Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1139/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə (bundan sonra - cavabdeh) qarşı ilk, cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2101/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onunla bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmək və 40.580 manat məbləğdə vurulmuş maddi ziyanı ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanan 24.11.2020-ci il tarixli 17/2020 nömrəli satınalma müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edimişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə müqavilənin bağlandığı 24 noyabr tarixi ilə müqavilənin ləğv edilməsi təklifinin göndərildiyi 04 dekabr tarixləri arasında 10 gün müddətində hansı yeni maliyyə çətinliklərinin üzə çıxa bilməsini araşdırmamışdır. Cavabdehə ötən müddət ərzində iddiaçı tərəfindən satınalma müqaviləsində nəzərdə tutulan xidmətlər üzrə işləri icra etmək üçün cəlb edilən işçilərin əmək haqlarını, layihə işləri və boşdayanma vaxtı ilə bağlı digər ödənişləri təmin etmək məqsədi ilə 40.580 manat məbləğdə maddi vəsait xərcləndiyi qeyd olunmuşdur. Təəccüb doğuran haldır ki, məhkəmə tərəfindən çıxarılan qətnamədə yazışmalara, iddiaçının məktublarında ifadə etdiyi mövqeyə heç bir münasibət bildirməmişdir, sanki, iddiaçının belə sübutları ümumiyyətlə təqdim etməməsi kimi təəssürat yaradılmışdır. İddiaçı ilə cavabdehin müqavilə bağladığı an ilə sonrakı müddət arasında heç bir yeni müharibə olmamışdır, göstərilən müqavilə qarşılıqlı razılıq əsasında post-müharibə dövründə bağlanmışdır və post-müharibə şərtlərində də icra olunmalı idi. Məhkəmənin nəzərə almaq istəmədiyi daha bir mühüm məqam isə cavabdehin göstərilən müqaviləni məhkəmə yolu ilə deyil, özbaşına ləğv etməsi və bu davranışına haqq qazandırmasıdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili şikayəti müdafiə edib, ona uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 24.11.2020-ci il tarixli 17/2020 nömrəli “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidməti üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqavilənin: 19.1-ci bəndinə əsasən, müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır; 19.2-ci bəndə görə, qarşısıalınmaz qüvvənin təsirinə sifarişçi və icraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr, zəlzələlər, daşqınlar, epidemiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir; 22.2-ci bəndinə əsasən, sifarişçinin və ya icraçının ödəmə qabiliyyəti olmadıqda qarşı tərəf yazılı bildiriş göndərərək müqaviləni ləğv edə bilər. Müqaviləyə 1 nömrəli əlavə olan qiymət cədvəlindən məlum olur ki, təkmilləşdirmə işləri və X2 xidmətləri ümumilikdə 112.100 manat məbləğdə qiymətləndirilmişdir. Müqaviləyə 2 nömrəli əlavə olan xidmətin təhvil cədvəlinə əsasən “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidməti və X2 xidmətlərinin 15.12.2020-ci il tarixə kimi təhvil verilməsi tərəflər arasında razılaşdırılmışdır. İşdə olan, 25.11.2020ci il tarixli 601 nömrəli məktubla iddiaçı cavabdehə müraciət edərək, 24.11.2020-ci il tarixli satınalma müqaviləsinə əlavə 2-də qeyd edilmiş işlərin 30 gün ərzində təmin edilməsi nəzərdə tutulduğunu, bununla bağlı olaraq informasiya sistemi üzrə əlaqələndirici şəxs barədə məlumat verilməsini bildirmişdir; 30.11.2020-ci il tarixli 617 nömrəli məktubla iddiaçı cavabdehə müraciət edərək, müqaviləyə əsasən istifadəçilər üçün veb platforma üzərindən hesabatların əldə edilməsi məqsədilə alətin təqdim olunmalı olmasını qeyd etmiş, bu məqsədlə alət olaraq “X3 and Analytics Software” üzrə lisenziyanın təmin edilməsi ilə bağlı olaraq istehsalçı ilə müzakirə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində bu alətin lisenziyasından istifadə edildiyini bildirmiş, yeni lisenziya qoyulacaq server, nazirliyin daha əvvəl aldığı və hazırda istifadə etdiyi lisenziya yerləşdirilmiş serverlə bir mühitdə yerləşdirilməsi barədə məlumat lazım olduğunu qeyd etmiş, problemlərin həlli yollarını təklif etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 04.12.2020-ci il tarixli **********5 nömrəli məktubda qeyd olunmuşdur ki, 24.11.2020-ci il tarixli satınalma müqaviləsinin icrası ilə bağlı ödəmənin aparılması dövlət büdcəsindən ayrılmış vəsaitin icrasında yaranmış problemlər səbəbindən mümkünsüzdür. Məktubla müqavilənin ləğvi təklif olunmuş və 5 gün müddətində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. 07.12.2020-ci il tarixli 667 nömrəli məktubda iddiaçı cavabdehə müraciət edərək, ötən müddət ərzində rəsmi müraciət və telefon zənglərinin cavablandırılmamasını qeyd etmiş, mümkün olan ən qısa zamanda müraciətlərə cavab verilməsini xahiş etmiş, 07.12.2020-ci il tarixli 668 nömrəli məktubda 04.12.2020-ci il tarixli **********5 nömrəli 24.11.2020-ci il tarixli satınalma müqaviləsinin ləğvi barədə qarşı tərəfin mövqeyinin qeyriciddi olmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə ümumi şəkildə istinadın heç bir əsasının olmamasını, 9 gün ərzində öhdəliklərin icrasına başlandığı halda bu cür yanaşmanın qəbuledilməz olduğunu bildirmişdir. İddiaçının 07.12.2020-ci il tarixli 668 nömrəli məktubuna verilən 10.12.2020-ci il tarixli **********0 nömrəli cavabında cavabdeh 24.11.2020-ci il tarixli satınalma müqaviləsinin ləğvi barədə mövqelərinin tamamilə ciddi olduğu, Agentliyin maliyyələşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin məhdud olması, həmin vəsaitin Agentliyin aparatının, tabeliyində olan qurumların təchizatı ilə bağlı yalnız ən zəruri malların satın alınmasına imkan verməsi və bütün maliyyə imkanlarının ətraflı şəkildə təhlil edildikdən sonra müqavilənin qeyri-müəyyən müddətə təxirə salınmasının qərara alınması, Agentliyin dövlət büdcəsindən maliyyələşdiyi, hər hansı əlavə gəlir mənbələrinin hələ ki, mövcud olmadığını nəzərə alaraq mövqeyinin anlayışla qarşılanacağına ümid qeyd olunmuşdur. İddiaçının cavabdehə 06.01.2021-ci il tarixli 12 nömrəli məktubunda 10.12.2020-ci il tarixli **********0 nömrəli məktubda qeyd olunan müqavilənin 22-ci bəndinə istinad edilərək, müqavilənin ləğvinə səbəb olacaq halın olmadığı bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 01.03.2021-ci il tarixli ********** nömrəli məktubda qeyd olunmuşdur ki, agentliyin maliyyələşməsi hələ ki, yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirildiyi üçün məhduddur və maliyyə imkanları 24.11.2020-ci il tarixli tender müqaviləsinin predmeti olan əlillik altsisteminin təkmilləşdirilməsi xidmətinin satın alınmasını qeyri-mümkün edir. 07 dekabr 2020-ci il tarixli 667 nömrəli məktubda göstərilən səbəblərə görə müqavilə üzrə öhdəliklərin icrasına başlanılması və müqavilənin maliyyə məsələlərinə görə icrasının qeyri-mümkün olmasının qarşı tərəfə bildirilməsi nəzərə alınaraq mövqeyinin anlayışla qarşılanması və müqavilənin ləğvinə razılıq verməli olması qeyd olunmuş, müqavilənin ləğvinə razılığı 3 iş günü ərzində bildirilməsi xahiş olunmuş, əks halda müqavilənin ləğv edilməsi üçün zəruri tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin: 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir; 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir; 1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər; 5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, kreditlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07.09.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.06.2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış “Əlillik altsistemi”nin (TSERAS) təkmilləşdirilməsi xidməti üzrə satınalma müqaviləsi” adlı podrat müqaviləsindən irəli gəlmişdir. Müqavilə 24.11.2020-ci il tarixdə bağlansa da, cavabdeh qısa müddət sonra, yəni 04.12.2020-ci il tarixdə iddiaçıya məktubla müraciət edərək, satınalma müqaviləsinin icrası ilə bağlı ödəmənin aparılmasının dövlət büdcəsindən ayrılmış vəsaitin icrasında yaranmış problemlər səbəbindən mümkünsüz hala gəldiyini bildirmiş və Müqavilənin ləğvini təklif edərək, 5 gün müddətdə təklifə münasibət bildirilməsini xahiş etmişdir. Həmin məktubla razılaşmayan cavabdeh 9 gün ərzində öhdəliklərin icrasına başlandığı halda bu cür yanaşmanın qəbuledilməz olduğunu bildirmiş, iddiaçı yeni məktubla satınalma müqaviləsinin ləğvi barədə mövqelərinin ciddi olduğunu, Agentliyin maliyyələşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinin məhdud olmasını, həmin vəsaitin Agentliyin aparatının, tabeliyində olan qurumların təchizatı ilə bağlı yalnız ən zəruri malların satın alınmasına imkan verdiyini və bütün maliyyə imkanlarının ətraflı şəkildə təhlil etdikdən sonra müqavilənin qeyri-müəyyən müddətə təxirə salınmasının qərara alındığını, Agentliyin dövlət büdcəsindən maliyyələşdiyini, hər hansı əlavə gəlir mənbələrinin hələ ki, mövcud olmadığını bildirmişdir. Cavabdehin dəlilləri ilə razılaşmayan iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi, cavabdeh isə müqavilənin ləğvi tələbləri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Bu kontekstdə, mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 759.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, Mülki Məcəllə sifarişçinin işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə biləcəyini təsbit edir. Cavabdeh də bu hüququndan istifadə edərək, iddiaçıya müqaviləni ləğvini təklif etmiş, təklifi rədd edildiyi üçün eyni tələblə iddia qaldırmışdır. Bu mənada, cavabdehin qarşılıqlı iddia tələbi, 759.1-ci maddənin birinci cümləsinin dispozisiya şərtləri ilə üst-üstə düşdüyünə görə, əsaslıdır. İlk iddianın zərər tələbi isə sübuta yetirilmir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası bildirir ki, ilk iddia tələbinin əsaslı sayılması üçün: 1) podratçı (iddiaçı) işi tam və ya qismən yerinə yetirdiyi üçün gördüyü işlərin qarşılığında ona haqq ödənilməlidir; və, 2) müqavilənin ləğvi ilə ona zərər vurulmuşdur və bu zərərin əvəzi ödənilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunmur. Belə ki, cavabdehin müqavilədən açıq imtinasını ifadə etdiyi 04.12.2020-ci il tarixdən əvvəlki dövrə dair iddiaçının 30.11.2020-ci il tarixli məktubunda və həmin tarixdən sonrakı 07.12.2020-ci il tarixli birinci məktubunda iddiaçı heç bir görülmüş işlərdən bəhs etməmişdir. Bu müddət ərzində iddiaçının hər hansı iş gördüyü fərz olunsa, o halda bununla bağlı mötəbər sübutlar təqdim olunmalı idi ki, bu da baş verməmişdir. Belə ki, iddiaçının bu məqsədlə Məhkəməyə təqdim etdiyi bütün sənədlər, o cümlədən 24.11.2020-ci il tarixli satınalma müqaviləsinin icrasına cəlb edilmiş işçilərlə bağlı xərclərə aid 18.06.2021-ci il tarixli sənəd, çəkdiyi xərclər haqqında 19.06.2021-ci il tarixli arayış, 127,81 manat və 52,82 manata avadanlıq alınması barədə 01.12.2020-ci il və 04.12.2020-ci il tarixli hesab-fakturalar, EBAT 302677 nömrəli 01.12.2020-ci il tarixli və EBAT 455616 nömrəli 04.12.2020-ci il tarixli elektron qaimələr, 397,14 manat məbləğdə malların alınmasına aid 24.11.2020-ci il tarixli hesab-faktura və təhvil-təslim aktı, 19.06.2021-ci il tarixli maddi zərər barədə akt, bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada, cavabdehin iştirakı olmadan tərtib olunduğu, digərləri rəsmi sənəd mahiyyətində olmadığı, rəsmi sənədlərin, o sıradan elektron qaimələrin isə işlə bağlılığı təsdiqini tapmadığı üçün, inandırıcılıq əhəmiyyətinə malik deyillər. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2101/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1139/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1139/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver