Məhkəmə qərarları › İş №2-2(103)-1132/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1132/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1132/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulması”na dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2-2 (113)-2487/2021 saylı qətnaməsindən (hakim Kənan Hüseynov) hər iki tərəfin apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 660800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları, 165672,00 (bir yüz altmış beş min altı yüz yetmiş iki, 00) ABŞ dolları cərimə, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 630 (altı yüz otuz) manat məbləğində xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh arasında 21 oktyabr 2020-ci il tarixli, 368/SAM/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı müqavilə üzrə razılaşdırılmış malları, yəni kalsium bromid texniki məhlulunu, “İnkoterms 2010” əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu malları müqavilənin şərtlərinə əsasən qəbul edərək əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. 29 mart 2021-ci il tarixli üzləşmə aktından görünür ki, alıcının qeyd olunan müqavilə üzrə alıcıya 2.070.900 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Qeyd edilən tarixdən sonra müvafiq ödənişlər olmuş və hal-hazırda 660.800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd edilən müqavilənin 10-cu maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2-2 (113)-2487/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borca görə 660.800 ABŞ dolları, cərimə borcuna görə 10.000 ABŞ dolları, cəmi 670.800 ABŞ dolları məbləğində pulun ödəniş günü manata uyğun məzənnə ilə manatla Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə və hüquqi yardımla əlaqədar haqqın tutulması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə, tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin məbləğini nəyə əsasən qeyri-mütənasib hesab etdiyini əsaslandırmamışdır. İş materiallarından görünür ki, tərəflər arasında 21 oktyabr 200-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı bu müqaviləyə əsasən bütün öhdəliklərini vaxtında və müqavilə şərtlərinə tam uyğun olaraq icra etmişdir. Lakin alıcı müqavilə şərtlərini icra etmədiyindən müqavilədə nəzərdə tutulmuş cərimə hesablanmışdır. Müqavilə şərtlərinə əsasən cərimənin son həddi təchiz edilmiş mallarının dəyərinin 8 faizindən çox ola bilməz. Ona görə də cavabdehə müqavilə şərtlərinin lazımınca icra olunmaması nəticəsində 165672 ABŞ dolları cərimə hesablanmışdır. İddiaçı maliyyə itiklərinə məruz qalmış və digər kreditorlar qarşısında öz öhdəliklərini icra etməsi üçün "xxxx"ASC-dən və Azərbaycan Beynəlxalq Bank ASC-dən kreditlər və qarantiyalar götürmüşdur. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən birimülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan başqa, işin materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə1 arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 29 aprel 2021-ci il tarixli müqaviləyə əsasən vəkil Nümayəndə1 630 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırki iş üzrə vəkilə ödənilmiş hüquqi yardıma görə xidmət haqqının məbləği ağlabatan olduğundan məhkəmə tərəfindən azaldılmalı deyildir. Cavabdeh apelyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin dəyəri “Azneft”İB tərəfindən iddiaçıya tam ödənildiyindən qətnamə iddianın rədd edildiyi hissədə əsassızdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 29.10.2021-ci il tarixə təyin edilmiş, cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 20.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya borc məbləğinin tam ödənilmədiyini qəbul edir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2-2 (113)-2487/2021 saylı qətnaməsi cərimə və hüquqi xidmət xərci tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 52864 ABŞ dolları cərimə və 630 manat hüquqi xidmət xərci tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 21.10.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə şərtləşdirilmiş mallar alıcıya verilmişdir. 29 mart 2021- ci il tarixdə tərəflər arasında üzləşmə aktı imzalanmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçı MMC-yə həmin tarixə 2.070.900 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. İddia qaldırılan tarixə cavabdehin 2.070.900 ABŞ dolları borcu olsa da, məhkəmə prosesinin gedişində ödənişlər edilmiş, iddiaçı 25.07.2021-ci il tarixdə iddia tələbinin həcmini azaldaraq cavabdehdən 660800 ABŞ dolları əsas borcun tutulmasını xahiş etmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra 08.05.2021, 21.06.2021, 17.07.2021 və 26.07.2021-ci il tarixlərdə həyata keçirilmiş ödənişlərin cəmi 2.397.170 manat, ABŞ dolları ilə 1.410.100 (2.397.170/1,7) təşkil edir. Üzləşmə aktında göstərilmiş məbləğdən ödənilmiş məbləğlər çıxıldıqdan sonra məhkəmə tərəfindən iddiaçının əsas borc üzrə tələb etdi məbləğin əsaslı olduğu müəyyən edilmişdir. (2.070.900-1.410.100=660800) Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.4-cü maddələrinə istinad edərək əsas borcla bağlı hissədə iddianı tam təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində borc məbləğinin tam ödənildiyini qeyd etsə də, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş cədvələ əsasən müəyyən edilmişdir ki, iş üzrə qətnamə qəbul edildikdən sonra da 31.08.2021-ci il, 27.09.2021-ci il, 18.10.2021-ci il, 26.10.2021-ci il tarixdə ödənişlər həyata keçirilmiş və 29.10.2021-ci il tarixə cavabdehin iddiaçıya 107380 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, qeyd edilən ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınaraq qətnamə ilə tutulmuş ümumi məbləğdən çıxılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən 165.672 ABŞ dolları cərimə borcunu MM-nin 467-ci maddəsinə əsasən azaldaraq 10.000 ABŞ dolları həddində müəyyənləşdirilməsini ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MM-nin 467-ci maddəsini tətbiq edərkən həmin normanın tələbini nəzərə almamışdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, cərimə məbləğinin kreditorun əmlak mənafelərinə ziyan vuracaq dərəcədə azaldılması 467-ci maddənin tələbinə uyğun deyil. Tərəflər arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.3cü bəndində qeyd edilmişdir ki, alıcı ödəmələri ilkin ödəniş tarixindın başlayaraq müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirdiyi hallarda ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında ödənilməmiş malın dəyərinin 0,5 %-i miqdarında, sonrakı hər həftə üçün isə vaxtında ödənilməmiş malın dəyərinin 1 faizi miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında ödənilməmiş malın dəyərinin 8 faizindən çox ola bilməz. Müqavilənin qeyd edilən bəndinə uyğun olaraq cavabdehə pul ödənişinin gecikdirilməsi ilə əlaqədar 282825,77 manat cərimə hesablansa da, iddiaçı tərəfindən gecikdirilmiş borc məbləğinin (2.070.900 ABŞ dolları) 8%-i, yəni 165672 ABŞ dolları məbləğində cərimə ödənişi tələb edilmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə iddia qaldırıldıqdan sonra qismən ödənişlər edilməsi cavabdehi müqavilə şərtlərinə uyğun hesablanmış cərimə borcunun ödənilməsindən azad etmir. Məhkəmənin MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq cəriməni azaltmaq səlahiyyəti olsa da bu zaman kreditorun əsaslı mənafeyi də nəzərə alınmalı, cavabdehdən ən azı məhkəmə tərəfindən tutulmuş əsas borc məbləğinin 8%-i həddində, yəni 52864 ABŞ dolları cərimə tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, qətnamə cərimə tutulması hissəsində dəyişdirilməlidir. İş materiallarının 103-cü vərəqinə əlavə edilmiş 29.04.201-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi xidmətə görə 18 saylı Vəkil Bürosuna iddiaçı tərəfindən 630 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi həmin xərcin cavabdehdən tutulması hissəsində tələbi qismən təmin edərək 300 manat məbləğində xərclə bağlı hissəni ağlabatan hesab etmiş və cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 630 manat ağlabatan məbləğ olduğundan qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehdən hüquqi xidmətə görə çəkilmiş xərclə bağlı 630 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2-2 (113)-2487/2021 saylı qətnaməsi cərimə və hüquqi xidmət xərci tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 52864 ABŞ dolları cərimə və 630 manat hüquqi xidmət xərci tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, e-2-2 (113)-2487/2021 saylı qətnaməsi cərimə və hüquqi xidmət xərci tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət neft Şirkəti Cavabdehndən iddiaçı İddiaçı MMC-nin xeyrinə 52864 ABŞ dolları cərimə və 630 manat hüquqi xidmət xərci tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar