Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-115/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3983/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi ödəyicisi olan “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Bakı Ağacemalı Zavodu” (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 30 iyun 2022-ci il tarixə ümumilikdə 12145,04 manat borcu yaranmışdır. Borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3983/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Rəisinin xx.xx.2011-ci il tarixli, 44 nömrəli əmrinə əsasən X3 rəisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) işdən azad edilmiş, müəssisə isə ləğv edilmişdir. Həmin müəssisə ilə Maraqlı şəxs 11 ildir əlaqəsi olmadığından vergi orqanlarının Maraqlı şəxs üzərinə belə bir öhdəlik qoyula bilməz. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin vergi orqanı müəssisənin ləğv olunmasından 5 il yox, 11 il keçdikdən sonra qeyri-müəyyən addımlar atmışdır, Maraqlı şəxs ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. Halbuki, vergi orqanı məhkəməyə müraciət edəndə artıq həmin müəssisə mövcud deyildi və ən əsası isə Maraqlı şəxs həmin müəsisənin rəhbəri vəzifəsindən 11 il əvvəl azad edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.
18. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
19. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.
20. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il, 111 nömrəli “Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin tabeliyində olan X5, Təsərrüfat Hesablı Tikinti Yol Təmir Sahəsi, Təmir- Tikinti İşləri Rəisinin İdarəsi, Bakı rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi, Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi müəssisələrinin ləğv edilməsi ilə əlaqədar komissiyasının yaradılması haqqında” əmrinin 1-ci bəndinə əsasən Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin tabeliyində olan bəzi müəssisələrin uzun müddət ərzində fəaliyyət göstərmədiyini və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tədbiqiylə əlaqədar olaraq Silahlı Qüvvələrin ehtiyacları üçün satınalmaların müsabiqə əsasında həyata keçirildiyini nəzərə alaraq, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin tabeliyində olan X5, Təsərrüfat Hesablı Tikinti Yol Təmir Sahəsi, Təmir-Tikinti İşləri Rəisinin İdarəsi, Bakı rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi, Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi ləğv edilmişdir.
21. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin rəisinin xx.xx.2010-cu il tarixli, 69 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il, 111 nömrəli “Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin tabeliyində olan X5, Təsərrüfat Hesablı Tikinti Yol Təmir Sahəsi, Təmir- Tikinti İşləri Rəisinin İdarəsi, Bakı rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi, Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi müəssisələrinin ləğv edilməsi ilə əlaqədar komissiyasının yaradılması haqqında” əmrinin icrasını təmin etmək məqsədi ilə komissiya yaradılmışdır.
22. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Rəisinin xx.xx.2011-ci il tarixli, 44 nömrəli əmrinə əsasən Maraqlı şəxs X3 rəisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) işdən azad edilmişdir.
23. Göründüyü kimi ərizəçi tərəfindən məhkəməyə təqdim edilən hüquqi şəxs haqqında məlumat və şəxsi hesab vərəqəsində “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Bakı Ağacemalı Zavodu”nun rəhbəri kimi Maraqlı şəxs adı görünsə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, həmin müəssisə artıq ləğv edilmiş və Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Rəisinin xx.xx.2011-ci il tarixli, 44 nömrəli əmrinə əsasən X3 rəisi vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) işdən azad edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3983/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn