Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1140/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, ilk iddia üzrə iddiaçı «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-602/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 76178 ABŞ dolları əsas, 5000 ABŞ dolları zərər olmaqla, ümumilikdə 81178 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4, İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkəti 11.04.2018-ci il tarixdən inşaat sahəsində havalandırma (soyutma və isitmə) sistemlərinin satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “X4, İnşaat, Sanayi ve Ticaret” AŞ 2019-cu ildə Cavabdeh MMC-yə ümumi dəyəri 327178 ABŞ dolları məbləğində olan məhsullar göndərmişdir. Cavabdeh həmin məbləğdən 251.000 ABŞ dolları ödəmiş və bu günə 76178 ABŞ dolları borcu qalmışdır. Hazırda Cavabdeh MMC-nin “X4, İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkətinə 76178 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsələr də o, hər dəfə müxtəlif bəhanələr gətirməklə iddiaçıya olan 76178 ABŞ dolları borcunu ödəməmişdir. Tərəflərindən cavabdehə 76178 ABŞ dolları borcunun ödənilməsinə dair müraciətləri 11.11.2020-ci il tarixdə cavabdehin rəsmi ünvanına göndərilmiş, lakin cavabdeh tərəf hansısa səbəbdən məktubun qəbulundan imtina etmişdir. Hazırda Cavabdeh MMC-dən 76178 ABŞ dolları pulu başqa qaydada ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Eyni zamanda Cavabdeh MMC «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-dən 38802 ABŞ dolları məbləğində pulun, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi yardım haqqının və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının “X4, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixli saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “X4, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti “Alıcı” Cavabdehnə ümumi dəyəri 600.000 ABŞ dolları olan malı verməyi, “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş malların dəyərini “Satıcı”nın bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 1.2ci bəndinə əsasən hər hansı bir təchiz ediləcək malın (iş və ya xidmətin) adı, miqdarı və qiymətinin müqaviləyə “Əlavə” X1 göstərilməsi nəzərdə tutulmuşdur. Alqı-satqı müqaviləsinin 01.03.2019-cu il tarixli 1 və 2 saylı Əlavələrinə əsasən “Satıcı” yerində təhvil verilməsi şərtilə 05.03.2019-cu il tarixli, A seriyalı, 048267 saylı faktura ilə 157.000 ABŞ dolları; 05.03.2019-cu il tarixli, A seriyalı, 048268 saylı faktura ilə 139000 ABŞ dolları; 23.05.2019-cu il tarixli, A seriyalı, 048273, 48274 və 48275 saylı fakturalarla 31178 ABŞ dolları, cəmi 3 faktura ilə 327178 ABŞ dolları məbləğində müxtəlif adlı avadanlıqları “Alıcı”ya təhvil verilməsi şərti ilə Cavabdeh MMC-nin ünvanına göndərmiş və həmin məbləğdə dəyəri olan mallar “X4, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti tərəfindən gömrük orqanlarından keçirildikdən sonra Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Mallar gömrük orqanlarından keçirilərkən “X4, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən çəkilməli olan gömrük xərcləri, idxal vergisi və sair xərclər, cəmi 195466 (yüz doxsan beş min dörd yüz altmış altı) manat (ƏDV-114664,44 manat, idxal gömrük rüsumu – 79192,07 manat, sair gömük yığımları - 1610 manat) məbləğində pul “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-nin 12.09.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh MMC tərəfindən gömrük və vergi orqanlarına ödənilmişdir. Bundan sonra 19.03.2019- cu il tarixli, 01 №-li Köçürmə Sifarişi ilə 30000 (otuz min) ABŞ dolları; 10.04.2019-cu il tarixli №-li Köçürmə Sifarişi ilə 153000 (yüz əlli üç min) ABŞ dolları; 08.05.2019-cu il tarixli 03 №-li Köçürmə Sifarişi ilə 68000 (altmış səkkiz min) ABŞ dolları olmaqla, 3 dəfəyə 251000 (iki yüz əlli bir min) ABŞdolları da “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-nin Türkiyə Cümhuriyəti “Vakıfbank”ın “Altınoluk Şöbe”sindəki hesabına köçürülmüşdür. Bununla da, çəkilmiş xərclərlə birlikdə “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 365980 (üç yüz altmış beş min doqquz yüz səksən) ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin “Satıcı” “X4, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən 327178 (üç yüz iyirmi yeddi min bir yüz yetmiş səkkiz) ABŞ dolları dəyərində malı göndərdikdən sonra, yerdə qalan 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları dəyərində olan malı göndərməmişdir. Bununla bağlı “Satıcı” “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 22.07.2019- cu il tarixli, 38 saylı xəbərdarlıq məktubu göndərilmiş və ondan işlərin görülməsi tələb edilmişdir. Lakin xəbərdarlığa baxmayaraq, “Satıcı” yerdə qalan malı göndərməmişdir. Buna görə də, Cavabdeh MMC “X4, İnşaat, Sanayi və Ticaret” AŞyə 06.05.2020-ci il tarixli, 19 saylı Pretenziya məktubu göndərərək, borclu qaldığı 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları məbləğində pulu pretenziya məktubunu aldığı gündən 15 bank günü ərzində Cavabdeh MMC-nin hesabına qaytarmasını tələb etmişlər. Lakin cavabdeh pretenziya məktubunda qeyd edilən tələbləri yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-602/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdehndən 76178 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 28 manat məbləğində pulun “X4 İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, iş materialında olan sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə Cavabdeh MMC-nin iddiasının əsasını təşkil edən, “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-nə məxsus Elektron ünvan 1 e-mail adresindən Cavabdeh MMC-nə məElektron ünvan 2 email adresinə gələn, X4, İnşaat, Sanayi və Ticaret” AŞ-nin Baş direktoru Salih Kadayifçinin imzası və AŞ-nin möhürü ilə təsdiq edilən 12.09.2019-cu il tarixli məktubu kserosurət hesab edərək, sübut kimi qəbul etməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən, yəni pretenziya məktublarından göründüyü kimi, Cavabdeh MMC “X4, İnşaat, Sanayi və Ticaret” AŞ-nə 06.05.2020-ci il tarixli pretenziya məktubu göndərmiş və 38.802 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etmişdir. X4, İnşaat, Sanayi və Ticaret” AŞ isə bundan 6 ay sonra, yəni 11.11.2020-ci il tarixdə “Xəzər İnşaat E MMC-nə pretenziya məktubu göndərərək, 76.178 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etmişdir. İlk iddia üzrə Cavabdeh nümayəndələri məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçı «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin nümayəndəsi Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-602/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator tərəfindən qətnamənin tam ləğv edilməsi barədə tələb irəli sürülsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, ilk iddianın rədd edildiyi hissədə qətnamə mübahisələndirilmir. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 01 mart 2019-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə satılacaq malın adı, miqdarı və qiymətinin müqaviləyə əlavələrlə müəyyən olunacağı qeyd edilmişdir. Müqavilə üzrə 01.03.2019-cu il tarixdə və 23.03.019-cu il tarixdə 2 əlavə imzalanmış, əlavələrdə satılacaq məhsulların qiymətinin 327178 ABŞ dolları (296000+31178 ABŞ dolları) olduğu qeyd edilmişdir. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 327178 ABŞ dolları dəyərində mal göndərilmiş, cavabdeh malları qəbul etmiş, iddiaçıya müqavilə üzrə 251.000 ABŞ dolları ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər arasında müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilməzsə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq İqtisad Məhkəməsində iddia qaldırmaq yolu ilə həll olunacaqdır. Hər iki tərəf irəli sürdükləri iddia tələbləri ilə bağlı bir-birlərinə pretenziya məktubu ilə müraciət etmişlər. Təhvil alınmış mallara görə ilk iddia üzrə iddiaçıya 76178 ABŞ dolları qalıq borcun ödənildiyi Cavabdeh tərəfindən sübut edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 567-ci, 598.1-ci, 442-ci, 448.1-ci maddələrinə istinad edərək ilk iddianı əsas borc hissəsində təmin etmişdir. Cavabdeh iddiaya etirazının, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, malların gömrük rəsmiləşdirilməsi zamanı alıcı tərəfindən ödənilmiş 114664 manat ƏDV, 79192,07 qəpik idxal gömrük rüsumu, 1610 manat sair gömrük yığımı olmaqla cəmi 195466 manat (114980 ABŞ dolları) nəzərə alınarsa ilk iddia üzrə iddiaçıya cəmi 365980 ABŞ dolları ödənilmiş olur. Belə olan halda, iddiaçı ödənilmiş vəsaitin müqabilində 38802 ABŞ dolları dəyərində malı göndərməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, alıcı tərəfindən Türkiyə Respublikasından malların Azərbaycan Respublikasına idxal edilməsi üçün gömrük rüsumu, ödənilmiş ƏDV və digər xərclər müqavilə üzrə satıcıya ödənilməli olan məbləğdən çıxıla bilməz. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində və əlavələrdə malların razılaşdırılmış qiymətinə ƏDV də daxil olduğu və malların idxalı ilə bağlı gömrük xərclərinin satıcı tərəfindən həyata keçirilməli olduğu qeyd edilmədiyindən alıcı tərəf həmin xərclərin satıcıya ödənilməli olan vəsaitdən çıxılmasını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 597.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın qiymətini şərtləndirən göstəricilərdən (maya dəyəri, məsrəflər və i.a) asılı olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməsi üsulu müəyyənləşdirilmədikdə, qiymət müqavilənin bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, alqı-satqı müqaviləsində qiymət müəyyənləşdirilibsə həmin qiymətin xərclər və məsrəflərdən asılı olaraq dəyişdirilməsinə (azaldılmasına və ya artırılmasına) yalnız müqavilədə nəzərdə tutulduğu halda yol verilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, ilk iddia üzrə iddiaçı tərəfindən elektron poçt vasitəsi ilə göndərilmiş məktublarla bağlı məhkəmə qeyd edir ki, həmin məktubların əsli olmadığından, iddiaçının səlahiyyətli şəxsi tərəfindən göndərildiyi barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilmədiyindən və ümumiyyətlə, həmin məktublarda ilk iddia üzrə iddiaçının tapşırığı ilə çəkildiyi iddia edilən xərclərin 01 mart 2019-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə münasibətlərə aid olduğu və bu müqavilə üzrə ödənilməli olan vəsaitdən çıxılmalı olduğu konkret olaraq qeyd edilmədiyindən həmin məktublar qarşılıqlı iddianın təmin edilməsi və ilk iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş 12.03.2019-ci tarixli məktubda Tərtər Olimpiya kompleksi ilə əlaqədar gələn “klima və təsisat” mallarının gömrük, vergi, ƏDV və daşınma xərclərinin ödənildikdən sonra «X4, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin hesabından çıxılması xahiş olunur. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə və əlavələrdə idxal ediləcək malların məhz Tərtər Olimpiya kompleksi layihəsi əlaqədar idxal edildiyi nəzərdə tutulmadığından Cavabdeh dəlilləri əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin əsaslı olduğu təsdiq olunmadığından təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-602/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-602/2021 saylı 25.06.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1140/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1140/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver