Məhkəmə qərarları › İş №2-2(103)-1159/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1159/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1159/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2191/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi, 06.03.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 88 kv.m ümumi sahəsi, 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla 13109 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunacaq məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq qalan məbləğin Cavabdeh2 oğlna qaytarılması, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən 88kv.m ümumi sahəsi 136.65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılması, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan hissədə borcun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli e-2-2(113)-2191/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 (on üç min yüz doqquz) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı MMC-yə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni tələbin ipoteka predmetinə yönəldilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv olunmalı və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4 və 36.4.1-ci maddələrinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz Həmin Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Hazırki işdən isə görünür ki, iddia ərizəsində tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyulsa da, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan müddəalarına əməl edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi də qeyd olunan halları müəyyən etmiş, lakin prosedur qaydalara əməl edilməməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki həmin prosedur qaydalar mahiyyət etibarı ilə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydalarına aiddir və iddiaçı həmin qaydaya riayət etmək imkanını itirməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 387.2.8 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2191/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.06.2021-ci il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka predmetinə yönəldilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Tofiq Səmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar