Məhkəmə qərarları › İş №2-2(103)-1153/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1153/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1153/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3513/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulmasına görə Cavabdehndən 5276,96 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.08.2021-ci il tarixli e-2-2(113)-3513/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 30 yanvar 2020-ci il tarixli 38 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə göstərilən malları alıcıya verməyi, alıcı da həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və 5276,96 manat məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə bağlandığı tam məlum olmayan iddiaçı şirkətin adı müqavilədə Türklər LTD MMC olaraq qeyd olunur, lakin müqaviləni bağlamaq üçün vurulan möhürdə Türkər LTD MMC yazılıb. Müqavilədə tərəf olaraq, X3 fiziki şəxs kimi qeyd olunub. Bu iki fakt müqavilənin ləğv olunmasına əsas verir. Digər tərəfdən, iddia ərizəsinə qoşulan “Qarşılıqlı üzləşmə” Aktında onu imzalayan şəxslərin kimliyi yazılmayıb. Bu qəbildən olan sənədlərdə şirkət rəhbərinin və baş mühasibin imzası olmalıdır, lakin həmin şəxslər aktı imzalamamışlar. Ona görə də, şirkət rəhbərinin imzası olmayan qarşılıqlı üzləşmə aktı etibarsızdır. İddia ərizəsinə heç “Təhvil-təslim” aktı da əlavə olunmayıb. Əslində, müqavilənin 2.1-ci bəndinə əsasən mallar təhvil veriləndə bu akt tərtib olunmalı və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, bunun əsasında ödəniş olunmalı idi. Həmin bənddə qeyd olunub ki, ödənişin aparılması üçün “Təhvil-təslim” aktı ilə yanaşı “Hesab-faktura” da alıcıya təqdim olunmalıdır. Müqavilənin 2.2-ci bəndində isə qeyd olunub ki, ödənişlər “Satıcı”nın təqdim edəcəyi ödəniş sənədlərinə əsasən köçürmə şəklində aparılır. Bu sənədlərin heç biri “Satıcı” tərəfindən “Alıcı”ya təqdim olunmayıb, eləcə də, mövcud olmadığından, iddia ərizəsinə qoşulmayıb. Malın təhvil verildiyini sübut edən sənəd olmadığı halda onun üçün ödəniş tələb etmək müqavilə şərtlərinə ziddir. Müqavilənin 4.1-ci bəndinə görə mal o vaxt “Alıcı”ya təhvil verilmiş sayılır ki, “Təhvil-təslim” aktı tərtib edilmiş olsun. Müqavilənin 4.4cü bəndində qeyd olunub ki, tərəflər malların təhvil verildiyini təsdiqləmək üçün “Təhvil təslim” aktı ilə yanaşı “Qaimə” sənədlərini də imzalamalıdırlar. Bu sənəd də mövcud olmadığından, iddia ərizəsinə əlavə olunmayıb. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan 10 mart 2020-ci il tarixli, seriya EBAH, 457853 saylı, 20 aprel 2020-ci il tarixli, seriya EBAİ, 940841 saylı, 21 may 2020-ci il tarixli, seriya EBAK, 191677 saylı elektron qaimələrdən də görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 15994,08 manat (ƏDV daxil) dəyərində mallar verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bundan başqa iş materiallarında olan 05.10.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçınə borcu 5276,96 manat təşkil edir. Aktın doğruluğu hər iki tərəfin imzaları və cümlədən möhürləri ilə təsdiq edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 567-ci maddəsinə əsasən satılmış malların ödənilməyən dəyəri olan 5276,96 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və iddia tam əsaslıdır. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, cavabdeh qarşılıqlı üzləşmə aktında alıcı Cavabdeh MMC-nin adından olan imzanın həqiqiliyini, yəni onların səlahiyyətli olmayan şəxslər tərəfindən imzalandığına istinad edir. Lakin həmin aktda olan möhür əksinin cavabdeh MMC-yə məxsus olduğunu etiraf edir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin aktda möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı işdə də iddiaçı tərəfindən təqdim olunmuş üzləşmə aktında olan möhür əksinin mötəbərliyi hər hansı mübahisə predmeti deyildir. Cavabdeh də həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan üzləşmə aktında olan möhür əksinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin sənəddəki imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənəd imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi sənəddə göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış sənədləri qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq sənədi, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, üzləşmə aktı Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlənmişdir. Cavabdehin digər dəlilləri isə formal mülahizələrə əsaslanır və mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3513/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar