Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1135/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi, iddiaçı Cavabdeh “X11 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə Açar sözlər: heyvanların alqı-satqısı müqaviləsi, əsaslı qüsur, pulun tutulması X13 Qocayevin sədrliyi ilə, hakimlər və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli e-2-2(113)-3375/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, N-4/7/24 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan bəsləməli diri dana və bəsləməli dana əti məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyəini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür; - 2.1.1-ci bəndinə əsasən, Satıcı malı müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə Alıcıya təhvil verməlidir. - 2.1.2-ci bəndinə əsasən, Alıcı tərəfindən alınan malla əlaqədar narazılıq yarandığı halda o, satıcı malı ən geci 5 gün ərzində yeni malla əvəz etməlidir və ya Alıcı tərəfindən ödənilmiş malın pulunu 5 gün ərzində geri qaytarmalıdır. - 2.2-ci bəndinə əsasən, Alıcı müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməlidir; - 3.1-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşma, malın sifariş verilmiş partiyasının dəyərinin alıcı tərəfindən avans qaydasında satıcının hesabına 100% öncədən ödənməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır; - 3.2-ci bəndinə əsasən, malın adı, miqdarı, çeşidi və qiyməti tərəflər arasındakı razılaşmaya əsasən müqaviləyə əlavə ediləcək qiymət razılaşma protokollarında və Satıcı tərəfindən Alıcıya təqdim ediləcək sənədlərdə göstərilir. - 4.1-ci bəndinə əsasən malın alıcıya çatdırılması tərəflərin razılığı ilə alıcı tərəfindən həyata keçirilir və malın satıcının anbarında təhvil verilməklə həyata keçirilir; - 6.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
2. 04.07.2023-cü il tarixli, 4/7/24 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixli, 1 nömrəli qiymət razılaşma protokolunun 2-ci bəndinə əsasən diri dananın 1 kq 5,50 manat təşkil edir. Həmin protokolun 3-cü bəndinə əsasən alıcı təhvil aldığı malların dəyəri malın satıldığına dair elektron qaiməni aldıqdan sonra ən gec 10 iş günü ərzində satıcının bank hesabına ödəyir.
3. 29.12.2024-cü il tarixli, MT2407 seriyalı, 11205144 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 125526,5 manat təşkil edir.
4. Azərbaycan Respublikasının Qida X2-X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-19010797/2N-05240023 nömrəli, AZ-19010797/2N-05240024 nömrəli, AZ- 19010797/2N-05240025 nömrəli və AZ-19010797/2N-05240027 nömrəli baytarlıq şəhadətnamələrindən müəyyən olunur ki, şəhadətnamələrdə qeyd edilən ümumilikdə 87 baş erkək danadan ibarət heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan aşkar olunmamış və “X10 Məhsulları” MMC tərəfindən Biləsuvar rayonundan, Bakı şəhəri Bİnə qəsəbəsinə, Cavabdeh MMC-yə yola salınmışdır. Şəhadətnamənin Azərbaycan Respublikası X3 müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşların yalnız ölkə ərazisində daşınması üçün verildiyi qeyd edilmişdir.
5. Azərbaycan Qida Təhlükəsizliyi X7 Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Dövlət Agentliyinin sifarişi əsasında aparılan sınaq nəticəsində götürülmüş nümunələrdə vərəm, şmallenberq, leptospiroz xəstəliklərinin törədicisi aşkar olunmamış, infeksiya törədicisi pasteurella multocida aşkar edilmişdir. Sınaq xx.xx.2024-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır.
6. “X10 Məhsullari” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 125526,5 manat məbləğində pul vəsaitinin 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
7. Biləsuvar rayon X8 Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilir: - Pasteurella multocida iri buynuzlu heyvanlarda da (məsələn, inəklərdə, öküzlərdə) rast gəlinən bakterial infeksiyalara səbəb olan, Gram-mənfi (Gram negative), kokkobasil (qısa çubuqvari) quruluşlu bir bakteriyadır. Bu bakteriya xüsusilə tənəffüs yolları infeksiyalarına və septisemiyaya (qan infeksiyası) səbəb olur. Əsas xüsusiyyətlərindən biri saprofit olmasıdır, yəni normal halda bəzi heyvanların tənəffüs yollarında (xüsusilə burun boşluğunda) saprofit (yəni xəstəlik törətməyən) kimi yaşaya bilər. Lakin immun sistem zəiflədikdə, stress, pis saxlanma şəraiti və ya virus infeksiyası ilə birlikdə patogen (xəstəlik törədici) hala keçə bilər. - Pasterelyoz anadangəlmə xəstəliklərdən deyil. Xəstəlik bakteriyalarla törəyən infeksiyadır və orqanizmə ətraf mühitdən daxil olur. Heyvanın burun-boğaz florasında təbii olaraq az miqdarda ola bilər. Stress, viral infeksiya və ya pis şərait səbəbilə artıq xəstəlik yarana bilər. - Heyvanlarda törətdiyi əsas xəstəliklər pasterelyoz tənəffüs yollarının iltihabı, septisemiyadır (xüsusilə buzovlarda). Mastit və ya oynaq iltihabı halları da nadir hallarda müşahidə olunur. Ən çox rast gəlinən forması pnevmoniya (ağciyər iltihabı) və bronxopnevmoniyadır. - Bu bakteriya cox zaman normal mikrofloranın bir hissəsi olaraq, tənəffüs yollarında və ya digər orqanlarda mövcud olur. Lakin müəyyən şərtlər altında o, patogenə çevrilə və xəstəliklərə səbəb bilər. Səbəbləri aşağıdakılardır: immunitet zəifliyi, stress faktorların (düzgün olmayan yemləmə, havalandırmanın pis olması, sıx şəraitdə saxlama, daşınma, yeni ətraf mühidə uyğunlaşma, yüksək temperatur və ya rütubət) heyvanın immun sistemini zəiflədir və bakteriya orqanizmin immun sistemindən asanlıqla keçərək xəstəlik yaradır. Digər xəstəliklər: virus infeksiyaları (məsələn, bovine herpesvirus (BHV-1), bovine viral diarrhea virus (BVDV) və s.) bakteriyanın daha asan yayılmasına və ağırlaşmalara səbəb ola bilər. Qoşa infeksiyalar və bakteriya daşıyıcılığı, qeyri sağlam təsərrüfatlarda vaksinasiyanın düzgün təşkil olunmaması. Pasteruella multocida vərəm növü sayıla bilməz. Tamamilə fərqli bakterioloji və patofizioloji xüsusiyyətləri var. Pasteurella multocida bakteriyası ölümə səbəb ola bilər, ölüm, bakteriyanın yaratdığı infeksiyanın ağırlaşması və ya həyati orqanların zədələnməsi nəticəsində baş verir. - Ölümə səbəb olma müddəti: Ağır septisemiya və ya çoxsaylı orqan çatışmazlığı halında, ölüm 24-48 saat ərzində baş verə bilər. Bu, bakteriyanın çox sürətlə yayılması və sistemik zərər verməsi ilə əlaqədardır. Pnevmoniya hallarında, əgər müalicə edilməzsə və ya gecikərsə, 3-5 gün ərzində ölüm baş verə bilər. Ağır pnevmoniya ilə bağlı tənəffüs çatışmazlığı və orqanların dağılması, həyati orqanların işini dayandırır. Septisemiya baş verdikdə xəstəliyi müalicə etmək çox vaxt mümkün olmur. Pasteurella multocida bakteriyasının müalicəsi antibiotiklər ilə həyata keçirilir. Bu bakteriya müxtəlif antibiotiklərə qarşı həssasdır, lakin bəzi hallarda dərman müqaviməti də yarana bilər.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən iddiaçı “X10 Məhsulları” MMC-dən aldığı diri danaların - malların dəyəri olan 125526,50 manat məbləğində pul vəsaiti və 416 manat məhkəmə rüsumunun “X10 Məhsulları” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Məhsulları” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqısatqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satıcı “X10 Məhsulları” MMC, alıcı Cavabdeh MMC-yə 1 kq-ə 5,50 manat hesablanmaqla diri dana satmağı, alıcı isə müqavilənin 3.1-ci maddəsinə əsasən malın dəyərinin 100% miqdarı öncədən avans qaydasında ödənəcək şərti qoyulsa da, QRP-nin 3-cü maddəsinə əsasən alıcı malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün içində aldığı malın dəyərini ödəyəcəyi şərtini bildirmişdir. Satıcı “X10 Məhsulları” MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəliklərə əməl edərək, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qapı çıxış sənədinə əsasən Cavabdeh MMC-nin nümayəndəsi Ö.Məmmədov “X10 Məhsulları” MMC-dən 1) **- CR-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 22 baş; 2) **-BT-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 23 baş; 3) **-BL-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 22 baş 4) **-EY-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 20 baş olmaqla, cəmi: 87 baş, yəni 22823 kq çəkidə diri dana almaqla, toplam 125526,50 manat dəyərində malı - diri dananı alıcının ünvanına aparmaq üçün çıxarmışdır. Cavabdeh MMC-nin əməkdaşları: baytar və alış üzrə səlahiyyətli nümayəndələri mal alarkən fermanı gəzərək şəxsən özlərinin digər heyvanlar arasından bəyəndikləri və seçdikləri danaları gətirdikləri nəqliyyat vasitəsinə yükləyərək və satıcının tərəzisində çəkdikdən sonra qapı çıxış sənədinə əsasən təhvil alaraq aparmışlar. Bunu fermanın daxilindəki video yazılarla sübut edilə bilər. Lakin alıcı Cavabdeh MMC malı aldıqdan sonra satıcı tərəfindən ona göndərilmiş e-qaimələri təsdiq etməmiş və hər dəfəsində müxtəlif bəhanələr gətirməklə almış olduğu malların dəyəri olan toplam 125526,50 manat dəyərində borcu bu günədək ödəməmişdir. Alıcı Cavabdeh MMC-nin rəhbərliyinə bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, alıcı şirkətin rəhbərliyi heç bir təsdiqedici sənəd, AQTA-nın və Dövlət Baytarlıq xidmətinin təqdim etmiş olduğu heç bir arayış təqdim etmədən almış olduğu heyvanların bir qisminin guya xəstəlik səbəbi ilə tələf olduğunu bildirmiş, lakin bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən təsdiqləyici sənədləri təqdim etmədən satıcını günahlandıraraq, 125526,50 manat dəyərində borcu bu günədək ödəməmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə alıcının elektron vergi sisteminə işlənməklə pretenziya göndərilmiş və alqı-satqı müqaviləsinə dair müqavilə öhdəliyi üzrə alıcı Cavabdeh MMC “X10 Məhsulları” MMC-nin satdığı malların dəyəri olan 125526,50 manat məbləğində borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh iddiaçının pretenziya məktubuna cavab verməmişdir. Bununla da, Cavabdeh MMC AR Mülki Məcəlləsinin 385.1, 425.1,442 və 443-cü maddələrinin tələblərini pozmuşdur.
10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satılan malların dəyəri olan 125526,50 manat məbləğində pul vəsaiti ilə yanaşı, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 416 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 443.2, 443.3-cü maddələrinə istinad olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3788/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “X10 Məhsulları” MMC-yə qarşı pul tələbinə dair işin onunla əlaqəli olan iddiaçı “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
12. Cavabdeh MMC tərəfindən iddiaçı “X10 Məhsulları” MMCnin iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən də “X10 Məhsulları” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024- cü il tarixində “X10 Məhsulları” MMC-nin Biləsuvar rayonunda yerləşən mal-qara kökəltmə məntəqəsindən ümumi çəkisi 22823 kq, dəyəri 125526,50 manat olan 87 baş diri dana alınmış, danaların 22 başı **-CR-*** dövlət qeydiyyatlı avtomaşına, 23 başı ** BT *** dövlət qeydiyyatlı avtomaşına, 22 başı **-BL-*** dövlət qeydiyyatlı avtomaşına, 20 başı **-EY-*** dövlət qeydiyyatlı avtomaşına yüklənərək, Cavabdeh MMC-nin anbarına gətirilmişdir. Satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətli məhsul verməyə borclu olduğu halda, satılmış danaların qüsurlarının (xəstəliklərinin) yoxlanılması və qüsurların olmaması barədə sübutlar təqdim etməmişdir. Yeyinti məhsulları əldə etmək üçün alınan danalar satılarkən “pasteurella multocida” xəstəliyinə doğuşdan tutulmuşlar. Satılmış danaların başlıca qüsurları danalar satılanadək mövcud olduğu üçün heç bir məsuliyyət daşımırlar. Başlıca qüsurları olan danaların satıcısı olan iddiaçı bu qüsurlar qarantiya müddətləri ərzində aşkara çıxdığı üçün məsuliyyət daşıyır. Satılmış diri danaların qüsurlarının verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyi sübuta yetirildiyi üçün həmin başlıca qüsurlar üçün satıcı cavabdehlik daşıyır. İddiaçı tərəfindən satılmış diri danaların ətinin yeyinti məhsulları əldə etmək üçün keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu üçün alqı-satqı müqaviləsinin icrasından imtina edilmişdir. İddiaçı hüquqdan yalnız ziyan vurmaq məqsədi ilə istifadə edir. Öhdəliyin icrasından birtərəfli qaydada imtina ediməmişdir. Satılmış keyfiyyətsiz mal üçün əvəz ödəməyə borclu deyillər. İddiaçının satdığı qüsurlu danaların satılarkən qazanılmış xəstəlik səbəbindən tələf olmaları nəticəsində ziyan dəymişdir (baytarlıq xidmətinə pul ödənilmişdir, xəstə malların leşini çalalar qazaraq basdırmışıq və s.). Qeyd edilənlərə əsasən “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
13. “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-nin etiraz ərizəsinə etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılan heyvanlar normalarla müəyyən edilmiş və razılaşdırılmış keyfiyyətdə, miqdarda və çeşiddə olmuş, heyvanlar cavabdehin nümayəndələri tərəfindən iddiaçının fermasında şəxsən yoxlanılmış, öz sərbəst seçimlərinə əsasən müəyyənləşdirilmiş və özlərinə aid maşınlara yüklənilərək təhvil alınmışdır. Həmin tarixdə iddiaçı tərəfindən həmçinin digər alıcıya da həmin fermadan heyvanlar satılmış, satılarkən heyvanlardan nümunələr götürülərək, sınaq analizləri həyata keçirilmişdir. Həmin analizlərin nəticəsinə əsasən heyvanların başlıca qüsurlardan azad, lazımi keyfiyyətli heyvanlar olduğu görünür. Əgər iddiaçıya məxsus fermada yetişdirilən heyvanlarda hər hansı ölümə səbəb olacaq xəstəlik mövcud olmuşdursa, həmin nəticələrdə bu görünə bilərdi. Cavabdehin qeyd etdiyi “iddiaçının nümayəndələrinin göstərdikləri heyvanları almağa məcbur olmuşuq” ifadəsi tamamilə yalandır. Əgər belə bir məcburiyyət olmuşdursa, bu məcburiyyət hansı zərurətdən yaranmışdır? Kim - hansı şəxs və ya şəxslər və hansı səbəbə cavabdehin nümayəndələrini 87 baş heyvanı almağa məcbur etmişdir? Bu məcburetmə faktı iş materialları ilə sübut olunmur. Cavabdeh daha sonra qeyd edir ki, iddiaçı tərəf onlara müayinə aktı təqdim etməmişdir. Lakin müayinə aktı təqdim edilməsi üçün tərəflər alqısatqı müqaviləsində heyvanların satıcı tərəfindən sınaq və yoxlamalardan keçirilərək təhvil verilməsi barədə razılığa gəlməli idilər. Lakin tərəflər arasında belə bir razılaşma mövcud olmadığı üçün satıcı tərəfindən, təbii ki, hər hansı sınaq, analiz və yoxlama da olmamış, buna dair bir müayinə aktı vermək öhdəliyi də mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən tərəflər arasında könüllü olaraq razılaşdırılmış və müəyyənləşdirilmiş normalara uyğun keyfiyyətdə heyvanlar cavabdehin nümayəndələri tərəfindən iddiaçının fermasında təhvil alınmışdır. Hazırkı işdə də aydınlaşdırmalıdır ki, iddiaçı tərəfindən cavabdehə satılan heyvanlarda başlıca qüsur (yəni vərəm xəstəliyi) aşkarlanmışdır mı, əgər aşkarlanmışdırsa, bu qarantiya müddəti ərzində mi aşkarlanmışdır? Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş AQTA-nın xx.xx.2024-cü il tarixli sınaq protokolunun nəticələrinə əsasən müəyyən olunur ki, heyvanlarda vərəm xəstəliyinin törədicisinin DNT-si təyin edilməmişdir. Bu da onu deməyə əsas verir ki, satılan heyvanlarda vərəm xəstəliyi olmamış, qısacası, heyvanlarda satıcının məsuliyyət daşıyacağı başlıca qüsur aşkarlanmamışdır. AQTA-nın sözügedən sınaq protokolunda iddiaçı tərəfindən satılan heyvanlarda “Pasteuralla multocida” adlı bakteriyaların aşkarlandığı qeyd olunur. Cavabdeh əslində bu adda bakteriyaların olmasına istinad edərək, heyvanların tələf olduğunu qeyd edir, buna görə də müqavilə öhdəliklərini icra etməkdən imtina edir. İkincisi, cavabdeh etirazında qeyd edir ki, satılan heyvanlar “pasteuralla multocida” adlı xəstəliyə doğuşdan tutulmuş və bu xəstəlikdən tələf olmuşlar. Halbuki, iş materiallarında iddiaçı tərəfindən satılan heyvanların doğuşdan bu xəstəliyə tutulmaları və bu xəstəlikdən tələf olmalarını təsdiq edən hər hansı sübut mövcud deyildir. AQTA-nın qeyd olunan sınaq protokolunda da “pasteuralla multocida” xəstəliyinin heyvanlara nə vaxtdan yoluxduğu və heyvanların bu səbəbdən tələf olub-olmamasıyla bağlı bir məlumat yoxdur. Əksinə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yazılı sənədlərlə sübut olunur ki, “pasteuralla multocida” heyvanlarda ağciyər pnevmaniyasına səbəb olan bir bakteriyadır. Bu bakteriya heyvanların düzgün qidalanmaması, stress, düzgün daşınmama və yerdəyişmə, antisanitar şəraitdə saxlama və s. durumlarda ortaya çıxır. Göründüyü kimi, bu bakteriya heyvanlarda doğuşdan ola bilməz, yalnız sonradan qazanılan bir virusdur və aydındır ki, cavabdeh heyvanları iddiaçıdan təhvil alarkən bu heyvanlarda “pasteuralla multocida” bakteriyaları mövcud olmamışdır. Çünki, həmin bakteriyaların əlamətlərindən görünür ki, bütün əlamətlər zahirən görülə və fərqinə varıla bilən əlamətlərdir. Belə olduqda inandırıcı deyildir ki, cavabdehin nümayəndələri bu cür bakteriyalı heyvanların fərqinə varmamışlar. Aydındır ki, heyvanlar cavabdeh tərəfindən düzgün qaydada daşınmamış, düzgün qidalandırılmamış, təmiz və gigiyenik şəraitdə saxlanılmamış, bu da heyvanların “pasteuralla multocida” virusuna yoluxmasıyla nəticələnmişdir ki, buna görə də iddiaçı hər hansı maddi məsuliyyət daşıya bilməz. Üçüncüsü, Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair Sanitariya Normaları və Qaydaları”nda qida məhsulunun təhlükəsizlik göstəricisi kimi müxtəlif infeksiya, virus və bakteriyaların adı göstərilsə də, “pasteuralla multocida” adlı bakteriyalar bu siyahıda qeyd olunmamışdır. Bu da iddiaçı tərəfindən cavabdehə satılan heyvanların müəyyənləşdirilmiş norma və standartlara uyğun keyfiyyətdə olduğunu deməyə əsas verir. Dördüncüsü, heyvanların “pasteuralla multocida” adlı bakteriyalara yoluxması cavabdehin təqsiri ucbatından olmasa belə, bu heyvanların təsadüfən məhv olması və ya zədələnməsi kimi qiymətləndirilməlidir ki, buna görə də riski və məsuliyyəti tərəflər arasında imzalanmış müqavilənin 8.2-ci bəndinə görə iddiaçı yox, cavabdeh daşıyır. Yekun olaraq, AQTA-nın tərtib etdiyi sınaq protokoluna əsasən heyvanlarda “pasteuralla multocida” adlı bakteriyaların aşkarlanması cavabdehi müqavilə üzrə öhdəliklərini icra etməkdən azad etmir. Əgər satılan heyvanlarda başlıca qüsur və ya digər qüsur mövcud olsa belə, cavabdeh rəsmi bildiriş göndərərək, müqaviləni ləğv etməli və satın aldığı heyvanları iddiaçıya geri təhvil verməli idi. Lakin cavabdeh müqavilənin ləğv edilməsinə dair iddiaçıya rəsmi bildiriş göndərməmiş, heyvanları iddiaçıya geri təhvil verməmiş və məhkəməyə təqdim edilən videogörüntülərdən də göründüyü kimi, təhvil aldığı heyvanların demək olar ki, hamısını kəsmişdir. Mülki Məcəllənin 29-cu fəslinin 2-ci paraqrafının müddəalarına əsasən heyvanların, quşların və balıqların alqı-satqısına dair müqavilələrdə əgər heyvan, quş və ya balıqda başlıca qüsur aşkarlanarsa, alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər. Lakin alıcı olan cavabdeh bugünə qədər – hətta məhkəmənin davam etdiyi müddət ərzində də müqavilənin ləğv edilməsini tələb etməmişdir. Əgər heyvan, quş və ya balıqda başlıca qüsur aşkarlanarsa və alıcı müqavilənin ləğv edilməsini tələb edirsə, aldığı heyvanları satıcıya geri qaytarmalıdır. Lakin hazırkı vəziyyətdə də alıcı cavabdeh heyvanların geri qaytarılması ilə bağlı iddiaçıya hər hansı bir bildiriş göndərməmiş, heyvanları iddiaçıya geri qaytarmamış, əksinə heyvanları video-görüntülərdən də göründüyü kimi, nümayəndələri vasitəsilə kəsmişdir. Mülki Məcəllənin 612.1.1-ci maddəsinə görə heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-3375/2025 saylı qətnaməsi ilə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddiası təmin edilmiş, Cavabdehndən 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 125526,50 manat, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat pul vəsaitinin “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası da təmin edilmiş, “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindən 126068,40 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416,07 manat pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
15. Qətnamənin mübahisələndirilən hissəsi onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbini Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqısatqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satılan malların dəyəri olan 125526,50 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir. Tərəflər arasında alqısatqı müqaviləsinin bağlanması, müqavilə üzrə razılaşdırılmış malların Cavabdeh MMC-yə təhvil verilməsi, təhvil verilmiş malların dəyərinin 125526,50 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə malların təhvil verilməsindən müəyyən müddət sonra pasteurella multocida virusuna yoluxması ilə tələf olması nəticəsində Cavabdeh MMC-yə ziyan vurulmasını iddia etməsidir. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə heyvanlar göndərilməmişdən qabaq heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan olmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Alıcı 87 baş heyvanı qəbul etmiş və onlarda qüsurun olması barədə heç bir irad bildirilməmişdir. Həmin iddia ilə bağlı cavabdehin etirazı əsaslı sayıla bilməz, iddiaçının mövqeyi əsaslı sayılmalıdır. Belə ki, MM-in 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətləri (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Təqdim olunmuş şahid ifadəsi (vaxtla bağlı dedikləri cavabdehin nümayəndəsinin etiraznda qeyd etdiyi müddətlə üst-üstə düşmür və s.), video-görüntülər hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Bundan əlavə, Cavabdeh MMC tərəfindən müqavilə üzrə təhvil verilmiş heyvanlarda hansı virusun aşkar edildiyi, həmin heyvanların hansı tarixdə, hansı səbəbdən tələf olmalarını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş və həmin faktlar əsaslı olaraq öz təsdiqini tapmamışdır. Bundan əlavə, MM-in 612.1-ci bəndinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Alıcı tərəfindən satıcıdan müqavilənin ləğvini tələb etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı olan iddiası əsaslı olduğundan tam təmin edilməli və Cavabdehndən 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 125526,50 manat məbləğində borc tutularaq “X10 Məhsulları” MMC-yə ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat məbləğində pul vəsaiti “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-3375/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayət verərək qətnamənin Cavabdehndən 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 125526,50 manat, 500 manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 manat pul vəsaitinin “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması” hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, satıcı “X10 Məhsulları” MMC mülki hüquqlarını hüquqa uyğun həyata keçirməmişdir, bu hüquqdan yalnız onlara ziyan vurmaq və onların hesabına əsassız varlanmaq məqsədi ilə istifadə edilir, satıcı tərəfindən onlara keyfiyyəti aralarında bağlanmış alğı-satqı müqaviləsinə uyğun gələn diri danalar verilməmişdir, aralarında bağlanmış müqavilədə satılmış malların sağlamlığı barədə müayinə aktının verilməsi nəzərdə tutulsa da, satıcı “X10 Məhsulları” MMC tərəfindən satılmış diri danaların sağlamlığı barədə müayinə aktı təqdim edilməmişdir. “X10 Məhsulları” MMC tərəfindən satılmış diri danaların müalicəsi mümkün olmamışdır, tərəflərindən dəvət edilmiş baytar həkimləri tərəfindən danalar intensiv müayinə və müalicə olunmasına baxmayaraq, xəstəliyin qarşısının alınması mümkün olmamışdır, aldıqları danalar 4 gündən sonra tələf olmağa başlamışdır, onların aldıqları malların dəyərinin ödənilməsindən imtina etmək hüquqları vardır, tərəflərindən aldıqları diri danaların satıldığı vaxtdan əvvəl xəstə olmaları sübut olunmuşdur, ona görə də onlara satılmış diri danaların xəstəlikləri üçün satıcı “X10 Məhsulları” MMC məsuliyyət daşıyır. Satıcı onlara alğı-satqı müqaviləsinə uyğun gələn keyfiyyəti məhsul verməyə borclu olduğu halda, satılmış danaların qüsurlarının (xəstəliklərinin) yoxlanılması və qüsurların olmaması barədə sübutlar təqdim etməmişdir. Yeyinti məhsulları əldə etmək üçün aldıqları danalar onlara satılarkən “pasteurella multocida” xəstəliyinə tutulmuşlar. Satılmış danaların başlıca qüsurları danalar onlara satılanadək mövcud olduğu üçün onlar hər hansı məsuliyyət daşımırlar. Başlıca qüsurları olan danaların satıcısı olan iddiaçı bu qüsurlar qarantiya müddətləri ərzində aşkara çıxdığı üçün məsuliyyət daşıyır. Satılmış diri danaların qüsurlarının onlara verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyi tərəflərindən sübuta yetirildiyi üçün, həmin başlıca qüsurlar üçün satıcı cavabdehlik daşıyır. İddiaçı tərəfindən satılmış diri danaların ətinin yeyinti məhsulları əldə etmək üçün keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu üçün onlar alqı-satqı müqaviləsinin icrasından imtina etmişdirlər. İddiaçı hüquqdan yalnız onlara ziyan vurmaq məqsədi ilə istifadə edir. Tərəflərindən öhdəliyin icrasından birtərəfli qaydada imtina ediməmişdir. Satılmış keyfiyyətsiz mal üçün əvəz ödəməyə borclu deyillər. İddiaçının onlara satdığı qüsurlu danaların satılarkən qazanılmış xəstəlik səbəbindən tələf olmaları nəticəsində onlara ziyan dəymişdir. Müqavilənin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tərəflər arasında mülki hüquqlar və vəzifələr müqavilədən əmələ gəlir. “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə müqavilədə nəzərdə tutulan keyfiyyətdə diri danalar təhvil verilməmişdir, satılan malların sağlamlığı haqqında sağlamlıq aktı, malların göndərilməsi barədə qaimələr alıcıya təhvil verilməmişdir. İşə baxan hakim mübahisənin obyektiv həlli üçün mühüm əhəmiyyətli həmin hallara düzgün hüquqi qiymət verməmiş, bununla da maddi hüquq normalarını pozmuşdur. “X10 Məhsulları” MMC-dən alınmış diri danalar kəsimə hazırlanarkən məlum olmayan səbəblərdən sağlamlıqlarında ciddi fəsadlar yaranmışdır. Aldıqları danaların yaşı 2 illik olsalar da, çəkiləri yaşlarına görə 450-500 kq deyil, 250—300 kq təşkil edirdi. Həmin fakt da danaların satılarkən xəstə olduğunu təsdiq edir. Danalar anbarlara boşaldıldıqdan sonra kəsim üçün intensiv yemlənmələrə başlanılmışdır. Lakin 4 gün sonra danalar tələf olmağa başlamışdır. Danaların ölümünün səbəbini müəyyən etmək üçün dərhal satıcı“X10 Məhsulları” MMC-yə məlumat verilmiş, dəfələrlə SMS-lər göndərilmiş, zəng edilərək məlumatlar verilmiş, lakin iddiaçının nümayəndələri onlara məlum olmayan səbəblərdən müayinələrdə iştirak etməmişlər. AQTA və Dövlət Baytarlıq Xidmətinin nümayəndələri tərəfindən ölmüş danalara baxış keçirilmiş, yarılaraq laboratoriyada araşdırılması üçün nümunələr götürülmüşdür. Azərbaycan Qida Təhlükəsizliyi X6 Laboratoriyasının AZ- 22011389/LAB04-24226-T-226 saylı sınaq protokolundan görünür ki, götürülmüş nümunələrdə “pasteurella multocida” aşkar edilmişdir. Bu barədə “X10 Məhsulları” MMCyə rəsmi məlumat verilmiş, rəy onlara göndərilmiş, satılmış danaların alındıqları tarixdən əvvəl xəstə olmaları, həmin xəstəlik səbəbindən tələf olduqları, danaların satılmamışdan xəstə olduqlarını bildikləri halda, bunu gizlədərək onlara qəsdən xəstə dana satdıqları, satılmış danaların dəyərinin məhz həmin səbəbdən ödənilmədiyi bildirilmiş, mübahisənin görüşərək həll edilməsinin müzakirə olunmasını nəzərlərinə çatdırmışlar. Lakin “X10 Məhsulları” MMC-nin rəhbərliyi onlarla görüşməkdən və qarşılıqlı müzakirədən qəti şəkildə imtina etmişdir. “X10 Məhsulları” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtləri satıcı tərəfindən yerinə yetirilməmişdir, satılmış malın adı, miqdarı, çeşidi və qiyməti satıcı tərəfindən alıcıya təqdim ediləcək sənədlərdə göstərilməmişdir, malın satışına dair elektron qaimə təqdim edilməmişdir. Satıcıya malların müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olmaması barədə məlumatlar verilməsinə baxmayaraq, satıcı tərəfindən hər hansı bir tədbir görülməmişdir. Müqavilənin 3.5-ci maddəsinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər 2 imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri alıcıya təhvil verməlidirdir. Aktla birlikdə satıcı malların təhvil-təslimini təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Satıcı tərəfindən alıcıya təqdim edimiş vergilər xidmətinin elektron informasiya sistemində qeydiyyata alınmaqla mallara görə tərtib edilmiş qaimələr, təhvil-təslim aktları, hesab-fakturalar mütləq elektron qaimə-fakturalarda əks olunmalıdır. Satıcı “X10 Məhsulları” MMC tərəfindən tələbini əsaslandırdığı həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına qeyd edilən sənədlər əlavə edilməmişdir. İşə baxan hakim gəldiyi nəticələri maddi hüquq normalarını pozmaqla əsaslandırmışdır. İşə baxan hakim kommersiya işi üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir, onun tələbini əsaslandırdığı dəlillərin qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamışdır, obyektiv həqiqəti özündə əks etdirən bizim dəlillərimizə istinad etməməklə və öz qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İşə baxan hakim iş üzrə gəldiyi nəticəni qanunvericiliklərlə müəyyən edilmiş sübutlarla deyil, qanunu pozmaqla əldə edilmiş sübutlarla əsaslandırmışdır. “X10 Məhsulları” MMC ilə aralarındakı münasibətlər ciddi hesabat sənədlərində əks olunmuş məlumatlarla və ekspert rəyləri ilə təsdiq olunmalıdır. İşə baxan hakim tərəfindən şahid ifadəsinin, video-görüntülərin hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməməsi nəticəsi iş materialları ilə təkzib olunur. Cavabdeh MMC tərəfindən müqavilə üzrə təhvil verilmiş heyvanlarda hansı virusun aşkar edildiyi, həmin heyvanların hansı tarixdə, hansı səbəbdən tələf olmalarını təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməsinə baxmayaraq işə baxan hakim həmin faktları sübut kimi qəbul etməmişdir. Videogörüntülərdə dəqiq tarixlər əks olunmuşdur. Azərbaycan Respublikasının Qida X2-X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ- 19010797/2N-05240023 nömrəli baytarlıq şəhadətnaməsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Aqrokompleksinin Laboratoriya Sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0940 nömrəli sınaq protokolu, Azərbaycan Qida Təhlükəsizliyi X7 Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sınaq nəticələri hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə əks olunan nəticələr onlara satılmış danalardan götürülmüş nümunələr əsasında tərtib olunmamışdır. Həmin sənədlərdə “X10 Məhsulları” MMC-nin sifarişi əsasında aparılan sınaq nəticəsində heyvanlarda vərəm, şmallenberq, leptospiroz xəstəliklərinin törədicisi aşkar olunmamış, infeksiya törədicisi müsbət olaraq qeyd edilmişdir, götürülmüş qan nümunələri əsasında Brucella Abortus, Melitensis və suis neqativ çıxmışdır. Onlara satılmış danalarda isə “Pasturella Multocida” və “Pasturella Hemolytica” xəstəlikləri aşkar olunmuşdur. Bu barədə həmin sənədlərdə hər hansı qeyd yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Cavabdeh MMC-dən ona zəng olunmuş, o birbaşa Cavabdeh MMC-yə gəlmişdir. “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə satdığı danalara baxmış, ilkin müayinələrlə həmin danalarda “Pasturella Multocida” və “Pasturella Hemolytica” xəstəlikləri aşkar edilmişdir. Heyvanların burunlarından selikli qişa axırdı, tənəffüsləri ağırlaşmışdı. Danaların vəziyyəti tam "Septisemia" durumunda idi. (“Septisemia” bədənin bakteriyalar tərəfindən hüceyrə səviyyəsində yüksək toksin (zəhər) almasıdır). Bir neçə gün orada qalmış, heyvanların müalicəsi ilə intensiv məşğul olmuşdur. Gücləndirici və yüksək dozada dərmanlardan istifadə olunsa da, müalicənin nəticələri olmamışdır. Heyvanlar kütləvi şəkildə tələf olmağa başlamışdır. Ölmüş heyvanların yarılmasında və analizlər üçün nümunələr götürülməsində iştirak etmişdir. Ölmüş heyvanlar yarıldıqdan və nümunələr götürüldükdən sonra basdırılmışdır. “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə satdığı danaların ölümündə əsas rol alan “Pasturella Multocida” və “Pasturella Hemolytica” xəstəliklərdir. Heyvanlarin ölümundə tək “Pasturella” istirak etməmişdir. “Pasturella” ilə bərabər “Histophilus somni” bakteriyasi da istirak etmişdir. Çünki “Pasturella” ilə bərabər öldürücü bakteryia və virus aktivlərinin dövriyyədə olması müalicə prosesini neytrallaşdırırdı. Heyvanlar “Agonia” (ölumlə həyat arasi durum) vəziyyətinə düşürdü. Agonial vəziyyətdə olan heyvanlarin ətinin istifadəsi X5 tərəfindən qəti formada qadağan edilir. “Pasturella nazofarenksde” normal şəkildə yaşayan bir bakteriyadır. Ancaq neonatal (körpə zamanları) mərhələdə zədələnmiş ağciyərləri nə qədər qorusan da, irəliki zamanda stres faktorları və ya ikincili infeksiyalar (paraqrip 3, BRDC, BRSV,İBR) xəstəliyin yenidən alovlanmasında iştirak edir. “Pasturella Multocida” təkcə ağciyərlərlə deyil, bağırsaqlarda, sinovyumda (oynaq yerlərində), plevrada geriyə dönüşü olmayan və ya az geri dönüşü olan fəsadlar törədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı “X10 Məhsulları” MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iştirak edən iddiaçı “X10 Məhsulları” MMC–nin nümayəndəsi Vəkil1 apelyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025 ci il tarixli e-2-2(113)-3375/2025 saylı qətnaməsinin “X10 Məhsulları” MMC-nin iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 567. Alğı-satqı müqaviləsi 567.1. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. ... Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 609. Heyvan, quş və balıq satıcısının məsuliyyətinin başlıca qüsurlarla məhdudlaşdırılması 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətləri (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. Cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. Qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. Davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. ... 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır.
Maddə 610. Məsuliyyətin genişləndirilməsi və məhdudlaşdırılması
Yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər.
Maddə 611. Heyvan, quş və balıq satıcısının təqsirinin prezumpsiyası
Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi.
Maddə 612. Heyvan, quş və balıq alıcısının hüquqi müdafiəsi vasitələri 612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. ...
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə birləşdirilmiş işlər üzrə hər iki iddia təmin edilsə də, qətnamədən yalnız Cavabdeh MMC tərəfindən özünün cavabdeh olduğu iddianın təmin edilməsi hissəsində apellyasiya şikayəti verildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, N-4/7/24 alqı-satqı müqaviləsinin predmeti, həmin alqı-satqı müqaviləsi üzrə 87 baş erkək dananın cavabdehə təhvil verilməsi, satılmış malların qiyməti barədə mübahisə yoxdur.
28. Tərəflər satılmış malların qiymətinin ödənilməməsi ilə bağlı mübahisə edirlər. Cavabdeh aldığı malların qiymətini ödəməməsini alınmış heyvanların xəstə olması və alındıqdan qısa müddət sonra ölməsi, nəticə onlara ziyan vurulması ilə əsaslandırır.
29. Mülki Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətləri (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Mülki Məcəllənin 609.2.2-ci maddəsində isə hazırkı mübahisənin predmeti olan alqı-satqı müqaviləsi üzrə satılmış heyvanların aid olduğu qaramal üçün vərəm xəstəliyi 14 günlük və ağ ciyərlərin tam iltihabı 28 günlük qarantiya müddətləri daxilində aşkara çıxarıldığı təqdirdə başlıca qüsur hesab edilir.
30. Alıcı ona satılmış heyvanlarda qanunvericilikdə nəzərdə tutulmuş başlıca qüsurları müvafiq qarantiya müddətlərində aşkar edərsə müqaviləni ləğv edə, yəni öz öhdəliyinin icrasından imtina edə bilər. Bu baxımdan cavabdehin etirazı öz təsdiqini taparsa iddianın rədd edilməsi üçün əsas təşkil edə bilərdi.
31. Tərəflərin bağladığı müqavilədə Mülki Məcəllənin 610-cu maddəsinə uyğun olaraq məsuliyyətin məhdudlaşdırılması ilə bağlı xüsusi şərtlər yoxdur. Odur ki, heyvanların keyfiyyətinə görə məsuliyyətlə bağlı mübahisə Mülki Məcəllənin 609-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir.
32. İlk növbədə qeyd edilməlidir ki, baytarlıq şəhadətnamələrinə əsasən, alqı-satqı müqaviləsi üzrə heyvanlar göndərilməmişdən qabaq heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan olmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Alıcı 87 baş heyvanı qəbul etmişdir və onlarda qüsurun olması barədə dərhal iddiaçıya irad bildirməsinə dair heç bir sübut yoxdur.
33. Tərəflər arasındakı digər mübahisədən və onların nümayəndələrinin izahatlarından göründüyü kimi Cavabdeh MMC diri heyvanların alqı-satqısını, bəslənməsini və kəsilməsini həyata keçirən sahibkarlıq subyekti olduğundan onun əməkdaşlarının heyvanlarla bağlı kifayət qədər təcrübəli olması sağlam məntiqə uyğundur.
34. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq heyvanların alıcı tərəfindən götürülüb daşınması nəzərdə tutulmuş və malların seçilməsi də məhz bu qaydada baş vermişdir. Satılmış heyvanlarda aşkar edilmiş xəstəliyin simptomlarına nəzər yetirdikdə xəstə vəziyyətdə olan heyvanların cavabdehin işçiləri tərəfindən müəyyən edilməməsi ağlabatan deyildir.
35. Heyvanlarda vərəm xəstəliyi aşkar edilməmişdir. Lakin mütəxəssis rəyindən göründüyü kimi, heyvanlarda aşkar edilmiş pasteurella multocida bakteriyası ağciyər iltihabına (pnevmoniya) səbəb ola bilər (§7, 3-cü bənd). Cavabdehin təqdim etdiyi laboratoriya sınaq nəticələrində heyvanlarda pasteurella multocida bakteriyasının aşkar edildiyi göstərilsə də heyvanların ölüm səbəbinin hansı xəstəlik olması heç yerdə öz əksini tapmamışdır. Yenə müətəxəssis rəyindən göründüyü kimi bu bakteriya ağciyər iltihabı ilə yanaşı başqa xəstəliklərə də səbəb ola bilər. Həmin xəstəliklər isə qaramal üçün başlıca qüsurlara aid edilmir. Digər tərəfdən, ağciyər iltihabı bütün hallarda yox, yalnız ağciyərlərin tam iltihabı halı üçün başlıca qüsur hesab edilir.
36. Heyvanların pasteurella multocida bakteriyasının səbəb olduğu ağciyərlərin tam iltihabından tələf olduğunu fərz etsək, o zaman həmin xəstəliyin heyvanların təhvil verilməsindən hansı müddət sonra aşkara çıxarılması da mühüm əhəmiyyət kəsb edəcəkdir.
37. Qanunverici alqı-satqının predmeti olan əşyalardan fərqli olaraq canlı orqanizm olan heyvanlar, quşlar və balıqlar üçün qısaldılmış qarantiya müddətlərini təsadüfi olaraq müəyyən etməmişdir. Canlı orqanizm hər an xəstəliyə yoluxa biləcəyi üçün xəstəliyin inkubasiya dövrü və s. xüsusiyyətləri nəzərə alınmaqla qarantiya müddətləri təyin edilmişdir.
38. Ağciyərin tam iltihabı üçün bu müddət 28 gün müəyyən edilmişdir. Cavabdeh xəsətliyin malların alınmasından 4 gün sonra aşkar edildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar əsasında xəstəliyin malların alınmasından 28 gün müddətində aşkar edilməsini müəyyən etmək mümkün deyildir.
39. Cavabdehin vəsatəti ilə birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid Xəyyam Cəfərov ifadəsində Cavabdeh MMC-nin dəvəti ilə oradakı xəstə heyvanlara baxmaq üçün getdiyini, həmin xəstə heyvanların haradan alındığı barədə məlumatının olmadığını, getdiyi zaman ona bu heyvanların “15-20 gün, bəlkə də daha artıq” müddət əvvəl gətirildiklərini dediklərini, getdiyi tarixi dəqiq xatırlamadığını, lakin yaz aylarında getdiyini, yay fəsli olmadığını bildirmişdir. Göründüyü kimi, şahidin ifadəsi əsasında da cavabdehin etirazının dəlilini təsdiq etmək mümkün deyildir. Cavabdeh etirazında heyvanların alındıqdan 4 gün sonra ölməyə başladığını bildirir, şahid isə xəstə heyvanların 15-20 gün əvvəl gətirildikləri barədə ifadə verir. Mübahisəli alqı-satqı münasibətləri 4 iyul 2024-cü il tarixdə, yəni yay fəslində baş tutmuşdur, şahid isə xəstə heyvanları yaz aylarında müayinə etdiyini bildirmişdir.
40. Cavabdehin təqdim etdiyi laboratoriya sınaq nəticələrinin (§ 5) tarixlərinə diqqət yetirsək yenə də xəstəliyin aşkar edilməsi üçün qarantiya müddətinin keçdiyi görünür. Sınaq xx.xx.2024-cü il tarixdə başlanmışdır. Heyvanların təhvil verildiyi 4 iyul 2024-cü il tarixdən həmin vaxtadək 44 gün keçmişdir.
41. Beləliklə, cavabdeh iddiaçı tərəfindən ona qüsurlu malların verilməsi nəticəsində alqı-satqı müqaviləsi üzrə alınmış malların qiymətinin ödənilməsi öhdəliyini icra etməli olmadığını sübuta yetirə bilməmişdir.
42. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, alınmış malların qiymətinin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. İddia təmin edildiyindən, məhkəmə xərcləri ilə bağlı hissədə də düzgün olaraq ödənilmiş dövlət rüsumunun əvəzinin, habelə vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin ağlabatan miqdarda əvəzinin cavabdehdən tutulmasını qət etmişdir.
43. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3375/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3375/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov Səməd Cəfərov