Məhkəmə qərarları › İş №2-2(103)-1143/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1143/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1143/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4459/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 422756,60 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5 faiz məbləğində əldə çıxmış faydanın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, cavabdehin "xxxx" açıq səhmdar cəmiyyətində olan kod: 505141, Hesab: AZ82NABZ******************** S.W.İ.F.T BİK: PAHAAZ22XXX hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli e-2-2(113)-4459/2021 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətində olan kod: 505141, Hesab: AZ82NABZ******************** S.W.İ.F.T BİK: PAHAAZ22XXX hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 422756,60 manat həddində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, həmin ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bu baxımdan kollegiya qeyd edir ki, fəaliyyətdə olan hüquqi şəxsin bank hesabı üzərinə həbsin qoyulması bilavasitə onun iqtisadi fəaliyyətinə mənfi təsir edən və maliyyə vəsaitlərindən bilavasitə istehsalatda istifadəsini qeyri-mümkün edən tədbirdir. Ona görə də, bu tədbirin seçilməsi zamanı bütün amillər və mütənasiblik nəzərə alınmalıdır. Cavabdeh "xxxx" MMC isə sərnişin daşınması ilə məşğul olan şirkətdir və məlum məsələdir ki, onun iqtisadi fəaliyyəti birbaşa bank hesablarında olan pul vəsaitlərindən asılıdır və bu növdə iddianın təmin tədbirinin seçilməsi ona böyük məbləğlərdə zərər vurulmasına gətirib çıxarda bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və mütənasib hesab edilə bilməz. Eyni zamanda, cavabdehə məxsus bilavasitə istehsalatda iştirak etməyən əmlakların üzərinə həbs qoyulmaqla iddianın təmin edilməsi imkanı da itirilməmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4459/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş cavabdeh "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan kod: 505141, Hesab: AZ82NABZ******************** S.W.İ.F.T BİK: PAHAAZ22XXX hesabına həbs qoyulması barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar