Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1131/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2734/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC (əvvəlki adı “X3” MMC) ilə alıcı "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 342 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış 5900,71 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, onun tərəfindən öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin elektron vergi sistemindən (taxes.gov.az) təqdim edilmiş 811559 №-li, xx.xx.2021-ci il tarixli və 085598 №-li, xx.xx.2021-ci il tarixli elektron qaiməfaktura sənədlərinə əsasən, cavabdehə ümumilikdə 10749,54 manat dəyərində sement və gips əsaslı inşaat materialları satılmışdır. Cavabdeh aldığı məhsullardan bir qisminin dəyərini ödəsə də, 5900,71 manat qalıq borcunu ödəməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında müqavilənin bağlanması hələ tərəflərin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə dəlalət etmir. Belə ki, həqiqətən də tərəflər arasında xx.xx.2020-ci il tarixli, 342 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsi bağlansa da, iddiaçının iddia etdiyi 5900,71 manat məbləğində məhsul cavabdeh tərəfindən sifariş edilməmiş və iddiaçıdan alınmamışdır. Müqavilənin 2.3-cü bəndinə görə, satıcı bu müqavilə imzalandığı tarixdən alıcı tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq 3-5 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. Müddəanın özünün də açıqlamasından göründüyü kimi, birinci satıcıya alıcı tərəfindən mallara dair sifariş daxil olmaqla, həmin malların çeşidi və miqdarı barəsində tərəflər arasında razılaşdırma olmalı və bundan sonra, həmin müddəada göstərilmiş müddətdə satıcı malı alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verməlidir. Lakin, iddiaçı tərəfindən nə iddia ərizəsinə, nə də sonra məhkəməyə alıcı olaraq iddiaçıya cavabdeh tərəfindən hər hansı malların sifariş edilməsini, həmin malların qiyməti, çeşidi və miqdarının tərəflər arasında razılaşdırıldığını və ya razılaşdırılmış malların alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Kommersiya mübahisəsindən xəbər tutduqdan sonra, dəfələrlə iddiaçının iddia ərizəsində qeyd etdiyi əlaqə nömrəsi ilə əlaqə saxlanılaraq, iddia ərizəsində qeyd olunan məbləğin qarşılığında göstərilən malların alıcıya təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməsini tələb edilsə də, hazıradək onlara bununla bağlı hər hansı bir dəlil təqdim edilməmişdir. İddiaçının istinad etdiyi elektron qaimə fakturalar isə heç bir halda həmin sənəddə göstərilən malların cavabdehə təhvil verilməsinə dəlalət edə bilməz.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2734/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
16. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
17. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli EBAX seriyalı 811559 nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 5.900,71 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 085598 nömrəli elektron qaiməyə əsasən 4.848.83 manat məbləğində mallar təhvil verilmişdir.
18. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 811559 nömrəli elektron qaimə (5.900,71) sistem tərəfindən, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 085598 nömrəli elektron qaimə (4.848,83) isə cavabdehin özü tərəfindən təsdiq edilmişdir.
19. Bundan əlavə işin mübahisəsiz halıdır ki, cavabdeh elektron qaimələrdə qeyd olunan 10.749,54 manat məbləğdən 4.848,83 manat hissəni ödəmiş, 5.900,71 manat hissəni isə ödəməmişdir.
20. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi cavabdehin etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur.
21. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
23. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
24. Çünki cavabdeh ona heç bir mal verilmədiyini bildirsə də, iddiaçı tərəfindən ona göndərilən elektron qaimələr üzrə qismən ödəniş etmiş, digər qaimələrə isə etirazını bildirməmişdir.
25. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 342 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndində də göstərilmişdir ki, satıcının anbarda malların alıcıya təhvil verdiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur, həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (Qaimə-faktura) təsdiqlənir.
26. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
27. Ona görə də, iddiaçı Mülki Məcələnin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 5900,71 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2734/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova