Məhkəmə qərarları › İş №2-2(103)-1148/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1148/2025

16.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1148/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, mütənasiblik prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Maraqlı şəxs1 xx.xx.1979-cu il il təvəllüdlüdür, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi ev 46 ünvanında qeydiyyatdadır.

2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs2 (VÖEN: **********) vergi ödəyicisi qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxs1dur.

3. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs2 MMC-nin xx.xx.2025-ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna 12 280,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 12 716,89 manat, dövlət büdcəsinə 46 685,77 manat, işsizlikdən sığorta fonduna 3441,02 manat olmaqla, ümumilikdə 75 124,34 manat borcu yaranmışdır.

4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs2 MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli **********538100 saylı, xx.xx.2025-ci il tarixli **********537400 saylı, xx.xx.2025-ci il tarixli **********279300 saylı, xx.xx.2025-ci il tarixli **********539800 saylı bildirişlərdə, ümumilikdə 75 124,34 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

5. Maraqlı şəxs2 MMC tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixdə 13 413,51 manat, DSMF İri Sığortaedənlərlə iş üzrə İdarəsinə xx.xx.2025-ci il tarixdə 22 724,49 manat, 20 853 manat və 16 559,33 manat, xx.xx.2025-ci il tarixdə 16 526,56 manat məbləğində, ƏDV üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2025-ci il tarixdə 9107,19 manat, xx.xx.2025-ci il tarixdə 7200 manat, xx.xx.2025-ci il tarixdə 1710 manat, xx.xx.2025-ci il tarixdə 7000 manat, mənfəət vergisi üzrə xx.xx.2025-ci il tarixdə 2950 manat məbləğində ödənişlər həyata keçirilmişdir.

6. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Maraqlı şəxs2 MMC-nin xx.xx.2025-ci il tarixli qərar və xx.xx.2025-ci il tarixli protokol əsasında sosial sığorta üzrə 2248,26 manat, xx.xx.2025-ci il tarixli qərar və xx.xx.2025-ci il tarixli protokol əsasında vergilər üzrə 35 635,06 manat borcu ödənilməmişdir.

7. Maraqlı şəxs2 MMC tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2025-ci il tarixdə 2250 manat ödəniş həyata keçirilmişdir.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs2nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 MMC-nin xx.xx.2025-ci il tarixinə yaranmış 68 741,07 manat vergi borcunun ödənilməsinin təmin olunması üçün 80 000 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Maraqlı şəxs2 MMC-nin xx.xx.2025-ci il tarixinə şəxsi hesab vərəqə üzrə ümumilikdə 196 149,23 manat, o cümlədən vergilər və faiz üzrə 174 653,37 manat, sosial sığorta və faiz üzrə 15 478,81 manat, işsizlikdən sığorta və faiz üzrə 4109,57 manat, icbari tibbi sığorta və faiz üzrə 1907,48 manat ödənilməmiş borcu vardır. Maraqlı şəxs2 MMC-nin xx.xx.2025ci il tarixə 2022-2024-cü illər üzrə kameral münasibət bildirilmiş mənfəət vergi bəyannamələri üzrə hesablamaya bağlı aktiv uyğunsuzluğu mövcuddur.

10. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən xx.xx.2025-ci il tarixə Maraqlı şəxs2 MMC tərəfindən 2022-2024-cü illər üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsi üzrə aparılan kameral vergi yoxlaması bitməmişdir.

11. Maraqlı şəxs2 MMC-nin xx.xx.2026-cı il tarixində çap olunmuş "xxxx"ndə göstərilmişdir ki, MMC-nin 73 176,29 manat vergi borcu azaldılmışdır və çap tarixinə cəmi ödənilməli olan borcu 93 757,55 manatdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixinə yaranmış dövlət büdcəsinə olan ümumilikdə 46 685,77 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 12 716,89 manat, İşsizlikdən sığorta fonduna olan 3441,02 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12 280,66 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs1 barəsində (doğulduğu tarix - xx xxxxxxxx 1979-cu il, doğulduğu yer - AZƏRBAYCAN, BAKİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə vergi ödəyicisi olan Maraqlı şəxs2 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12 280,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 12 716,89 manat, dövlət büdcəsinə 46 685,77 manat məbləğində (o cümlədən, vergilər üzrə 23 581,45 manat, faizlər üzrə 23 024,32 manat, maliyyə sanksiyası üzrə 80 manat), İşsizlikdən sığorta fonduna 3441,02 manat olmaqla, ümumilikdə 75 124,34 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********538100, xx.xx.2025-ci il tarixli **********537400, xx.xx.2025-ci il tarixli **********279300, xx.xx.2025-ci il tarixli **********539800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ünvan 1 ünvanında yaşayır.

14. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, maraqlı şəxs isə ərizənin təmin olunmasına etiraz edərək bildirmişdir ki, ümumilikdə 40 000 manat ödəniş etmiş, vergi orqanı ilə danışdıqda ardıcıllıqla borcun silinəcəyini demişlər. Sonuncu 110 000 manat azalma təsdiqdədir, 19 000 manat ƏDV ödənilmişdir. Sərəncam olduğundan kart vasitəsi ilə ödəniş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin 22 avqust 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi məhkəməyə müraciət etdikdən sonra borclu Maraqlı şəxs2 MMC tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borc üzrə əsaslı ödənişlər həyata keçirilmişdir, belə olan halda maraqlı şəxsin hərəkət azadlığı hüququnu məhdudlaşdırılması Avropa Məhkəməsinin qərarlarında (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) qeyd olunan mütənasiblik meyarına cavab vermir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına, Avropa Konvensiyasının 4 saylı Protokoluna istinadla əsaslandırmışdır.

18. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu, vergi borcunun bir hissəsinin ödənilmiş olmasının vergi ödəyicisini məsuliyyətdən azad etmədiyini, vergi ödəyicisinin ərizə üzrə 5664,42 manat borcunun qaldığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

20. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmiş, maraqlı şəxs və onun nümayəndəsi (vəkili) isə borcun böyük hissəsinin ödənildiyini və borc üzrə azalmaların təsdiqdə olduğunu, maraqlı şəxsin səhhətindəki problemlər səbəbilə ölkədən getməsinə zərurət yarandığını qeyd edərək şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

22. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

23. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

24. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.

25. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

26. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

27. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

28. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

29. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

30. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

40. Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

41. Eyni zamanda VM-dən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.

42. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır - lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

43. “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 26 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

44. Bununla bağlı Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərarı).

45. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

46. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 119).

47. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

48. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

49. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

50. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir:

- borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

51. Hazırki işdə ərizəçinin məhkəməyə müraciət etməsinə Maraqlı şəxs2 MMC-nin xx.xx.2025-ci il tarixinə İcbari Tibbi Sığorta Fonduna 12 280,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 12 716,89 manat, dövlət büdcəsinə 46 685,77 manat, işsizlikdən sığorta fonduna 3441,02 manat olmaqla ümumilikdə 75 124,34 manat borcunun yaranması əsas təşkil etmiş, məhkəmə isə ərizəni təmin etmədiyi zaman, ərizəçinin məhkəməyə müraciət etməsindən sonra Maraqlı şəxs2 MMC tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borc üzrə əsaslı ödənişlər həyata keçirildiyinə əsaslanmışdır.

52. Halbuki işin hallarından görünür ki, Maraqlı şəxs2 MMC tərəfindən ödənişlər olunsa da, xx.xx.2025-ci il tarixində onun sosial sığorta üzrə 2248,26 manat, vergilər üzrə 35 635,06 manat borcu qalmış (§ 5,6), xx.xx.2025-ci il tarixində isə ümumilikdə 196 149,23 manat, o cümlədən vergilər və faiz üzrə 174 653,37 manat, sosial sığorta və faiz üzrə 15 478,81 manat, işsizlikdən sığorta və faiz üzrə 4109,57 manat, icbari tibbi sığorta və faiz üzrə 1907,48 manat ödənilməmiş borcu yaranmışdır (§ 9).

53. Maraqlı şəxsin nümayəndəsi (vəkili) borcun 60 000 manat hissəsinin azalma kimi təsdiqləndiyini bildirsə də, kollegiya hesab edir ki, hətta həmin hal doğrudursa belə, göstərilən məbləğ azaldıldıqdan sonra da MMC-nin külli miqdarda borcu qalacaqdır.

54. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 23) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

55. Kollegiya həmçinin vurğulayır ki, mövcud borcun əsas hissəsinin ərizəçinin məhkəməyə müraciət etməsindən sonra yaranması, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hüquqi qiymətləndirilməsinə təsir etmir - çünki VM-in 23.1.15-3-cü maddəsi məsuliyyəti borcun yaranma vaxtı ilə deyil, borcun mövcudluğu və ödənilməməsi faktı ilə əlaqələndirir.

56. Buna görə də kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, ərizə təmin olunmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6244/2025 saylı iş üzrə 22 avqust 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmin edilsin. xx xxxxxxxx 1979-cu il tarixdə ünvan 2 ünvanında pasport qeydiyyatında olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx) Maraqlı şəxs1 Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən Maraqlı şəxs1 tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar