Məhkəmə qərarları › İş №2-2(103)-1147/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1147/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1147/2024 20.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7939/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 7159,65 manat məbləğində pulun və ödənilmiş 92 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7939/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7939/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət etmişdir. Ancaq texniki səbəbdən həmin sənədin elektron məhkəmə sisteminə göndərilməsi təmin edilməmişdir. Hazırda elektron kargüzarlıq vasitəsilə sözügedən sənədin göndərilməsini təsdiq edən rəsmi sənəd şikayətə əlavə edilir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldığından məhkəmənin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7939/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi

7. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

8. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7939/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edildikdən sonra iddiaçıya verilmiş prosessual hüquqlar kimi qərardadı qanunsuz və ya əsassız hesab etdikdə, (1) qərardaddan şikayət verilməsi və (2) qərardadla razılaşıb, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək təsbit edilmişdir.

10. Hazırkı halda isə iddiaçı qərardadla razılışıb nöqsanı aradan qaldırmış, lakin qərardaddan şikayət vermişdir. Halbuki nöqsanların aradan qaldırılması nöqsanları müəyyən edən qərardaddan şikayət verilməsi və ya qərardadın ləğvi üçün deyil, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək üçün əsasdır.

11. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə təsbit edilmiş iddia və kəsici müddətlərin axımının qiymətləndirilməsində nöqsansız qaydada təqdim edilən və icraata götürülmüş iddia ərizəsinin verilmə anı mühüm əhəmiyyətə malikdir. Lakin nöqsanlı iddia ərizəsinin verildiyi və məhkəmə tərəfindən qaytarıldığı halda, iddiaçı tərəfindən həmin nöqsanların aradan qaldırılıb nöqsanları aradan qaldıran qərardaddan şikayət verməsi və belə şikayətlər əsasında məhkəmə qərardadlarının ləğv edilib iddia ərizəsinin icraata götürülmüş hesab edilməsi praktikasının formalaşdırılması faktiki olaraq iddia və kəsici müddətlərə münasibətdə cavabdehin müdafiə hüquqlarına qanunçuluğun tələblərinə zidd müdaxilə yaratmış olar. Bu mənada kommersiya mübahisələri üzrə iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verildiyi və iddia ərizəsi qaytarılarkən istənilən an yenidən iddia ərizəsinin verilməsi imkanı da nəzərə alındığında ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipləri də hazırkı qaydada qərardadın ləğvinə əsas vermir.

12. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7939/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar