Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1137/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə kommersiya mübahisəsi Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4583/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 23057,06 manat borcu vardır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 21005,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 21005,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 17535,55 manat, faizlər üzrə 3469,85 manat) olmaqla, ümumilikdə 21005,4 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********646800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4583/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Qeyd olunanlara əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 21005,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
8. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, işin faktiki halları və aparılan istintaq tam araşdırılana qədər onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair tədbirin götürülməsini, ədalət prinsiplərinə uyğun olaraq, onun müdafiə hüquqlarının tam təmin edilməsi üçün işə yenidən baxılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qanunsuz və ədalətsiz qəbul olunmuşdur, çünki işə birtərəfli qaydada baxılmış, müdafiə hüququ təmin edilməmiş və işin mahiyyəti obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən, məhkəmələr işlərə ədalətli, qərəzsiz və hərtərəfli baxmağa borcludur. Lakin birinci instansiya məhkəməsi onun iştirakı olmadan, birtərəfli qaydada qərar qəbul etmişdir. MPM-in 77-ci maddəsinə əsasən, tərəflərin məhkəmə iclasında iştirak etmək, dəlil təqdim etmək və müdafiə hüququ vardır. Onun bu hüquqları kobud şəkildə pozulmuşdur. Vergi öhdəliklərinin onunla əlaqəsi sübuta yetirilməmişdir. Qətnamə formal sənədlərə əsaslanaraq qəbul edilib, lakin faktiki vəziyyət tam nəzərə alınmayıb. Onun tərəfindən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə rəsmi müraciət olunmuş və həmin qurumun 09 yanvar 2025-ci il tarixli, 3-21-2-5/2-181/2025 saylı cavab məktubunda faktiki olaraq onun məsuliyyətinin olmadığı dolayısı ilə təsdiqlənmişdir. Bundan əlavə, 20 iyul 2024-cü il tarixli “İltizam” sənədində "xxxx" MMC-nin idarə olunmasına görə bütün maddi-hüquqi məsuliyyətin Malik Məmmədov üzərində olması təsbit edilmişdir. Hazırda Xətai Rayon Polis İdarəsində təhqiqatçı Elgiz Məmmədov tərəfindən X1 əməlləri üzrə araşdırma aparılır. Bu da göstərir ki, vergi borcları onun fəaliyyəti ilə deyil, üçüncü şəxslərin qanunsuz hərəkətləri ilə bağlıdır. Məhkəmə yuxarıda göstərilən faktiki halları (dələduzluq elementlərinin mövcudluğu, məsuliyyətin digər şəxslərin üzərinə götürülməsi, istintaqın aparılması) nəzərə almadan, birtərəfli və formal baxışla qərar qəbul etmişdir. Bu isə MPM-in 14-cü maddəsində nəzərdə tutulan obyektivlik və hərtərəflilik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi onun iştirakını təmin etməməsi səbəbindən işin əsas mahiyyəti müəyyən edilə bilməmişdir. Məhkəmə onun iştirakını təmin etsə idi kifayət qədər əsaslı fakt və sübutları təqdim edəcəkdi. Belə ki, Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən hələ 09 yanvar 2025-ci il tarixdə vergidənyayınma və digər hallar barədə onun şəxsi müraciətinə cavab olaraq tövsiyyə xarakterli məktubu, 20 iyul 2024-cü il tarixdə məhz "xxxx" MMC-nin bütün maddi və hüquqi öhdəliklərinin digər şəxs tərəfindən verilmiş "İltizam", həmçinin etibardan sui-istifadə, dələduzluq hallarının araşdırılması barədə halhazırda da Xətai Rayon Polis İdarəsində aparılan müvafiq iş birinci instansiya məhkəməsinin diqqətində olmalı idi, lakin qeyd etdiyi kimi, iştirakı təmin olunmaması səbəbindən yuxarıda göstərilən vacib hallar və xüsusatlar araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri qaydada lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının: - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
14. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 21005,4 manat məbləğində (o cümlədən, vergilər üzrə 17535,55 manat, faizlər üzrə 3469,85 manat) olmaqla, ümumilikdə 21005,4 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********646800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, qeyd olunan borc məbləğinin ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
19. Bundan əlavə, məhkəmə kollegiyası işin diqqətəlayiq hallarını, o cümlədən vergi borcunun 20000 manatdan artıq olduğunu, həmin borcun uzun müddətdir ki, ödənilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda həmin borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılması mütənasiblik meyarlarına cavab verir.
20. Məhkəmə iclasında iştirak ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, e-2-2(113)-4583/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi Maraqlı şəxs yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1nə poçt vasitəsilə göndərilmiş (ünvan natamamlığından bildiriş qayıtmışdır), habelə maraqlı şəxsin adına qeydə alınmış mobil telefon nömrələrinə SMS bildirişlər göndərilmişdir. Bununla da, məhkəmə maraqlı şəxsin məlumatlandırılması üçün mümkün vasitələrdən istifadə etmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-4583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.