Məhkəmə qərarları › İş №2-2(103)-116/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-116/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-116/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3674/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC (“Sifarişçi”) ilə Cavabdeh MMC (“təchizatçı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin:

2. 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq, Təchizatçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən və Sifarişçi tərəfindən rəsmiləşdirilən ayrı-ayrı Sifariş Tapşırıqlarında (bundan sonra, “Əlavə” adlandırılacaqdır) bütün xarakteristikası, kəmiyyət göstəriciləri qeyd edilən mallarla (bundan sonra, “mallar” adlandırılacaqdır) və/və ya Xidmətlərlə (bundan sonra, “xidmətlər” adlandırılacaqdır) Sifarişçini razılaşdırılmış müddətdə təmin etməyi, sifarişçi isə həmin Malları və/və ya Xidmətləri çatdırıldıqdan və icra edildikdən sonra təhvil alıb dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə təchizatçıya ödəməyi öhdəsinə götürür.

3. 2.2-ci bəndinə əsasən malların və xidmətlərin dəyəri, çatdırılma və icra şərtləri, xarakteristikası bu Müqavilənin ayrılmaz tərkib hissəsi və əlavəsi hesab edilən Sifariş Tapşırığında qeyd olunur.

4. 3.1-ci bəndinə əsasən Malların Sifarişçiyə çatdırılması Sifariş Tapşırığında müəyyənləşdirilən qaydada Təchizatçı tərəfindən həyata keçirilir. Malların çatdırıldıqdan sonra quraşdırılması, texniki xidmətin göstərilməsi və s. xidmətlər də Sifarişçinin müvafiq sifarişi olduqda Sifariş Tapşırığında qeyd edilən qaydada Təchizatçı tərəfindən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

5. xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən imzalanmış FC00-001339 saylı,xx.xx.2023-cü il tarixli alış sifarişindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 116458,68 manat (ƏDV daxil) məbləğində mal sifariş verilmişdir.Alış sifarişi hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən) Cavabdeh MMC-nin hesabına 39477,52 manat məbləğində 40% avans ödənişi köçürülmüşdür.

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (xx.xx.2023-cü il tarixli FC-xx.xx.2023 nömrəli nömrəli alqı-satqı müqaviləsinə əsasən) Cavabdeh MMC-nin hesabına 39477,52 manat məbləğində 40% avans ödənişi köçürülmüşdür.

8. Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 001 saylı məktubunda təsdiq etmişdir ki, iddiaçı tərəfindən cavabdehə iki dəfə avans ödənişinin köçürülmüş, lakin hesablarında sərəncam olduğu üçün iddiaçının ödənişini vaxtında geri göndərə bilmədiklərini və əlavə ödəniş 1 həftə gec ödəndiyi üçün iddiaçının ƏDV ödənişi daxil olan zaman sərəncama silinmişdir. Həmin məktubda ödənişlərin 20 gün ərzində yerinə yetiriləcəyi iddiaçıya bildirilmişdir.

9. Malların təhvil-qəbul aktlarına əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-yə 02 sentyabr 2024-cü il tarixində 1924 manat,17 noyabr 2023-cü il tarixində 6490 manat,07 noyabr 2023-cü il tarixində 950,49 manat,xx.xx.2023-cü il tarixində 5536,56 manat,xx.xx.2023-cü il tarixində 2170,80 manat,09 dekabr 2023-cü il tarixində 3271,20 manat,12 dekabr 2023-cü il tarixində 4036,80 manat,14 dekabr 2023-cü il tarixində 7586,40 manat,22 dekabr 2023-cü il tarixində 5002,40 manat 29 dekabr 2023-cü il tarixində 3270,80 manat,19 fevral 2024-cü il tarixində 2191,80 manat,02 sentyabr 2024-cü il tarixində 7586,40 manat,06 noyabr 2023-cü il tarixində 375,06 manat dəyərində mallar təhvil verilmişdir. Akt İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən 19477,52 manat artıq ödənilmiş vəsaitin, 5,514.20 manat çatdırılmamış mala görə vəsaitin, cəmi 24991,72 manat pulun və dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, FCxx.xx.2023 saylı malların, işlərin və xidmətlərin alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə və xx.xx.2023-cü il tarixli Sifarişə əsasən Cavabdeh cəmi 116,458,68 (ƏDV daxil) manat məbləğində müxtəlif növ palet və poddonların təchiz edilməsi razılaşdırılmışdır. Müqavilə üzrə avans məbləği kimi cavabdehə 27 oktyabr 2023-cü il tarixində 39 477,52 manat ödənilmişdir (ödəniş tapşırığı əlavə edilir) (ƏDV xaric). Daha sonra məbləğ təkrarən ƏDV daxil olmaqla ödənilmiş (ödəniş tapşırığı əlavə edilir) və ilkin ödənilən məbləğin geri qaytarılması razılaşdırılmışdır, lakin ilkin ödənilmiş məbləğ tərəfinizdən 19 477,52 manat az geri qaytarılmışdır. Bundan əlavə Cavabdeh 5,514.20 manat məbləğində malı çatdırmamışdır. Malın uyğunsuzluğuna dair cavabdehlə aparılmış danışıqlar nəticə verməmişdir. Cavabdehlə xx.xx.2023-cü il tarixli görüş zamanı ödəməli olduğu 19 477,52 AZN məbləğin ən gec xx.xx.2023-cü il tarixədək ödəyəcəyini və malları təchiz edəcəyini vəd etmişdi. Bundan sonra tərəflər arasında olan e-mail yazımalarına, telefon danışıqları vasitəsilə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq ilkin ödəniş tarixindən bügunə qədər bir neçə aydan artıq müddət keçmiş lakin məbləğ geri qaytarılmamışdır. Malların qalan hissəsi təchiz edilməmişdir. Qarşı tərəfə borcun ödənilməsi üçün 08 noyabr 2024-cü il tarixdə sifarişli bildirişli poçtla pretenziya göndərilmiş lakin borc indiyə qədər ödənillməmişdir. Qarşı tərəflə hər-hansı formada əlaqə yaratmaq olmur.

13. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən 19477,52 manat artıq ödənilmiş vəsaitin, 2871,49 manat çatdırılmamış mala görə vəsaitin, cəmi 22349 manat pulun və dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3674/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdeh "xxxx" MMC -dən 19477,52 (on doqquz min dörd yüz yetmiş yeddi manat əlli iki qəpik) manat artıq ödənilmiş vəsait, 2871,49 (iki min səkkiz yüz yetmiş bir manat qırx doqquz qəpik) manat borc , cəmi 22349 (iyirmi iki min üç yüz qırx doqquz) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 157 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin direktoru G.Zeynalzadə məhkəmənin hazırlıq iclasında fasiləsiz audio video aparılan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini artıq ödənilmiş 19477,52 manat pul vəsaiti hissəsində tam qəbul etmiş, iddia tələbini digər hissədə, iddiaçı ilə arasındakı müqavilə münasibətləri nəticəsi olaraq tərəfindən malların çatdırılmadığını etiraf etmiş, lakin məbləğlə bağlı razı olmadığını bildirmişdir, yəni həmin hissədə iddanı qismən qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əsassız varlandığından, 19477,52 manat pul tələbi hissəsində idda tam etiraf olunduğundan iddia həmin hissədə tam təmin edilməlidir. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra müqavilə üzrə ödənişləri cavabdehin hesabına köçürmüşdür. İddiaçının həmin ödənişləri cavabdehə təqdim etməsi iş materiallarında olan ödəniş tapşırığında təsdiq edilir. Lakin cavabdeh tərəfindən müaviləyə əsasən 2871,49 manat məbləğində malları iddiaçıya çatdırmamaqla müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia həmin hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 2871,49 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

16. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385, 386, 443.1, 445, 448, 567, 1091,1092-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3674/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavadeh Cavabdeh MMC ilə iddiaçı arasında mövcud müqavilə münasibətlərinin davam etdirilməsi, ödənilməsi nəzərdə tutulan məbləğin təhvil verilməsi nəzərdə tutulan mallar üzrə ödəniş kimi qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin İddiaçının pul tələbi irəli sürüldüyü müddət ərzində bir sıra borc öhdəlikləri mövcud idi. Cavabdeh tərəfə İddiaçı tərəfindən bank hesabından müvafiq ödənişlərin edildiyi zaman kəsiyində dövlət büdcəsinə ödəməli olduğu müvafiq sosial sığorta, icbarı sığorta və işsizlik üzrə sığorta üzrə müəyyən məbləğdə borc öhdəlikləri mövcud idi. Borc öhdəliklərinin icrası üçün Cavabdeh tərəfin bütün bank hesablarına icra edilməsi üçün dövlət orqanları tərəfindən sərəncam qoyulmuş və bunun nəticəsində ödəniş öhdəlikləri ilə bağlı ilkin növbədə dövlət büdcəsinə edilməli olan ödənişlərin icra edilməsi bank tərəfindən həyata keçirilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi bu halı nəzərə almamış, lazımi şəkildə qiymət verməmişdir. İddiaçı tərəf müvafiq malların satın alınması üzrə malların təhviltəslimindən öncə malların dəyəri olaraq müəyyən bir hissəsini avans olaraq ödədiyini qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 116, 458, 68 ( ƏDV daxil) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan məbləğdən belə bir mülahizəyə gəlmək mümkündür ki, əvvəlcədən ödənilmiş avans məbləği sonradan geri tələb olunması nəzərdə tutulmayıb. Cavabdeh tərəf olaraq belə qənaətə gəlinmişdir ki, gələcəkdə təqdim olunacaq mallar üzrə edilən avans ödənişidir. Sonradan İddiaçı tərəflə telefon danışıqları, yazışmalar zamanı ödənilən məbləğin geri tələb edildiyini və tələb üzrə ödənişin geri qaytarılacağını bəyan etdik. Lakin İddiaçı tərəf müvafiq məbləğin geri qaytarılması üçün daha uzun vaxt təqdim etməmiş, habelə gələcəkdə yeni malların qəbul edilməyəciyini yaxud müqaviləyə birbaşa olaraq xitam verdiyini bəyan etməmişdir. Cavabdeh tərəf olaraq təqdim olunan mallar üzrə (təhvil-təslim aktları təqdim edilib) müqavilənin icrasına davam ediləcəyi qənaətinə gəlmiş, bu səbəbdən də artıq ödənilmiş vəsaitin daha tez bir zamanda ödənilməsi olduğunu zənn etməmişik. Belə ki, müvafiq yazışmalar yaxud telefon danışıqlarının heç birində müqaviləyə xitam verildiyinə dair bəyanat olunmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3674/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə üzrə ödənişləri cavabdehin hesabına köçürmüşdür. İddiaçının həmin ödənişləri cavabdehə təqdim etməsi iş materiallarında olan ödəniş tapşırıqları ilə təsdiq edilir. Lakin cavabdeh tərəfindən müqaviləyə əsasən 2871,49 manat məbləğində malları iddiaçıya çatdırmamaqla müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bundan əlavə, cavabdeh MMC-nin direktoru G.Zeynalzadə birinci instansiya məhkəməsində hazırlıq iclasında fasiləsiz audio video aparılan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini artıq ödənilmiş 19477,52 manat pul vəsaiti hissəsində tam qəbul etmiş, iddia tələbini digər hissədə, iddiaçı ilə arasındakı müqavilə münasibətləri nəticəsi olaraq tərəfindən malların çatdırılmadığını etiraf etmiş, lakin məbləğlə bağlı razı olmadığını bildirmişdir, yəni həmin hissədə iddanı qismən qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının (məhrum olanın) hesabına əsassız varlandığından, 19477,52 manat pul tələbi hissəsində iddia tam etiraf olunduğundan iddia həmin hissədə tam təmin edilməlidir. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Apellyasiya şikayəti konkret dəlillərlə əsaslandırılmamış, formal mülahizələrə əsaslandığı üçün kollegiya qətnamənin ləğvi üçün əsas müəyyən etmir. İddia tələbinin hüquqi və faktiki əsası birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq onu qeyd edir ki, MM-nin 425.1-ci maddəsinin tələbinə əsasən müqavilə tərəfləri öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə birgə hərəkət etməlidirlər. Əqd mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlmiş birtərəfli və çoxtərəfli iradə ifadəsidir, cavabdeh müqavilədə öz imzasını və möhürünü qeyd etməklə iradə ifadəsini açıq-aşkar bəyan etmiş, iş materiallarında cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin yarandığı müəyyən edilir. Həmçinin, iş materiallarında iddiaçı tərəfindən cavabdehə heç bir hüquqi və müqavilə əsası olmadan artıq ödənilmiş vəsaitin olduğu müəyyən edilir, cavabdeh həmin hissədə iddianı etiraf etmiş, həmin ödənişi gələcəkdə təhvil veriləcək malların dəyəri kimi qeyd edilməsini bildirir. Kollegiya bu dəlil ilə razılaşmır, belə ki, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki dövriyyə subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığıdır, şəxs müqavilə bağlamağa və ya müqavilə münasibətlərini davam etdirməyə məcbur edilə bilməz. İş materiallarından hər iki tərəfin mövcud müqavilə münasibətlərini davam etdirmədiyi müəyyən edilir. İddiaçı tərəfindən artıq ödənilmiş pulun mövcud olmayan digər öhdəliyin əvəzi kimi dəyərləndirmək müqavilə və öhdəliklərin xarakerinə ziddir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3674/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar