Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1151/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: sığorta müqaviləsi, sığorta hadisəsi, pul tələbi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1526/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 prospektində 0.06014 ha torpaq sahəsinsə yerləşən 86b nömrəli binanın yarımzirzəmisi, 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardında 2536.8 kv.m ümumi, 2194.2 kv.m əsas, 342.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus “Riva” mehmanxanasında yanğın baş vermiş, nəticədə mehmanxananın çardağı qismən yanaraq yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 86B ünvanında yerləşən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 3500 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtləri əsas götürülərək azadolma məbləği hesablanmış zərər məbləğindən çıxılaraq 3300 manat məbləğində sığorta ödənişi hesablanmışdır.
4. Daşınmaz Əmlakın İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak 200 manat azadolma məbləği müəyyən edilməklə, 53518 manat məbləğində sığorta edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 10/8429 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bübyadov prospekti 86B ünvanında yerləşən “Riva” mehmanxanasına tikinti üzrə dəymiş maddi ziyan 24140 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mehmanxanada 06 dekabr 2022-ci il tarixində saat 14 radələrində baş vermiş yanğın nəticəsində mehmanxanaya vurulmuş 37800 manat məbləğində ziyanın və 204 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mehmanxanada 06 dekabr 2022-ci il tarixində saat 14 radələrində yangın baş vermiş və nəticədə mehmanxananın çardağı və çardağın alt hissəsində yerləşən iş otağı, yataq otaqları, yeməkxana, mətbəx yanaraq yararsız hala düşmüşdür. Nəticədə mehmanxananın çardağına, iş otağına, yataq otağına, yeməkxanaya və orada olan əşyalara ciddi ziyan dəyməklə (mənə) 37800 (otuz yeddimin səkkiz yüz) manat ziyan dəymişdir. Qeyd edir ki, BB 652629 seriyalı Şəhadətnamə ilə onun mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mehmanxana Azsığorta ASC-ti tərəfindən sığortalanmışdır. İş üzrə araşdırma aparılmış və Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük tətqiqatçı mayor Rüfət Nuruyev tərəfindən 24 fevral 2022-ci il tarixlicinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. BB 652629 seriyalı Şəhadətnamə ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektiev 86 b ünvanda yerləşən mehmanxanası cavabdeh tərəfindən sığortalanmasına baxmayaraq ona dəymiş ziyan ödənilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1526/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 23940 manat məbləğində pul, 150 manat dövlət rüsumu, ümumilikdə 24090 (iyirmi dörd min doxsan) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 54 (əlli dörd) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində iddiaçıya məxsus sığortalanmış obyektdə yanğın baş vermişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 7 ünvanda yerləşən iddiaçıya məxsus “Riva” mehmanxanasına tikinti üzrə dəymiş maddi ziyan 24140 manat təşkil edir.
10. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 883.1, 922.1, 922.2, 922.3, 926.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1526/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia ərizəsinin 3300 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Amid Əliyevin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatı daxil olmuşdur. Məlumatda ekspertiza aparılmasından imtinanın əsası kimi obyektdə yanğın hadisəsindən sonra təmir-bərpa işlərinin aparılması və buna görə də tikililərin hansı hissələrinin yanğına məruz qalmasının müəyyən edilməməsi göstərilmişdir. Belə olduğu halda məhkəmə iş materiallarında mövcud olmayan sənədə - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor Nuruyev Rüfət Babaş oğlunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8429 saylı rəyinə əsaslanmaqla iş üzrə yekun nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə heç bir əsas olmadan yuxarıda qeyd edilən qərarda istinad edilən rəyə tərəfimizdən Azərbaycan Respublikası Mülki Məcəlləsi 914.1 və 914.2-ci maddələrinə müvafiq qaydada verilmiş qiymətləndirmə hesabatına münasibətdə üstünlük verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsi heç bir sübutun (hazırkı halda, ümumiyyətlə, işdə olmayan sübutun) məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını göstərir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübutlar siyahısına aid edilir. Azərbaycan Respublikası MPM-in 101-ci maddəsinin məzmunundan müəyyən edilir ki, mülki prosesdə yalnız məhkəmənin təyin etdiyi ekspertiza əsasında verilmiş rəy ekspert rəyi hesab edilir. Bununla yanaşı Azərbaycan Respublikası MPM-in 101-1-ci maddəsi işdə iştirak edən şəxslərin özlərinin təşəbbüsü əsasında ekspertiza idarəsi ilə müqavilə əsasında ekspert rəyini almaq və sübut kimi məhkəməyə təqdim etmək imkanını təsbit edir. Göründüyü kimi mülki prosessual qanunvericilikdə təhqiqat və ibtidai istintaq orqanları tərəfindən aparılmış araşdırma nəticəsində alınmış ekspert rəyinin sübut kimi qəbul edilməsi imkanı təsbit edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsi qətnamə çıxarılarkən məhkəmə iclasında tədqiq edilməmiş sübutlarla qətnamənin əsaslandırılmasını qadağan edir. Lakin məhkəmə göstərilən halları nəzərə almamaqla işdə mövcud olmayan və qanunvericilikdə sübut kimi qiymətləndirilməsi müəyyən edilməmiş rəyə istinad etməklə göstərilən hüquq normalarının tələblərini pozmuşdur. Hesab edirik ki, sadaladığımız əsaslar birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halın- ünvan 1 ünvanda yerləşən mehmanxanaya xx.xx.2022-ci il tarixli yanğın hadisəsi nəticəsində 24140 manat məbləğində maddi ziyan dəyməsi halının sübut edilmədiyini göstərir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradəifadəsidir. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən qismən, yəni maddi ziyanın 20 640 manat hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1526/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B ünvanında yerləşən otel binası 53 518 manat məbləğində sığorta edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində iddiaçıya məxsus sığortalanmış obyektdə yanğın baş vermişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 7 ünvanda yerləşən iddiaçıya məxsus “Riva” mehmanxanasına tikinti üzrə dəymiş maddi ziyan 24140 manat təşkil edir. Qeyd olunan məbləğdə ya daha az məbləğdə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi iş materialları ilə təsdiq edilmir. Cavabdehin həm birinci instansiyada, həm də apellyasiya instansiyasında mövqeyi və dəlili yalnız ziyanın məbləği ilə bağlıdır. Ona görə də araşdırma yalnız ziyanın məbləğinə münasibətdə aparılmışdır.
20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində istinad edilən dəymiş zərər barədə hesabat adlandırılan 1 səhifədən ibarət olan sənəd hazırkı iş üzrə mötəbər sübut hesab edilə bilməz. Sübut kifayət qədər aydın, şübhədən kənar və kifayət qədər müəyyənliyi özündə əks etdirən olmalıdır. Lakin qeyd olunan sənədə nəzər yetirdikdə bu əlamətlərin mövcudluğu müşahidə edilmir. Belə ki, həmin hesabat cinayət məsuliyyətinin olması barədə xəbərdarlıq edilmiş və bu barədə iltizama imza etmiş ekspert tərəfindən imzalanmamışdır. Hesabat ümumiyyətlə heç bir faktiki və statistik sənədlərə və məlumatlara əsaslanmamış, səthi formada məlumatların qeyd edildiyi bir kağız daşıyıcıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin bilə-bilə yalnış rəy verməsi halında cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş səlahiyyətli ekspertinin kifayət qədər əsaslandırılmış şəkildə verdiyi rəylə bir səhifədən ibarət olan heç bir əsaslandırılma aparılmayan hansı subyekt tərəfindən verilməsi qeyri-müəyyən olan hesabatı müqayisəli təhlil edərkən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1526/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.