Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1154/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2324/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Kreditor MMC cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu 1284,86 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-2(113)-2324/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 1266,84 manat məbləğində pulun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaitinin Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Borclu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 17 avqust 2010-cu il tarixli müqavilədəki imza onun tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində ("xxxx" ASC ilə bağlanmış 17 avqust 2010-cu il tarixli müqaviləyə münasibətdə) yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" ASC, Kreditor MMC və Borclu (müəssisə) arasında bağlanmış 17 avqust 2010-cu il tarixli müqaviləyə əsasən bank kartla aparılmış əməliyyatların məbləğini müqavilənin 3.1 və 3.4-cü bəndində göstərilən komisyon haqqını çıxdıqdan sonra müəssisənin müvafiq bank hesabına köçürməyi, müəssisə də müqavilə ilə müəyyən edilən bankın və Kreditorın komisyon, pos-terminaldan istifadə və xidmət haqlarını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun əsas borcu 1284,86 manat təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və bildirmişdir ki, o, "xxxx" ASC ilə ümumiyyətlə müqavilə bağlamayıb və onun qarşısında heç bir öhdəliyi yoxdur. "xxxx" ASC ilə bağlanılan 23 oktyabr 2014-cü il tarixli müqavilədə olan imza ona məxsus deyil və onun imzasına oxşadılıb. Həmçinin ona məxsus obyektdə "xxxx" ASC tərəfindən quraşdırılan POS-Terminal olmayıb. Obyektdə yalnız "xxxx" ASC tərəfindən quraşdırılan POS-Terminal olub. Apellyasiya şikayətində isə cavabdeh qeyd etmişdir ki, "xxxx" ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 17 avqust 2010-cu il tarixli müqavilədəki imza ona aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında xidmət müqaviləsi bağlanıb, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əssən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilədə də bu maddəyə uyğun müəyyən edilmişdir ki, bank kartla aparılmış əməliyyatların məbləğini komisyon haqqını çıxdıqdan sonra müəssisənin müvafiq bank hesabına köçürməyi, sahibkar da müqavilə ilə müəyyən edilən bankın və Kreditorın komisyon, pos-terminaldan istifadə və xidmət haqlarını ödəməyi öz öhdəsinə götürmüşdür. Bu əsasla iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində ona məxsus obyektdə yalnız "xxxx" ASC tərəfindən quraşdırılan POS-Terminal olduğunu bildirmiş, yəni "xxxx" ASC ilə müqavilə bağladığını etiraf etmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməyən 1266,84 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki cavabdeh həmin məbləğdə xidmət haqqının ödənildiyini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Çünki o, birinci instansiya məhkəməsində həmin müqavilənin bağlandığını etiraf etmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2324/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1154/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1154/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver