Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1138/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2368/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən tərəflərin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehə göstərdiyi yükdaşıma xidmətlərinə görə yaranmış 10.244 manat məbləğdə əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 12.839 manat dəbbə (penya) pulunun, məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilkdə 23.113 manat məbləğdə pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 7.083 manat məbləğdə əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1.283,9 manat dəbbə (penya) pulunun, məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilkdə 8.396,9 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” 05.01.2021-ci il tarixli 0653/12/1 nömrəli və 23.02.2021-ci il tarixli 0653/02/1 nömrəli sifarişçi tərəfindən təsdiq edilməmiş aktlara münasibət məhkəmə qeyd edir ki, həmin aktlar iddia tələbinin əsası təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətinə onun imza və möhürlə təsdiq edilməsini və ya göstərilmiş iş və xidmətləri qəbul etmədikdə, əsaslandırılmış imtina cavabı (məktubu) ilə İcraçının faktiki ünvanına sifarişli məktubla çatdırılmasını təmin etməlidir. Həmin müqavilənin bənidnə əsasən Sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətində təsdiq etmədikdə və ya əsaslı imtina cavabı təqdim etmədikdə. Göstərilmiş iş və xidmətlər Sifarişçi tərəfindən təhvil alınmış. Təhvil və Üzləşmə Aktı isə qəbul edilmiş hesab olunur.” Qətnamə ilə razılaşmayan hər iki tərəf ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, işə baxan hakim hər iki tərəfin imza möhürü ilə təsdiqlənmiş üzləşmə aktlarını və bundan irəli gələn hüquq münasibətlərini düzgün araşdırmadan yalnız öz formal mülahizəsinə, zənn və ehtimallarına əsaslanaraq iddia tələbini həmin hissədə tam təmin etməmişdir. İşin həqiqi halları ilə bağlı qeyd edir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında yükdaşıma xidmətlərinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən vaxtaşırı verilmiş sifarişlər iddiaçı tərəfindən icra edilərək bu barədə üzləşmə aktları tərtib edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin üzləşmə aktlarında - aktın tərtib edilmə forma və üslubuna uyğun olaraq - tərəflərin imza və möhürü aktın yuxarı tərəfində vurulmaqla aşağıdakı xidmətlərin icra olunduğunu hər iki tərəf təsdiq etmişdir. Lakin, işə baxan hakim həmin aktlarda yuxarı tərəfdə vurulmuş səlahiyyətli şəxsin imza və möhürünü gözardı edərək, iş üzrə təqdim edilmiş sübuta düzgün qiymət verməmişdir. Bu səbəbdən də, işə baxan hakim öz mülahizəsinə əsasən həmin aktlarda üst tərəfdə vurulmuş səlahiyyətli şəxslərin imza və möhürlə təsdiqini qəbul etməyib, həmin aktları imzalanmamış kimi hesab etmişdir. Halbuki, iş materiallarında olan üzləşmə aktlarının hər biri cavabdehin səlahiyyətli şəxsi - direktorunun imza və möhürü ilə öz təsdiqini tapmışdır. Aktda imza və möhürün aşağıda və ya yuxarıda vurulmasının onun həqiqiliyini və etibarlılığını şübhə altına salmır. Əsas və vacib olan odur ki, bu aktların hər birində səlahiyyətli şəxslərin imza, möhür təsdiqi vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, AT-YD 25/20 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı tərəf cavabdehə yükdaşıma və evakuasiya xidməti göstərmişdir. Düzdür, iddiaçı geyd etdiyi kimi əlavə işlər də cavabdeh tərəfindən sifarış olunmuşdur, lakin həmin işlər sona qədər yerinə yetirilmədiyinə, nöqsanlı olduğuna görə Bakı Taksi Xidməti tərəfindən onlara ödənilməli pul vəsaitləri gecikdirilmişdir və sona çatdırılmamışdır. Bu səbəblərdən və debitorlardan borc vəsaitlərini yığa bilmədiklərindən iddiaçı tərəfin gecikdirilmişdir. İddiaçı tərəfindən qeyd edilən vəsaitin müəssisədən tələb edilməsi tamamilə qanunsuzdur. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsinə çalışmasına baxmayaraq, iddiaçı tərəfindən işlərin gecikdirilməsi onların özlərinin öhdəlikləri olduğu şirkətlərlə ödəniş problemlərinin olmasına gətirib çıxarmışdır, bu formada öhdəliklər yaranmışdır ki, onlara borclu olduqları pul vəsaitləri bu günə qədər onlara ödənilməmişdir. Həmin işlərin yerinə yetirilməsinə bütün dünyanı və Azərbaycanı bürümüş koronavirus pandemiyasının da böyük təsiri olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi öz şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı şikayəti qəbul etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisəli üzləşmə aktlarının hər birinin cavabdehin səlahiyyətli şəxsi - direktorunun imza və möhürü ilə təsdiq olunması, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə işlər sona qədər yerinə yetirilmədiyinə, nöqsanlı olduğuna görə onlara ödənilməli pul vəsaitlərinin gecikdirilməsi və sona çatdırılmaması, bu səbəblərdən və debitorlardan borc vəsaitlərini yığa bilmədiklərindən iddiaçıya ödəmələrin gecikdirilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız apellyasiya şikayətlərinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə, işdən müəyyən edilir ki, icraçı (iddiaçı) ilə sifarişçi (cavabdeh) arasında imzalanmış 16.04.2020-ci il tarixli AT-YD 25/20 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin: 1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür; 4.3-cü bəndinə görə, göstərilmiş xidmətlər (görülmüş işlər) tərəflərin imza və möhürləri ilə təsdiq edilən təhvil və üzləşmə aktları ilə təsdiq edilir. Təhvil və üzləşmə aktları ilə təsdiq edilmiş xidmət haqqı 10 bank günü ərzində sifarişçi tərəfindən icraçıya nəğd ödəmə və ya köçürmə yolu ilə ödənilir. 02.11.2020-ci il tarixli 0653/10/1 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, AT-YD 25/20 nömrəli müqavilə üzrə 3.210 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunaraq, həm aktın giriş hissəsi, həm də təhvil aldım qrafası cavabdehin baş direktoru tərəfindən imzalanaraq, möhürü ilə təsdiq edilmişdir. 01.12.2020-ci il tarixli 0653/11/1 nömrəli (1.951 manat) və 01.02.2021-ci il tarixli 0653/01/1 nömrəli (1.922 manat) aktlar da eyni qaydada imzalanaraq, möhürlə təsdiq edilmişdir. 05.01.2021-ci il tarixli 0653/12/1 nömrəli (2.271 manat) və 23.02.2021-ci il tarixli 0653/02/1 nömrəli (1.233 manat) aktların isə giriş hissəsi cavabdehin baş direktoru tərəfindən imzalanaraq, möhürü ilə təsdiq edilmişdir. İddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, daşıma müqaviləsinə əsasən həyata keçirilən xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir (Mülki Məcəllənin 427.3, 442, 448.1 və 448.2-ci maddələri). Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, 05.01.2021-ci il tarixli 0653/12/1 nömrəli və 23.02.2021-ci il tarixli 0653/02/1 nömrəli aktlar giriş hissədə cavabdehin baş direktoru tərəfindən imzalanaraq, möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, cavabdeh nə iddiaya qarşı yazılı etirazında, nə də apellyasiya şikayətində aktların həm də aşağı hissəsində də təsdiq olunmalı olduğunu mübahisə etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehin mübahisələndirməyib, razılaşdığı aktları müzakirə edib, qəbul etməməsi dispozitivlik prinsipinə zidd olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, sonuncu, iddiaçı ilə aralarında daşıma müqaviləsinin bağlanmasını, sifarişinə əsasən malların daşınması xidmətinin iddiaçı tərəfindən yerinə yetirildiyini mübahisə etmir. O, iddiaçının işləri sona qədər yerinə yetirmədiyini bildirsə də, hansı işlərin yerinə yetirilmədiyini və yerinə yetirilməyən işlərin dəyərini konkretləşdirməmişdir. Onun şikayətinin başqa debitorlardan borc vəsaitlərini yığa bilmədiyi əsası ilə iddiaçıya ödəmələrin gecikdirilməsi barədə dəlili isə bilavasitə onun məsuliyyət dairəsinə aiddir. Bununla da, hər iki dəlil formal mülahizə xarakterli olmaqla, daşımanın dəyərinin ödənilməsi öhdəliyinin icrasını uzatmaq yaxud bundan yayınmaq məqsədi güdür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissədə ləğv edilməli (MPM-in 385.1.4 və 390-cı maddələri), həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə 10.244 (3.210+1.951+1.922+2.271+1.233) manat məbləğdə əsas borc tutulmalı (MPM-in 384.0.2-ci və 218.3-cü maddələri), qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2368/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh MMC-dən 7.083 manat məbləğdə əsas borcun tutulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən 10.244 manat məbləğdə əsas borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1138/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1138/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver