Məhkəmə qərarları › İş №2-2(103)-116/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-116/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-116/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2621/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış MAS-3756 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 309,42 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu olmaqla cəmi 1111,11 manat; MAS-3757 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 310,36 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu, 1040 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər olmaqla cəmi 2152,05 manat; MAS-3758 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 iyun 2022-ci il tarixə 525,13 manat gecikdirilmiş əsas, 310,86 manat gecikdirilmiş mükafat, 276,56 manat dəbbə pulu olmaqla cəmi 1112,55 manat; MAS- 3838 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyun 2022-ci il tarixə 555,83 manat gecikdirilmiş əsas, 345,82 manat gecikdirilmiş mükafat, 288,11 manat dəbbə pulu olmaqla cəmi 1189,76 manat, bütün müqavilələr üzrə isə ümumilikdə 5565,47 manat borcun və 100 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3756 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3756 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 20 may 2022-ci il tarixdə 440 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3757 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1040 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən MAS-3757 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 421 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3758 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418,06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3758 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 418 manat məbləğində olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14750 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə isə 19335 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19335 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən MAS-3838 saylı müqavilə üzrə lizinq şirkətinə sonuncu ödəniş 26 aprel 2022-ci il tarixdə 475 manat məbləğində olmuşdur.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2621/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixlie-2-2(113)-2621/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqavilələri Mülki Məcəllənin 390-cı maddəsinə uğun şəkildə, həmin Məcəlləyə zidd olmayan azad surətdə tərəflərin iradə ifadəsi ilə bağlanmışdır. Cababdeh müqavilələrin Mülki Məcəlləyə uyğunsuzluğu, hər hansı bəndin etibarsız hesab edilməsi ilə bağlı heç bir iddia qaldırmamış, məhkəmə prosesində müqavilələrin şərtləri ilə bağlı etiraz irəli sürməmişdir. Həmçinin Məhkəmə mövcud qətnamədə də müqavilələrin hər hansı bir bəndinin Mülki Məcəllə ilə ziddiyət təşkil etdiyini qeyd etməmişdir. Bununla da, müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi tam sübuta yetirilmişdir. Bu hal işin mübahizəsiz halıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqavilələrinin 1.3-cü bəndinə nəzər yetirməmiş və cavabdeh tərəfindən hər müqaviləyə görə ödənilmiş 3100 manat məbləğində lizinq ödənişini avans ödənişi kimi qiymətləndirmişdir. Halbuki, “Daxili lizinq” müqavilələrinin 1.3-cü bəndində qeyd edilmişdir ki, Lizinq alan müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. “Daxili lizinq” müqavilələrinə 3 saylı Əlavəyə (ödəniş cədvəli) nəzər saldıqda müəyyən etmək olur ki, müqavilə üzrə ümumi əsas məbləğ, ümumi mükafat məbləği, ödənilmiş 3100 manat lizinq ödənişinin əsas məbləğdən çıxılması və qalıq məbləğin cədvəl üzrə bölgüsü öz əksini tapmışdır. Hesab edirik ki, Məhkəmənin ödənilmiş 3100 manat məbləğində pulun avans kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, “Daxili lizinq” müqavilələrinin 1.3-cü bəndində qeyd edilmişdir ki, Lizinq alan müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Əgər məhkəmənin hesab etdiyi kimi cavabdeh tərəfindən ödənilmiş 3100 manat məbləğində pul vəsaiti avans, yəni əmlakı əldə etmək üçün ödənilmiş olsaydı, bu hal “Daxili lizinq” müqavilələrində öz əksini tapmış olardı. “Daxili lizinq” müqavilələrindən və müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərindən də göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş 3100 manat məbləğində pul avans yox lizinq ödənişidir. Həmçinin birinci instansiya məhkəməsi mübahisə yaranacağı halda qarşılıqlı hesablaşma zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilmədiyini qeyd etməklədə yanlış nəticəyə gəlmişdir. Həmin hissəyə münasibətdə qeyd etmək istəyirik ki, “Daxili lizinq” müqavilələrinin 9.2 və 10.5-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz, lizinq alan tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və/və ya müqavilə üzrə lizinq alanın digər ödənişləri heç bir halda geri qaytarılmır. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında mübahisə yaranacağı təqdirdə ödənişlərlə bağlı şərt nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qətnamənin 32-ci bəndində qeyd etmişdir ki, qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafeylərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu ürzə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Cavabdeh tərəfindən avans kimi ödəniyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəlarına ziddir. Məhkəmə həmin hissədə də yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 748-1.8, 748.1.9 və 748-1.12-ci maddələrinin müddəalarını nəzərə almamışdır. Həmin maddələrin tələləblərinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə qaytarmaqla yanaşı gecikdirilmiş lizinq ödənişlərini də lizinq verənə ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən hər müqaviləyə görə ödənilmiş 3100 manat məbləğində lizinq ödənişlərinin səbəbini ətraflı araşdırmadan yekun nəticəyə gəlmişdir. Lizinq alan müqavilə üzrə 3100 manat məbləğində lizinq ödənişini həyata keçirməmiş olsaydı, o zaman onun müqavilə üzrə ödəyəcəyi mükafat məbləği daha çox təşkil edəcəkdir. Misal üçün: MAS-5756 saylı “Daxili lizinq” müqaviləsinin əsas məbləği 13900 manat təşkil etmişdir. Lizinq alan tərəfindən ödənilmiş 3100 manat lizinq ödənişi“Daxili lizinq” müqaviləsinin əsas məbləğindən çıxılmış və qalıq məbləğə mükafat hesablanmışdır. Yekunda MAS-5756 saylı “Daxili lizinq” müqaviləsi üzrə ödəniləcək mükafat məbləği 4251 manat təşkil etmişdir. Lakin, Məhkəmənin avans ödənişi kimi qeyd etdiyi 3100 manat lizinq ödənişi ödənilməmiş olsaydı və 13900 manat məbləğindən 3100 manat çıxılmadan cədvəl tərtib edilsəydi, bu zaman lizinq alanın ödəyəcəyi mükafat məbləği 5456 manat təşkil edəcəkdir. Göründüyü kimi, lizinq alanın hər müqavilə üzrə 3100 manat məbləğində lizinq ödənişi ödəməkdə məqsədi daha az mükafat məbləğinin ödənilməsi olmuşdur. Məhkəmə isə iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən faktı araşdırmamış və tamamilə başqa nəticələrə gəlmişdir. Məhkəmə cavabdehin həyata keçirdiyi ödənişi lizinq ödənişləri yox, avans kimi qiymətləndirmiş, həmin ödənişləri hər bir müqavilə üzrə iddia tələbindəki borclardan çıxmaqla sonda yalnış nəticəyə gəlmişdir. Qeyd olunanlardan göründüyü kimi, Bakı Kommersiya Məhkəməsi öz qətnaməsini konkret sübutları əsas götürməklə və müvafiq hüquq normalarına istinad etməklə deyil, işə baxılması üçün hüquqi əhəmiyyəti olmayan hallar, ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhi olmadan həmin məhkəmənin əvəzinə şərh verərək lizinq ödənişini avans kimi qiymətləndirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

11. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

14. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

15. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

16. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

17. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

18. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə (748-1.12.1); lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə (748- 1.12.2); lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə (748-1.12.3); lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4).

19. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

20. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

27. Hazırkı işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3756 saylı, MAS-3757 saylı, MAS-3758 saylı və 01 iyun 2021-ci il tarixli MAS-3838 saylı daxili lizinq müqavilələrinə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş və sifariş edilən müqavilələrin 1 saylı əlavəsində göstərilən “Khazar LX” minik markalı müxtəlif nəqliyyat vasitələrinin muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh isə müqavilələrlə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən 20 may 2021-ci il tarixli müqavilələrin əsas məbləğini 13900 manat, 01 iyun 2021-ci il tarixli müqavilənin isə əsas məbləğini 14750 manat təşkil etməklə cavabdeh hər bir müqavilə üzrə onun imzalandığı gün 3100 manat lizinq ödənişini ödəməyi, ödənilmiş 3100 manat çıxıldıqdan sonra 20 may 2021-ci il tarixli və 01 iyun 2021-ci il tarixli müqavilələrə əsasən yerdə qalan məbləğə 36 ay müddətinə illik 23 % həcmində mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür.

28. Tərəflər MAS-3756, MAS-3757, MAS-3758 və MAS-3838 saylı daxili lizinq müqavilələri ilə (3 və 4-cü bəndlər) razılaşdırmışlar ki, iddiaçı (lizinq verən) hər hansı bir vaxt lizinq obyektini və ondan istifadə şərtlərini yoxlamaq və həmçinin bu məqsədlə cavabdehin ərazisinə, bina və tikililərinə maneəsiz daxil olmaq və baxış keçirmək, cavabdeh tərəfindən lizinq obyektinin təmir işlərinin və ya texniki baxışın həyata keçirilmədiyi halda, keçirilməsini tələb etmək kimi hüquqlara, alqı-satqı müqaviləsinə əsasən, lizinq obyektinin qiymətini satıcıya ödəmək kimi vəzifələrə, cavabdeh (lizinq alan) isə lizinq müqaviləsi ilə nəzərdə tutulan şərtlərə riayət edərək, lizinq obyektindən sahiblik və istifadə etmək, lizinq müqaviləsi üzrə hüquq və vəzifələri üçüncü şəxslərə vermək, iddiaçının əvvəlcədən yazılı razılığı əsasında lizinq obyektini sublizinqə və kirayəyə vermək, lizinq obyektini əvəzsiz istifadəyə vermək kimi hüquqlara, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək, lizinq obyektini öz vəsaiti hesabına lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq kimi vəzifələrə malikdir.

29. Həmçinin tərəflər öhdəliklərin icra olunmaması barədə (müqavilələrin 7.2-ci bəndi və müqavilələrə 3 saylı əlavələrlə) razılaşmışdırlar ki, gecikdirilən lizinq ödənişi məbləğinə (ödənilməyən məbləğə) gündəlik 0,3 % dəbbə pulu hesablanır və cavabdeh tərəfindən iddiaçıya ödənilir.

30. MAS-3756 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022- ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 309,42 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1111,11 manat təşkil edir.

31. MAS-3757 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022- ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 310,36 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1112,05 manat təşkil edir. Eyni zamanda xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, avtomobilə dəyən zərər 1040 manat təşkil edir.

32. MAS-3758 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 21 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 21 iyun 2022- ci il tarixə cavabdehin iddiaçıya olan borcu 525,13 manat əsas borc, 310,86 manat mükafat borcu, 276,56 manat cərimə olmaqla ümumilikdə 1112,55 manat təşkil edir.

33. MAS-3838 saylı daxili lizinq müqaviləsi üzrə 2021-ci il buraxılışı “Khazar LX” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş (müqaviləyə 2 saylı əlavə), 08 iyun 2022-ci il tarixdə iddiaçının duracağına yerləşdirilmişdir. İddiaçının təqdim etdiyi hesabdan çıxarış və 31 mart 2023-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, qeyd edilən lizinq müqaviləsi üzrə 08 iyun 2022- ci il tarixə cavabdehin iddiaçıya olan borcu 555,83 manat əsas borc, 345,82 manat mükafat borcu, 288,11 manat cərimə olmaqla ümumilikdə 1189,76 manat təşkil edir.

34. İş materiallarından görünür ki, cavabdeh tərəfindən lizinq obyektləri olan 4 avtomobilə görə ayrı-ayrılıqda 3100 manat ödəniş edilmişdir.

35. Lakin iddiaçı həmin ödənişləri nəzərə almamışdır.

36. Kollegiya qeyd edir ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə avansın ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində avans ödənişin müəyyən olunması istisna edilmir.

37. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəymiş zərərin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki, onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.

38. Odur ki, lizinq obyekti olan nəqliyyat vasitələrinin iddiaçıya geri qaytarıldığından avans məbləği hər bir müqavilə üzrə zərər də daxil olmaqla ümumi borcdan çıxılmalıdır.

39. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MAS-3756 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1111,11 manat, MAS-3757 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1112,05 manat və avtomobilə dəyən zərərin əvəzi olaraq 1040 manat, MAS-3758 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1112,55 manat və MAS-3838 saylı daxili lizinq müqaviləsi üzrə tələb edilən 1189,76 manat borc həmin müqavilələr üzrə ayrı-ayrılıqda ödənilmiş 3100 manatla tam əhatə olunduğundan iddia tələbi təmin edilə bilməz.

40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2621/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar