Məhkəmə qərarları › İş №2-2(103)-1157/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1157/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1157/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üzləşmə aktının etibarsız hesab edilməsi və borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab edilməsi, üzləşmə aktında pul borcu kimi qeyd edilmiş 64530 manat məbləğinin faktiki və hüquqi baxımdan mövcud olmaması müəyyən edilməklə həmin məbləğin silinməsi öhdəliyinin cavabdeh "xxxx"MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması 27.10.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən 22 oktyabr 2020-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı "xxxx" MMC-yə 64530 manat məbləğində borclu olduğunu, 57 soyuducunun və bir ədəd **-JP-*** dövlət nömrə nişanlı “Mercedes-Benz” avtomobilin istifadəsində olduğunu etiraf etmişdir. Aktın doğruluğu "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə, şirkətin nümayəndələri İddiaçı, Elşad Əhmədov və Mahir Mədətov imzaları ilə (o cümlədən “Rich S.A“MMC-nin möhürü ilə) təsdiq etmişlər. İşə baxmış birinci instansiya məhkəmə qətnamədə əqdlərin etibarsızlıq əsasları ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddələrinə, barışıq razılaşması haqqında müqavilə ilə bağlı 881-ci maddəsinə, borcun etirafı barədə mücərrəd müqavilə ilə bağlı 882-ci maddələrinə istinad etsə də, bu normaların hazırkı mübahisəyə hansı əsasla tətbiq edilməli olduğunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 22 oktyabr 2020-ci il tarixli üzləşmə aktı müqavilə (əqd) olmadığından birinci instansiya məhkəməsi qeyd edilən normaların tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə münasibətində olan tərəflər arasında müəyyən tarixə olan borcun məbləği ilə bağlı tərtib edilmiş üzləşmə aktları hər hansı mülki hüquq münasibəti yaratmır, tərəflər arasında mövcud olan hüquq münasibətini dəyişmir və xitam etmir. Borc məbləği ilə bağlı tərtib edilmiş üzləşmə aktı özlüyündə borclu üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, kreditor həmin üzləşmə aktı ilə təsdiq edilmiş borcun tutulmasını məhkəmə qaydasında tələb etdiyi halda həmin akta kreditorun sübutlarından biri kimi istinad olunması mümkündür. Buna görə də, məhkəmə hesab edir ki, üzləşmə aktlarının etibarsızlığı ilə bağlı iddialara məhkəmədə baxıla bilməz. Bundan əlavə işə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 64530 manat borcla bağlı cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla qorunan hüquq və azadlıqlar, eləcə də maraqlar pozulduğu halda yaranır. Hazırkı halda iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, silinməsi tələb olunan borc cavabdehdən hal-hazıradək tələb edilməsə də, gələcəkdə həmin borcla bağlı tələb irəli sürüləcəyi ehtimal edildiyi üçün bu iddia qaldırılmışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçı gələcəkdə hüququnun pozulacağını ehtimal edərək preventiv, yəni qabaqlayıcı tələb irəli sürür. Hal-hazırda cavabdeh tərəfindən mübahisələndirilən borcla bağlı kreditorun tələbi mövcud olmadığından, yəni hüquq pozuntusu müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2098/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar