Məhkəmə qərarları › İş №2-2(103)-1136/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1136/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1136/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Alliance Logisics” FZKO-nun cavabdeh OOO “X1 kompaniya” şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1003/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi OOO “X3 kompaniya” tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Ekspeditor “Alliance Logistics” FZCO ilə Sifarişçi OOO “Pervaya transportnaya loqistiçeskaya kompaniya” arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF-011 saylı nəqliyyat ekspedisiya müqaviləsindən görünür ki, ekspeditor müştərinin tələbi ilə aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya icrasını təşkil etməyi, sifarişçi isə bu xidmətlərə görə Ekspeditora ödəniş etməyi öhdəsinə götürür. Hər bir Xidmətin şərtləri və dəyəri Müqaviləyə Əlavələrdə öz əksini tapacaqdır: Nəqliyyat və ekspeditor xidmətləri; bütün növ stansiya xidmətləri, mühafizə, yükləmə və boşaltma xidmətləri; gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiləşdirmələr; keyfiyyət və kəmiyyət ölçmələri; malların/malların saxlanması/anbarlanması; yükün/malların köçürülməsi; tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Göstərilən Xidmətlərin siyahısı və müddəti, yükün/malların adı, daşınan yüklərin/malların marşrutları və miqdarı bu Müqaviləyə edilən Əlavələrə uyğun olaraq müəyyən edilir. Həmin Müqavilənin: -2.2-ci bəndinə əsasən Sifarişçi, Ekspeditorun hesabfakturasını aldıqdan dərhal sonra, lakin xidmətlərin icrasına başlamasının təxmin edildiyi andan 3 təqvim günündən gec olmayaraq, Ekspeditorun müəyyən edilmiş bank hesabına köçürmə yolu ilə sifariş edilmiş Xidmətlər üçün 100% avans ödəməlidir. -2.7-ci bəndinə əsasən ödəniş edilmədikdə və ya gecikdirildikdə, Ekspeditor Xidmətlərin yerinə yetirilməsindən imtina etmək, Xidmətlərin icrasını dayandırmaq və/və ya Sifarişçinin yüklərini/mallarını yolda dayandırmaq hüququna malikdir və göstərilən səbəbə görə baş vermiş bütün əlavə xərclər, cərimələr və/və ya məsrəflər Sifarişçi tərəfindən ödənilir. - 3.2.8-ci bəndinə əsasən sifarişçi bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ekspeditorun xidmətlərini vaxtında ödəməlidir və ödəniş edilməməsi və ya vaxtında ödəniş edilməməsi səbəbindən Ekspeditor tərəfindən Xidmətlərin yerinə yetirilməsindən imtina edildikdə və ya yüklərin/malların dayandırılması halında göstərilən səbəblərə görə baş vermiş bütün əlavə xərcləri, cərimələri və/və ya məsrəfləri ödəməlidir. -4.1.5-ci bəndinə əsasən sifarişçi aşağıdakı hallarda ekspeditora dəymiş ziyana görə məsuliyyət daşıyır: 1) müqavilənin şərtlərinin yerinə yetirilməməsi; 5) ödənişdən əsassız imtina; 6) ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmənin gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0.5%-i həcmində dəbbə pulu ödəməlidir. -6.2-ci və 6.3-cü bəndlərinə əsasən mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, bu Müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının müvafiq Məhkəməsinə göndərilir və tətbiq olunan hüquq və qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir.

2. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC “Alliance Logistics” FZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 3270746,37 ABŞ dolları olduğu qeyd olunmuşdur.

3. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC “Alliance Logistics” FZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 1729319.93 ABŞ dolları olduğu qeyd olunmuşdur.

4. “Alliance Logistics” FZCO tərəfindən OOO “Pervaya transportnaya loqistiçeskaya kompaniya”-ya göndərilmiş xx.xx.2023-cü il tarixli 1011 saylı pretenziya məktubunda 1729319.93 ABŞ dolları məbləğində borcun 10 gün ərzində ödəməyəcəyi təqdirdə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF-011 saylı müqavilənin 6.2-ci bəndinə əsasən tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh OOO “X2 kompaniya” arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat- Ekspedisiya müqaviləsinə əsasən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş 1.729.319,93 ABŞ Dolları məbləğində əsas borcun, 2.593.977 ABŞ Dolları məbləğində cərimə borcunun, ilkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4064, 8 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər, yəni “Alliance Logistics” FZCO ilə OOO “X2 kompaniya” arasında 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat- Ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Alliance Logistics” FZCO olaraq, OOO “X2 kompaniya”nın sifarişinə əsasən aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi öhdələrinə götürmüşdür. Sifarişçi isə həmin Xidmətlər müqabilində Ekspeditora muzd ödəməyi öhdəsinə götürmüşdür və hər bir Xidmət üzrə xüsusi şərtlərin və qiymətlərin Müqaviləyə edilən əlavələrdə öz əksini tapacağı barədə tərəflər razılığa gəlmişlər: 1) daşıma və ekspeditorluq xidmətləri; 2) bütün növ stansiya xidmətləri (yüklərin yüklənməsi və göndərilməsinə icazənin alınması, vaqonların/nəqliyyat vasitələrinin çatdırılması və geri götürülməsi, daşıma sənədlərinin leqallaşdırılması, yerli stansiya xidmətlərinin ödənilməsi (yüklərin/vaqonların/nəqliyyat vasitələrinin saxlanmasına görə, vaqonların/nəqliyyat vasitələrinin demurajına görə cərimələr) daxil olmaqla), təhlükəsizlik, yükləmə-boşaltma əməliyyatları; 3) gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiləşdirmələr; 4) yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanılması; 5) yüklərin/malların saxlanması və anbarlanması; 6)yüklərin/malların köçürülməsi/daşınması; 7) tərəflər arasında razılaşdırılmış digər əməliyyatlar. 11 fevral 2020-ci il tarixli üzləşdirmə aktına əsasən sözügedən müqavilə üzrə Ekspeditor qismində iddiaçı tərəfindən Sifarişçiyə müqavilə üzrə ümumilikdə dəyəri 4.789.876,37 ABŞ Dolları təşkil edən xidmət göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və göstərilən pul məbləğini onlara tam həcmdə ödəməmişdir. Hazırda cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra ikitərəfli təsdiq olunmuş 18 yanvar 2022- ci il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçı tərəf 1.729.319,93 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 6.1-ci bəndinə uyğun olaraq həmin borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilsə də, sözügedən borc məbləği hələ də iddiaçıya ödənilməmişdir. Hesab edir ki, göstərilən borc məbləği ABŞ Dolları valyutasında cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki cavabdehlə aralarında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsinin 2.4-cü bəndinə əsasən bu Müqaviləyə əsasən göstərilən Xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilir. Ödəniş valyutası ABŞ dolları və ya bu Müqaviləyə Əlavələrdə tərəflər arasında razılaşdırılmış hər hansı digər valyuta olmalıdır. Onu da qeyd edir ki, cavabdehə qarşı“pul” tələbinə dair iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etməməyinin əsası kimi yuxarıda qeyd olunan müqavilənin 4.1.1-ci, 6.2-ci və 6.3-cü bəndləri çıxış edir. Belə ki, 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi Ekspeditorun hesab fakturalarına uyğun olaraq Xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq qeyd edir ki, məhkəmədə hüquqlarlarınıın müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə xx.xx.2023-cü il tarixli, 1603 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 1000 manat ödəniş olunmuşdur. Hesab edir ki, ödənilməmiş borc məbləği ilə yanaşı həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçı tərəfə ödənilməlidir. Məhkəməyə müraciət edilməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilmişdir. İlkin mediasiya sessiyasından sonra cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 31 oktyabr 2023-cü il tarixli, MŞB/2-03731 nömrəli arayış verilmişdir. İlkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 400 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində kargüzarlıq xərci, və 1860.62 manat dövlət rüsumu tərəfindən ödənilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 387.2, 452.1, 425.2, 427.3, 430.1, 441.1, 441.4, 442.1, 443.1-443.2, 443.5, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1003/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh OOO “X2 kompaniya”-dan xx.xx.2018-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə ödənilməmiş 1729319,93 ABŞ dolları əsas borc, 86466 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1815785,93 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, habelə hüquqi yardımla əlaqədar ödənilmiş 1000 manat vəkil xərcinin, ödənilmiş dövlət rüsumunun 1934 manatının və 400 manat mediasiya xərcinin əvəzi İddiaçı-nun xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, “Alliance Logistics FZCO” (Ekspeditor) ilə OOO “X2 kompaniya” arasında xx.xx.2018-ci il tarixli ALF-011 saylı nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən ekspeditor sifarişçiyə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə tərəflər arasında imzalanaraq təsdiq edilmiş üzləşmə aktına əsasən 1729319,23 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. Buna görə də cavabdeh MM-in 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli üzləşmə aktını məcburiyyət səbəbi ilə cavabdeh tərəfindən imzalanması ilə bağlı irəli sürmüş olduqları dəlil də əsassızdır və sadəcə borcun ödənilməsinin yayınmasına xidmət edir. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı cavabdeh qurumun möhürü ilə təsdiqlənmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə göstərilmiş daşınma xidmətinə görə 1729319,23 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 1729319,23 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən ******* ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 86466 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1003/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üzərinə düşən öhdəliyin yerinə yetirilməsini, cavabdehə lazımı qaydada xidmət göstərdiyini məhkəməyə isbat edə bilmir. Hesab edirlər ki iddiaçı cavabdehə hər hansı bir xidmət göstərməmişdir, əks təqdirdə özünün istinad etdiyi xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 4.1.7-ci bəndinə uyğun olaraq, xidmətin göstərilməsinə dair üzləşmə aktları məhkəməyə tədim edərdi. Bunun əksi olaraq iddiaçı məhkəməyə 35 ədəd üzləşmə aktı təqdim etsə də, həmin üzləşmə aktlarında, müqavilə tələblərinə zidd olaraq, göstərdiyi xidmət barədə məlumat yoxdur. Halbuki həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən Tərəflər hər ay göstərilən xidmətlə bağlı Üzləşmə Aktı imzamalıdırlar. X6 göstərilən xidmətlər barədə tam məlumatlar olmalı və daşıma kodları, növü, nəqliyyat vasitələrinin nömrəsi, mənsubiyyəti, əmtəə-nəqliyyat qaimələrinin nömrəsi, yükün təyinatı, göndərilmə məntəqəsi, kütləsi və sifrələri qeyd edilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi Üzləşmə aktlarında müqavilənin vacib şərtlərinə, eləcə də yük daşıma ilə bağlı Qanunun tələblərinə dair məlumatlar yoxdur və bundan başqa Müqavilə ingilis və rus dillərində tərtib edildiyi halda Üzləşmə aktları yalnız ingilis dilində tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 2.3-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin qiyməti bu müqaviləyə qoşma ilə müəyyən edildiyi halda, iddiaçı Məhkəməyə bu müqavilənin qoşmalarını təqdim edə bilməmişdir. Bu gün xidmətin qiyməti müəyyən edilmədən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3.000.000 ABŞ dollarından artıq pul ödənildiyi halda, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pul məbləğini əlavə olaraq tələb etməsi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398-ci maddəsinin tələblərinə əsasən, Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Belə ki, işin faktiki hallarının araşdırılmaması iddiaçının məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, iddiaçı cavabdehlə bağlı münasibətdə vaxtında və lazımi qaydada üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ya ümumiyyətlə öhdəlik yerinə yetirmədən hüquqdan sui-istifadələrə yol verməklə, iş materillarına əlavə olunmuş iddiaçı ilə cavabdeh arasında e-mail yazışmalardan da göründüyü kimi, xususilə də, guya cavabdehin borcuna görə, cavabdehə məxsus 91 sayda yüklü yük qatar vaqonların Biləcəri stansiyasında saxlanılaraq, Azərbaycan Respublikası ərazisndə daşınmasının yubadılmasını həyata keçirməklə, bunu əllərində bir təyziq vasitəsi kimi istifadə etməklə, qanunsuztəsirlər göstərərək cavabdehi ağır və çıxılmaz vəziyyətə salmaqla, müqavilə münasibətləri bitməsinə baxmayaraq, hər hansı bir xidmət göstərmədən borculu olmasına dair müxtləf aktlara imza etdirmişdir. Əks təqdirdə iddiaçı Ekspeditor qismində göstərdiyi xidmətlərə dair Azərbaycan Respublikası MM-nin 852, 853 və 854-cü maddənin tələblərinə əsasən məlumatları və sənədləri məhkəməyə təqdim etməlidir. İddiaçı Ekspeditor xidməti göstəribsə Azərbaycan Respublikası MM-nin 853 və 854-cü maddələrinin tələblərinə əsasən məhkəməyə “yük göndərənin zəruri məlumatları, sənədləri və Qaimələri təqdim etməlidir.“ Lakin cavabdeh, iddiaçının qəbul etdiyi kimi, 3.000.000 ABŞ dollarından artıq pul məbləğini iddiaçıya ödəsə də, iddiaçı tərəfindən bu pulun müqabilində hansı xidmətin göstərilməsi iş materialları ilə təsdiq edilmir və israrlı tələblərinə baxmayaraq bununla bağlı iddiaçı məhkəməyə heç bir sənəd təqdim edə bilmədi. İddiacı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə hər hansı bir sənəd təqdim etmədən, öz hüquqlarını tələb etməklə, əslində isə onun görmədiyi işlər üzrə pul alması və əlavə olaraq pul tələb etməsi qanunsuz olmaqla, əsassız varlanmaya yönəlmiş hərəkətlərdən başqa bir şey deyildir. Hesab edir ki, məhkəmə iddiaçının pul tələbi ilə bağlı iddia müddətini ötürdüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə, iddiadan imtina barəsində qərar çıxarılmalı idi və bunula bağlı İddiaçı-nun cavabdeh OOO “Pervaya transportno-loqistiçeskaya kompaniya” şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməsi və və iddiadan imtina barədə qərar çıxarılması üçün məhkəməyə rəsmi ərizə təqdim etsələr də bu məsələyə münasibət bildirilməmişdir. Belə ki, əgər məhkəmə qərarının əsasını xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilə təşkil edirsə, onda iddiaçı ekspeditor olduğu halda cavabdeh də daşıyıcıdır və hesab edir ki, bu işin faktiki halıdır, çünki iddiaçı hər hansı bir yükün daşınmasına dair məhkəməyə sənəd təqdim etmədiyini onu yük daşıyan kimi hesab etmək mümkün deyildir və belə olan halda məhkəmə MM-nin 861.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini tətbiq etməklə iddianı rədd etməyə borclu idi. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdehin irəli sürdüyü dəlillər qəbul edilmiş, olduğu kimi qərara köçürülmüş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmiş, irəli sürdüyü bir dəlil belə qiymətləndirməyə məruz qalmamış və son nəticə də düzgün olmayan Qərar qəbul edilmişdir. Mübahisələndirilən məhkəmə aktında cavabdehin yuxarıda qeyd edilən dəlilərinin heç biri araşdırlmamış və qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci-il tarixli ALF-011 nömrəli müqaviləyə istinad olunsa da, lakin bu muqavilənin şərtlərinin nə üçün iddiaçı tərəfindən icra edilmədiyi halda qarşı tərəfdən öhdəliyin tələb edilməsi araşdırılmamış və işə düzgün hüquqi qiymət verilmədiyindən nəticədə əsassız və qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Hesab edir ki, məhkəmə iddiaçının pul tələbi ilə bağlı iddia müddətini ötürdüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə, iddiadan imtina barəsində qərar çıxarılmalı idi. Belə ki cavabdeh tərəf bununla bağlı İddiaçı-nun cavabdeh OOO “Pervaya tronsportnoloqistiçeskaya kompaniya”-ya qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməsi və və iddiadan imtina barədə qərar çıxarılması üçün məhkəməyə rəsmi ərizə təqdim etsə də bu məsələyə münasibət bildirilməmişdir. Bu məsələ məhkəmənin işin tam, hərtərəf və obyektiv araşdırmamağına dəlalət edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -425.1-ci maddəsinə əsaəsn öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-ci maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. -861.1-ci maddəsinə görə daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. - 861.2-ci maddəsinə görə ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

15. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. -450.1-ci bəndinə görə zərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

16. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. -24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisənin hər iki tərəfi xarici hüquqi şəxslər olduğundan mübahisə xarici elementlidir.

22. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR Məhkəmələrinin hazırkı mübahisələrə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə hər iki tərəf xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslər olsalar da, hazırkı mübahisə qismən AR ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlir(Belə ki, hər iki tərəf məhkəmədə verildikləri izahatda nəqliyyat və ekspeditor xidmətlərinin məhz yüklərin AR ərazisindən daşınması zamanı göstərildiyini təsdiq etmişlər).

23. İkincisi, iddianın faktiki əsasını təşkil edən mübahisəli müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər həmin müqavilədən irəli gələn mübahisələrin AR Məhkəmələrində həll edilməsi barədə razılaşmışlar. Odur ki, MPM-in 450.1-ci maddəsinin tələblərinə əsasən AR Məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.

24. İkinci həll edilməli olan məsələyə mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində tərəflər müqavilədən irəli gələn mübahisələrə AR Qanunvericiliyinin tətbiqi barədə razılığa gəlmişlər. Odur ki, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 24.1-ci maddəsinə əsasən hazırkı mübahisəyə AR Qanunvericiliyi tətbiq edilməlidir.

25. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Alliance Logistics” FZCO (ekspeditor) ilə OOO “Pervaya transportnaya loqistiçeskaya kompaniya” (sifarişçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli ALF-011 saylı nəqliyyat ekspedisiya müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə eksperdisiya və digər nəqliyyat xidmətlərini göstərdiyini və həmin xidmətlərə görə 1.729.319,93 ABŞ dolları məbləğində borcun yarandığını iddia edir və həmin borcun, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin tam ödənildiyini bildirməklə borcun mövcudluğunu inkar edir.

26. İddianın qanuni əsaslarını Mülki Məcəllənin 850.1 və 852.4-cü maddələri təşkil edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat və ekspedisiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.729.319,93 ABŞ dolları məbləğində borcun mövcud olması hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli üzləşmə aktları ilə müəyyən edilir.

28. Digər tərəfdən cavabdeh daşınmasını həyata keçirdiyi yüklərin AR ərazisində iddiaçı tərəfindən saxlanıldığını və yalnız üzləşmə aktının imzalanması şərti ilə buraxıldığını, yəni həmin aktları imzalamağa məcbur edildiyini bildirsə də, göstərilən halları sübuta yetirə bilməmişdir. Belə olan halda isə sözügedən üzləşmə aktlarının məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərə alınmaması üçün əsas yoxdur.

29. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə tərəflərindən iddiaçıya 3.000.000 ABŞ dollarından artıq vəsaitin ödənilməsi və belə olan halda iddiaçıya borclarının qalmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilən üzləşmə aktlarına əsasən 2028-ci ilin dekabrı-2021-ci illərdə cavabdeh tərəfindən iddiaçıya 3.949.130 (2019-cu il-1519.130, 2020-ci il -930.000 və 2021-ci il- 1500.000) manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapsa da, həmin aktlarla həmçinin sözügedən dövr ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin ümumi dəyərinin 5.678449,93 ABŞ dolları (2018-ci ilin dekabrı – 2019-cu il -4789876,37 ABŞ dolları; 2020-ci il-888.573,56 ABŞ dolları) olması da müəyyən edilir. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında imzalanmış sonuncu - xx.xx.2022-ci il tarixli üzləşmə aktında cavabdehin 1.729.319,93 ABŞ dolları məbləğində borcunun olması təsdiq edilmiş, cavabdeh isə üzləşmə aktı imzalandıqdan sonra iddiaçıya hər hansı ödəniş etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin iddiaçıya borcunun olmaması barədə istinad etdiyi dəlillər əsassızdır.

30. İddiaçı tərəfindən göstərilən xidmətlərin qiymətlərinin şişirdilməsi barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, cavabdeh mübahisəli üzləşmə aktlarını imzalamaqla göstərilmiş xidmətlərin dəyəri ilə və belə olan halda xidmətlərin dəyərinin əsasında hesablandığı qiymətlərlə razılaşması barədə iradəsini ifadə etmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borcların üzləşdirilməsi aktı imzalandıqdan, yəni borc təsdiq edildikdən sonra həmin borcun yaranması üçün əsas olmuş xidmətlərin göstərilməsi faktının, eləcə də xidmətlərinin dəyərinin mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.

32. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçı “Alliance Logistics” FZCO-nin cavabdeh OOO “Pervaya transportnaya loqistiçeskaya kompaniya” şirkətinə qarşı iddiası 1.729.319,23 ABŞ dolları borcun tutulması hissəsində əsaslıdır.

33. Bundan əlavə kollegiya iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndində cavabdeh tərəfindən xidmətin dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin razılaşdırıldığını, işin yuxarıda göstərilən halları ilə cavabdehin xidmətin dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsi öz təsdiqini tapdığını, eləcə də məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində iddianı qismən təmin edərək cavabdehdən tutulmalı olan dəbbə pulunu 86466 ABŞ dolları məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur. Mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin ərizəsində mübahisəyə tətbiq edilməli olan norma kimi Mülki Məcəllənin 861.1 və 861.2-ci maddələrinə istinad edilmişdir. Halbuki həmin normada daşıyıcıya və ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti müəyyənləşdirilmişdir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, mübahisəli hüquq münasibətlərində daşıyıcı və ekspeditor qismində cavabdeh deyil, iddiaçı çıxış edir. Odur ki, sözügedən normaların mübahisəyə tətbiq edilməsi istisna olunur.

34. Digər tərəfdən üzləşmə aktlarından da göründüyü kimi iddiaçı tərəfindən sonuncu xidmətlərin 2020-ci ilin noyabrında göstərildiyini, xidmətlərə görə cavabdeh tərəfindən sonuncu ödənişin 2021-ci ilin dekabrında həyata keçirildiyini, eləcə də cavabdehin sonuncu dəfə 2022-ci ilin yanvarında üzləşmə aktını imzalamaqla borcu etirafedici hərəkət etdiyini, hazırkı iddianın isə xx.xx.2024-cü ildə qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik iddia müddəti buraxılmamışdır.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehin nümayəndəsi OOO “X3 kompaniya” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1003/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şİrinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar