Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1135/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1050/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 29600,30 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 2166,53 manat məbləğində faizin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli e-2-2(113)-1050/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 29600,30 manat məbləğində əsas borc, 1100 manat məbləğində faiz borcu, cəmi 30700,30 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün iş materiallarının Bakı Kommersiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.07.2019-cu il tarixli 217 saylı alqı-satqı müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşmalar köçürmə və yaxud nəğd hesablaşm yolu ilə həyata keçirilməli idi. Faktiki olaraq müqavilə tərəfləri hesablaşmaların nəğd qaydada aparılması barədə qeyrirəsmi razılıq da əldə etmişlər. Hətta iddiaçının nümayəndəsi tərəfindən MMC-dən bir neçə dəfə alınmış mallara görə nağd qaydada pul vəsaitləri də götürülmüşdür. Lakin iddiaçı məhkəmədə iddia qaldıran zaman Cavabdeh MMC-dən əsas məbləğ üzrə 25085 manat və ƏDV məbləğindən isə 4515,30 manat olmaqla ümumilikdə 29600,30 manat məbləğində vəsaitin tutulmasını tələb etmişdir. Halbuki, hesablaşmalar nəğd qaydada aparılacağı təqdirdə ƏDV məbləği ödənilməməli idi. Bundan başqa Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X3 ev 41 olsa da, MMC faktiki olaraq ünvan 2 ünvanında yerləşən ofis binasında fəaliyyət göstərməkdədir. Həmin ünvana da məhkəmə iclasları barədə heç bir bildiriş daxil olmadığından MMC-nin məhkəmə prosesi barədə heç bir məlumatı olmamış və bu səbəbdən də MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək imkan xaricində olmuşdur. Həmçinin məhkəmə tərəfindən qəbul edilmiş qətnamə də MMC-yə rəsmi qaydada daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 08.07.2019-cu il tarixli 217 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 29600,30 manat məbləğində vəsaiti və həmin vəsaiti vaxtında qaytarmadığına görə illik 5% olmaqla hesablanmış 2166,53 manat faiz borcunu ödəməmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Kollegiya qeyd edir ki, sonuncu fakt İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.01.2020-ci il-08.09.2020-ci il dövrü üzrə tərtib edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 08.09.2020-ci il tarixli üzləşdirmə aktı ilə təsdiq olunur. Həmin akt əsasən 08.09.2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 25085,00 borcu var, ƏDV məbləğindən isə 4515,30 manat borcu var. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 29600,30 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin tələblərini və üzləşmə aktının tərtib edildiyi vaxtdan məhkəmə qətnaməsi qəbul edilənədək olan müddəti (9 ay) nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1100 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (29600,30 x 5% / 12 x 9 = 1100). Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 saylı əlavə qiymət cədvəlində ƏDV-nin ödənilməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmçinin tərəflər arasında 01.01.2020ci il – 08.09.2020-ci il dövrü üzrə tərtib edilmiş 08.09.2020-ci il tarixli üzləşdirmə aktında da cavabdeh ƏDV məbləğindən 4515,30 manat borcunun olduğunu təsdiq etmişdir. Məhkəmə bildirişləri isə cavabdehin hüquqi ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinin alqı-satqı müqaviləsində qeyd olunan telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1050/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1135/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1135/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver