünün xx.xx.2023-cü il tarixli əmri ilə özünü MMC-nin direktoru vəzifəsindən azad etmişdir. Birinci instansiya məhkəməsi bu əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə istinad edərək belə nəticəyə gəlmişdir ki, Maraqlı şəxs artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmadığından ondan ğlkədən getmək hüququ hüquqi şəxsin borclarına görə məhdudlaşdırıla bilməz.

16. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, cəmiyyətin icra orqanın səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğundan maraqlı şəxs bu barədə məhkəməyə "xxxx" MMC-nin ümumi yığıncağının qərarını təqdim etməli idi. "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri "xxxx" MMC və X1r. Nizamnamənin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, direkktroun təyin edilməsi və geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Məhkəmə hesab edir ki, MMC-nin ümumi yığıncağının Maraqlı şəxs direktor vəzifəsindən azad edilməsi barədə qərarı olmadan direktrorun özünün bu vəzifədən azad edilməsi barədə əmrinin hüquqi qüvvəsi yoxdur.

17. Bundan əlavə vergi orqanı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən (şəxsi hesab vərəqəsi, elektron imza barədə sertifikat) görünür ki, maraqlı şəxs ona hüquqi şəxsin qanuni təmsilçisi kimi məxsus elektron imza vasitəsilə imzalanmaqla “Şəki Kərpic" MMC-nin adından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi bəyannaməsi təqdim etmişdir. Bu da onu təsdiq edir ki, Maraqlı şəxs formal olaraq direktor vəzifəsindən özünü azad etsə də, faktiki olaraq öz vəzifəsinin icrasına davam edərək direktor kimi fəaliyyət göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 355-5.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 14214,69 manat, İcbari Tibbi Sığorta Fonduna 2273,97 manat, dövlət büdcəsinə 18920,02 manat məbləğində, işsizlikdən sığortafonduna 573,82 manat olmaqla, ümumilikdə 35982,5 manat məbləğində dövlətə olan borcunun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq qalmaqda davam edən Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5659/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5659/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar